Viza rüsumundan azadolma
  • “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında Sazişi”n 6.2-ci maddəsinə əsasən Aİ-nin aşağıdakı kateqoriyalardan olan vətəndaşları viza ərizələrinə baxılmasına görə rüsumdan azad olunurlar:

 

(a) Azərbaycan Respublikasının ərazisində qanuni yaşayan Avropa ittifaqı vətəndaşlarının və ya Üzv Dövlətlərdə qanuni yaşayan Azərbaycan Respublikası vətəndaşlarının və ya vətəndaşı olduğu Üzv Dövlətin ərazisində yaşayan Avropa İttifaqı vətəndaşlarının və ya Azərbaycan Respublikasının ərazisində yaşayan Azərbaycan Respublikası vətəndaşlarının yaxın qohumları - ər və ya arvad, uşaqlar (övladlığa götürülənlər də daxil olmaqla), valideynlər (qəyyumlar da daxil olmaqla), babalar, nənələr və nəvələr;

(b) Üzv Dövlətlər, Avropa İttifaqı və ya Azərbaycan Respublikasına ünvanlanmış rəsmi dəvətnaməyə əsasən rəsmi görüşlərdə, məsləhətləşmələrdə, danışıqlarda və ya mübadilə proqramlarında, eləcə də hökumətlərarası təşkilatlar tərəfindən Azərbaycan Respublikasının və ya Üzv Dövlətlərdən birinin ərazisində təşkil edilən tədbirlərdə iştirak edəcək rəsmi nümayəndə heyətlərinin üzvləri, o cümlədən daimi üzvləri;

(c) mübadilə proqramları da daxil olmaqla, təhsil və ya təlim kursları, eləcə də məktəblə bağlı digər fəaliyyət məqsədləri ilə səyahət edən şagirdlər, tələbələr, doktorantlar və müşayiət edən müəllimlər;

(d) fəaliyyət qabiliyyəti olmayan şəxslər və zəruri hallarda, onları müşayiət edən şəxslər;

(e) beynəlxalq idman tədbirlərinin iştirakçıları və onları peşəkar səviyyədə müşayiət edən şəxslər;

(f) universitet və digər mübadilə proqramları da daxil olmaqla elmi, mədəni və incəsənət tədbirlərində iştirak edən şəxslər;

(g) təcili tibbi müalicə almaq, yaxud qohumunun dəfn mərasimində iştirak etmək və ya ciddi xəstə olan yaxın qohumunu ziyarət etmək daxil olmaqla, humanitar əsasda səyahətlərinin zəruriliyini sübut edən sənədləri təqdim edən şəxslər və belə şəxsləri müşayiət edənlər;

(h) mübadilə proqramları da daxil olmaqla təhsil kursları, seminarlar, konfranslar məqsədi ilə səyahət edən vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri;

(i) təqaüdçülər;

(j) 12 yaşınadək olan uşaqlar;

(k) jurnalistlər və onları peşəkar səviyyədə müşayiət edən texniki heyət.

  • Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 17.2-ci maddəsinə əsasən aşağıdakı kateqoriya əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən viza rəsmiləşdirilməsi üçün dövlət rüsumu tutulmur:

17.2.1. Dövlət nümayəndə heyəti üzvləri və rəsmi şəxslərdən;

17.2.2. Azərbaycan Respublikasında beynəlxalq humanitar təşkilatları təmsil edənlərdən;

17.2.3. Dövlət xətti ilə təhsil alan və pedaqoji fəaliyyət göstərənlərdən;

17.2.4. Müdafiə xətti ilə səfər edənlərdən.