2017-01-19
“20 Yanvar” faciəsinin 27-ci ildönümü

Sabah azərbaycanlılar dünyadakı bütün dostları ilə birgə ümumxalq hüzn günü - 1990-cı ilin 20 yanvar tarixinin erkən saatlarında Sovet hərbi qüvvələrinin heç bir xəbərdarlıq etmədən Bakı və Azərbaycanın digər bölgələrinə daxil olaraq silahsız etirazçılara hücum etdiyi zaman baş vermiş faciəli hadisələrin 27-ci ildönümünü qeyd edəcəklər. İllər ötsə də, biz Qara Yanvar kimi yaddaşlarda qalmış bu faciəli hadisələrin günahsız qurbanlarını xatırlayır və Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda öz əvəzolunmaz həyatlarını fəda etmiş cəsarətli soydaşlarımızı yad edirik.

1980-ci illərin sonundan başlayaraq Azərbaycana qarşı M.Qorbaçovun başçılığı ilə Sovet İttifaqı rəhbərliyində öz əlaltılarının dəstəyindən yararlanan Ermənistan tərəfindən davamlı təxribatlar törədilərək əsassız ərazi iddiaları irəli sürülmüşdür. Bu proses 1988-ci ilin fevral ayında Dağlıq Qarabağ regionunun erməni icması nümayəndələrinin Azərbaycanın SSR və keçmiş SSRİ-nin konstitusiyalarını pozaraq ölkəmizdən ayrılmaq və Ermənistana birləşmək üçün səs verməsi ilə başlamışdır.

Həmin separatçı təxribat Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ regionunda yaşayan azərbaycanlılara qarşı geniş kampaniyasına qığılcım vermiş Ermənistan rəhbərliyi və irticaçı millətçilər tərəfindən dəstəklənmişdir. Fasiləsiz qəddar hücumlar nəticəsində, 250 mindən artıq azərbaycanlı Ermənistan ərazisində əsrlərboyu yaşadıqları doğma yurdlarını tərk etməyə məcbur edilmişlər. Onların Ermənistandan kütləvi deportasiyası zamanı ən azı 216 azərbaycanlı ermənilər tərəfindən öldürülmüş, 1154 nəfər isə yaralanmışdır.

Müxtəlif etnik və dini mənsubiyyətli azərbaycanlılar Sovet İttifaqının vətəndaşı qismində öz hüquqlarından istifadə edərək, nümayişlər keçirməklə və ermənilər tərəfindən həyata keçirilən zorakılıq hallarına son qoymağı Moskvadakı mərkəzi hökumətdən tələb etməklə dinc etirazlara başlamışlar.

Lakin M.Qorbaçov hökumətinin cavabı qəddar olmuşdur. Tammiqyaslı hərbi hücum nəticəsində müxtəlif millətlərdən olan 147 nəfər Azərbaycan vətəndaşı öldürülmüş, 744 nəfəri yaralanmış, 841 nəfəri isə əsassız həbs olunmuşdur. Misli görünməmiş vəhşiliklər törədən Sovet ordusu mülki şəxslər, yaşayış binaları, mağazalar, tibb və digər müəssisələrə atəş açmışdır. Təcili tibb yardım maşınları da hədəfə alınmış və yaralı insanlara yardım göstərilməsinə imkan verilməmişdir. Bir çox mülki şəxs mənzillərin, binaların girişində, avtobus və iş yerlərində güllənmişdir. Ölümsonrası tibbi ekspertiza zamanı məhkəmə ekspertləri və həkimlər güllələrin dağıdıcı təsirini xüsusilə qeyd etmişlər.

Bütün bu faktlar “Sovet qoşunları mülki şəxslərin zəruri olmayan itkisi ilə nəticələnmiş əsassız və həddindən artıq qüvvədən istifadə etmişlər” deyən Helsinki Müşahidə/Memorial Qrupunun araşdırması daxil olmaqla, müstəqil təşkilatların hesabatlarında təsdiqlənmişdir. Araşdırmaya əsasən “ağır silahlı Sovet əsgərləri Bakı şəhərinə məhv edilməli olan düşmən mövqeyinə kimi hücum etmişlər”.  

Lakin, Sovet rejiminin qəddarlığı hüquqları və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan vətəndaşlarının əzmini qıra bilmədi. 1990-cı ilin yanvar ayının qaranlıq və soyuq qış gecəsində Azərbaycan xalqının iradəsi və ədalət uğrunda mübarizəsi Sovet hərbi maşınına qalib gəlmişdir. Milyonlarla azərbaycanlı şəhid qəhrəmanlarımızı son mənzilə yola salmaq üçün küçə və meydançılara axın etmişlər.  Qanlı Yanvar ölkəmizin tarixində, bütün vətəndaşları Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə nəticələnmiş suverenliyimiz və azadlığımız uğrunda mübarizədə səylərini birləşdirən dönüş nöqtəsi olmuşdur.

növbəti xəbər əvvəlki xəbər