Səfir

Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dr. Nərgiz Qurbanova

Dr. Nərgiz Qurbanova 2016-cı il 12 yanvar tarixində Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir və 2016-cı il 24 fevral tarixində öz etimadnaməsini Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Rosen Plevnelievə təqdim etmişdir.

Təyinatdan öncə səfir N.Qurbanova Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsinin rəisi vəzifəsində çalışmış və Azərbaycanın iqtisadi gündəliyinin xaricdə təşviqi, regional və qlobal iqtisadi təşkikatlarla tərəfdaşlıq, Avropa İttifaqı ilə əməkdaşlıq, eləcə də ikitərəfli iqtisadi əlaqələrin və regional iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələləri ilə məşğul olmuşdur. N.Qurbanova həmçinin şerpa müavini qismində Türkiyənin sədrliyi çərçivəsində Azərbaycanın ilk dəfə olaraq G20 Sammitinin işində qonaq qismində iştirakına töhfə vermişdir.

N.Qurbanova 2001-ci ildən Xarici İşlər Nazirliyində çalışır və 2001-2010-cu illərdə İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsində müxtəlif vəzifələr tutmuşdur.

N.Qurbanova həmçinin 2004-2007-ci illərdə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinə və 2010-2013-cü illərdə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinə (müşavir, müvəqqəti işlər vəkili  və səfirinin müavini olaraq) ezam olunmuşdur.

O, 2009-cu ildə Vyana Universitetindən (Avstriya) fəlsəfə elmləri doktoru dərəcəsini almışdır. O, Bakı Dövlət Universitetinin (Azərbaycan) Beynəlxalq münasibətlər ixtisasi üzrə bakalavr və magistr dərəcələri (1997), Qərb Universitetinin (Azərbaycan) Beynəlxalq menecment üzrə magistr dərəcəsinin (1999) sahibidir. N.Qurbanova həmçinin Yönşöpinq Beynəlxalq Biznes Məktəbinin (İsveç Krallığı) Beynəlxalq biznes fakültəsində (2000) və Nitsa Universitetinin (Fransa) Beynəlxalq hüquq fakültəsində (1997) təhsil almışdır.

Səfir N.Qurbanova “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919- 2009)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.

Səfir Nərgiz Qurbanova ailəlidir, bir oğlu var. Azərbaycan, ingilis, fransız (orta) və rus dillərini bilir.