Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları

 

Azərbaycan Respublikası Prezidentinin

1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında

 

ƏSASNAMƏ

 

  1. Bu Əsasnamə Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi, bərpası, Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi məsələlərinə baxılması və onların həlli qaydalarını müəyyən edir.
  2. Azərbaycan Respublikası vətəndaşlığını əldə etmək istəyən şəxs Azərbaycan Respublikası Prezidentinin adına yazılmış, nümunəsi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən ərizə-anketlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edir.

Ərizə-anketə aşağıdakı sənədlər əlavə edilir:

4 ədəd 3x4 sm. ölçüdə fotoşəkil;

dövlət rüsumunun ödənilməsi haqqında sənəd;

Azərbaycan Respublikasının dövlət dilini bilməsi barədə Təhsil Nazirliyindən arayış.

Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin və ya qaçqın statusu almış şəxslərə verilən qaçqın vəsiqəsinin surəti (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilmiş şəxslərdən bu sənəd tələb olunmur);

pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (həmin sənədlərə malik olmayan qaçqın statusu almış şəxslər, habelə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilmiş şəxslər istisna olmaqla);

qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (aşağıdakı sənədlərdən biri: iş yerindən arayış, pensiya, təqaüd və ya ünvanlı dövlət sosial yardım alınması haqqında arayış, fiziki şəxsin gəlirləri haqqında vergi orqanının arayışı, aliment alınması haqqında arayış, himayəsində olduğu şəxsin gəliri haqqında arayış, vərəsəlik şəhadətnaməsi və s.)

Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin surəti.

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin beşinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olan şəxslər üçün – onu Azərbaycan Respublikasına dəvət edən dövlət orqanının əsaslandırılmış vəsatəti.

Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək istəyən şəxs Azərbaycan Respublikası ilə ikili vətəndaşlığın qarşısının alınması haqqında beynəlxalq müqaviləsi olan dövlətin vətəndaşı olarsa, belə dövlətin səlahiyyətli orqanının onun Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək niyyətinə olan münasibətini təsdiq edən sənəd təqdim etməlidir. Əgər belə sənədin təqdim edilməsi müraciət edən şəxsdən asılı olmayan səbəblər üzündən mümkün deyilsə, şəxs ərizə-anketdə bunu mütləq göstərməlidir.

2-1. Şəxsin ərizə-anketində göstərilən məlumatların həqiqiliyi, habelə şəxsin Azərbaycan Respublikasının ərazisində son 5 ili fasiləsiz olaraq daimi yaşaması Dövlət Miqrasiya Xidməti tərəfindən yoxlanılır (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsi nəzərə alınmaqla).

  1. Vətəndaşlığa qəbul və ya bərpa olunmaq, vətəndaşlıqdan çıxma barədə vəsatət qaldıran şəxsin təqdim etdiyi sənədləri icraata qəbul edən Dövlət Miqrasiya Xidməti təqdim olunmuş sənədləri rəy verilmək üçün Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərir. Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərilmiş sənədlər rəylə birlikdə geri qaytarılır. Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərir.
  2. Həmin Komissiyanın qəbul etdiyi qərar əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına qəbulu, bərpası və ya onun vətəndaşlıqdan çıxması barəsində müvafiq sərəncam verilir.

4-1. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və ya Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilmiş və 14 yaşı tamam olmuş şəxs Azərbaycan Respublikasına sadiq olacağı barədə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada və məzmunda Azərbaycan Respublikasının dövlət dilində and içir.

And içən Azərbaycan Respublikasının vətəndaşı andın mətnini imzalayır və bu sənəd Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində saxlanılır.

  1. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi, bərpa edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş dövlət quruluşunu zorakılıqla dəyişdirməyə və Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa çağırışlar edərsə, dövlət təhlükəsizliyinə, ictimai asayişin qorunmasına, əhalinin sağlamlığına və ya mənəviyyatına zərər vuran fəaliyyət göstərərsə, irqi, dini və milli müstəsnalığı təbliğ edərsə, terrorçuluq fəaliyyəti ilə əlaqəsi olarsa, Azərbaycan Respublikası vətəndaşlığına qəbul, bərpa edilməsi barədə vəsatəti Dövlət Təhlükəsizliyi Xidmətindən, Xarici Kəşfiyyat Xidmətindən və Daxili İşlər Nazirliyindən alınmış rəylərlə birlikdə Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasınagöndərilir. Təqdim edilmiş materiallar əsasında həmin Komissiya tərəfindən şəxsin vəsatəti rədd edilir. Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi və vətəndaşlıqdan çıxmailə bağlı verilmiş müraciətlərə baxılmasının nəticələri barəsində onlara Dövlət Miqrasiya Xidməti və ya Xarici İşlər Nazirliyi tərəfindən yazılı məlumat verilir.
  2. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti toplanmış sənədlər əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası tərəfindən rədd edilə bilər.

Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişsə, yaxud onun barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmir.

  1. 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan və 1999-cu il sentyabrın 30-dək Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək üçün ərizə ilə müraciət etmiş şəxslərə bu Əsasnamənin 2-7-ci hissələrində nəzərdə tutulmuş vətəndaşlığa qəbul edilmə qaydaları şamil edilmir. Həmin şəxslər ərizə ilə Daxili İşlər Nazirliyinə müraciət edirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

yaşayış yerindən arayış;

şəxsin vətəndaşlığını təsdiq edən sənəd.

Ərizə ilə müraciət etmiş şəxslərə Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd verilir.

  1. Əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmiş şəxsin öz vəsatəti əsasında o, Azərbaycan Respublikası vətəndaşlığına bərpa edilə bilər.
  2. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin adına ərizə-anketlə müraciət edilir. Ərizə-anketə aşağıdakı sənədlər əlavə edilir:

4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

şəxsiyyəti təsdiq edən sənədin surəti;

QİÇS müayinəsindən keçməsi və sağlamlıq haqqında arayış (vətəndaşlığa bərpa olunmaq üçün müraciət edən şəxs respublikanı tərk etməyibsə, bu sənəd tələb olunmur).

dövlət rüsumunun ödənilməsi barədə sənəd.

  1. Azərbaycan Respublikası vətəndaşlığına bərpa barədə Azərbaycan Respublikası Prezidentinin adına yazılmış vəsatətləri Azərbaycan Respublikasının ərazisində yaşayan şəxslər Dövlət Miqrasiya Xidmətinə, xarici dövlətlərdə yaşayan şəxslər isə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və ya konsulluq idarələrinə təqdim edirlər.
  2. Azərbaycan Respublikası vətəndaşlığına bərpa barədə Azərbaycan Respublikasının xaricdə olan diplomatik nümayəndəliklərinə və konsulluq idarələrinə daxil olmuş sənədlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə göndərilir.
  3. Dövlət Miqrasiya Xidməti və ya Xarici İşlər Nazirliyi həmin sənədləri baxılmaq üçün Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərir, Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərilmiş sənədlər rəylərlə birlikdə geri qaytarılır, Dövlət Miqrasiya Xidməti və ya Xarici İşlər Nazirliyi əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Prezidentin Administrasiyasına göndərir. Bu Əsasnamənin 5-ci hissəsində nəzərdə tutulan məhdudiyyətlər aşkar edildikdə Azərbaycan Respublikası vətəndaşlığına bərpa haqqında şəxsin vəsatəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası tərəfindən rədd edilir.
  4. Azərbaycan Respublikasında yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə əcnəbidirsə və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş valideynin vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilər.
  5. Əcnəbi uşağı övladlığa götürən və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşı, digəri isə əcnəbidirsə, həmin uşaq övladlığa götürənlərin vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilər.
  6. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın hər iki valideyni və ya yeganə valideyni Azərbaycan Respublikasının vətəndaşlığından çıxarsa, həm də üzərində Azərbaycan Respublikası vətəndaşlarının qəyyumluğu və ya himayəçiliyi müəyyən edilmiş uşağın böyüdülməsində iştirak etmirsə, valideynlərin, qəyyumun və ya himayəçinin vəsatəti ilə uşaq Azərbaycan Respublikasının vətəndaşlığını saxlaya bilər.
  7. Bu Əsasnamənin 14-16-cı hissələrində nəzərdə tutulan hallarda Azərbaycan Respublikası Prezidentinin adına ərizə-anketlə müraciət edilir və ona aşağıdakı sənədlər əlavə edilir:

valideynlərin (övladlığa götürənlərin, qəyyumların, himayəçilərin) vətəndaşlığı haqqında sənədlərin surəti;

övladlığa götürmə, qəyyumluq, himayəçilik haqqında sənədlərin surəti;

valideynin (övladlığa götürən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin və 14-18 yaşında olan uşağın) notarial qaydada təsdiq edilmiş razılığı;

uşağın 4 ədəd 3x4 ölçüdə fotoşəkli.

uşağın doğum haqqında şəhadətnaməsinin surəti.

həmin müraciətə bu Əsasnamənin 11-13-cü hissələrində nəzərdə tutulan qaydada baxılır.

  1. Azərbaycan Respublikası vətəndaşlığından çıxma şəxsin vəsatəti üzrə həyata keçirilə bilər.
  2. Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından çıxması barədə Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anketlə Dövlət Miqrasiya Xidmətinə və ya Xarici İşlər Nazirliyinə müraciət edir.

Ərizə-anketə aşağıdakı sənədlər əlavə olunur:

4 ədəd 3x4 ölçüdə fotoşəkil;

dövlət qarşısında icra edilməmiş öhdəliklərinin olmaması və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəliklərinin olmaması barədə müvafiq sənədlər (həmin sənədlərin siyahısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası tərəfindən təsdiq edilir);

dövlət rüsumunun ödənilməsi barədə sənəd.

şəxsiyyəti təsdiq edən sənədin surəti.

  1. Azərbaycan Respublikası vətəndaşlığından çıxma barədə Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anketi Azərbaycan Respublikası ərazisində yaşayan vətəndaşlar Dövlət Miqrasiya Xidmətinə, xarici dövlətlərdə yaşayan vətəndaşlar isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri vasitəsi ilə Xarici İşlər Nazirliyinə təqdim edirlər.
  2. Dövlət Miqrasiya Xidməti və ya Xarici İşlər Nazirliyi həmin sənədlərin bir nüsxəsini baxılmaq üçün Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinəgöndərir. Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinəgöndərilmiş sənədlər rəylərlə birlikdə geri qaytarılır, Dövlət Miqrasiya Xidməti və ya Xarici İşlər Nazirliyi əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərir.

Bu Əsasnamənin 6-cı hissəsində göstərilmiş hallar aşkar olarsa, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası tərəfindən həmin şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxma barədə vəsatəti rədd edilə bilər.

  1. Valideynlərdən birinin Azərbaycan Respublikası vətəndaşlığına xitam verilərsə, bu valideynin vəsatəti ilə və ya Azərbaycan Respublikasının vətəndaşı olan uşağı övladlığa götürən əcnəbilərin vəsatətləri ilə uşaq Azərbaycan Respublikası vətəndaşlığından çıxarıla bilər.
  2. Bu hallarda ərizə-anketə bu Əsasnamənin 17-ci hissəsində nəzərdə tutulmuş sənədlər əlavə edilir və ərizə-anketə bu Əsasnamənin 11-13-cü hissələrində nəzərdə tutulmuş qaydada baxılır.
  3. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi, xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi, dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı, terror fəaliyyətində iştirakı, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi, dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsini, bu Əsasnamənin 6-cı hissəsində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla, məhkəmə həll edir.
  4. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları 1 ay müddətində bu barədə yazılı məlumat verməlidirlər. Azərbaycan Respublikasının ərazisində yaşayan vətəndaşlar Dövlət Miqrasiya Xidmətinə, xarici dövlətlərdə yaşayan vətəndaşlar isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsilə Xarici İşlər Nazirliyinə (Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqlarının olmadığı ölkələrdə yaşayan şəxslər birbaşa Xarici İşlər Nazirliyinə) məlumat verirlər. Bunun üçün onlar nümunəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ərizə-anketi dolduraraq, onu internet informasiya ehtiyatı, poçt, elektron poçt vasitəsilə və ya şəxsən müvafiq dövlət orqanına təqdim etməlidirlər.

24-1. Xarici İşlər Nazirliyi xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları barədə məlumatı həmin şəxslərin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlanması üçün Dövlət Miqrasiya Xidmətinə təqdim edir.

24-2. Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığını könüllü qəbul etməsi haqqında məlumat daxil olduqda Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlayır.

24-3. Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi barədə kütləvi informasiya vasitələrindən, fiziki və hüquqi şəxslərdən (vəzifəli şəxslərdən), dövlət orqanlarından, o cümlədən xarici ölkələrin müvafiq dövlət orqanlarından məlumat daxil olduqda, Dövlət Miqrasiya Xidməti həmin məlumatları dəqiqləşdirmək məqsədi ilə Xarici İşlər Nazirliyi vasitəsilə xarici dövlətlərin səlahiyyətli dövlət orqanlarına sorğu göndərir. Göndərilmiş sorğu nəticəsində Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi barədə məlumatlar öz təsdiqini taparsa, Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlayır.

24-4. Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi məlum olduqda, Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlayır.

24-5. Bu Əsasnamənin 24-2 - 24-4-cü hissələrində nəzərdə tutulmuş qaydada şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlandıqda Dövlət Miqrasiya Xidməti şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı əmlak öhdəliklərinin olub-olmaması barədə 1 ay müddətində araşdırma aparır. Öhdəliklərin olub-olmaması barədə araşdırma aparılması ilə əlaqədar səlahiyyətli orqanlara sorğu göndərilir. Sorğu göndərilmiş səlahiyyətli orqanlar müvafiq məlumatı 1 ay müddətində təqdim etməlidirlər. Eyni zamanda toplanmış sənədlər rəy verilməsi üçün Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərilir. Həmin orqanlar 1 ay müddətində müvafiq rəy bildirmədikdə, bu, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını itirməsinə etirazın olmaması kimi qəbul edilir. Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin və Daxili İşlər Nazirliyinin rəyləri və şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı əmlak öhdəliklərinin olub-olmaması barədə müvafiq məlumat alındıqdan sonra 1 ay müddətində Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy hazırlayır və həmin rəyi, habelə toplanmış digər sənədləri təqdim etməklə şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı məsələyə baxılması üçün məhkəməyə müraciət edir.

24-6. Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı, terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi, dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, onun barəsində Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı icraata həmin şəxs cəzanı çəkib qurtardıqdan və ya Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrində müəyyən olunmuş qaydada cəzadan azad olunduqdan sonra başlanıla bilər (bu Əsasnamənin 24-7-ci hissəsində göstərilən hal istisna olmaqla). Bunun üçün cəzanı icra edən orqan və ya müəssisə dini ekstremizm, terrorçuluq və dövlət təhlükəsizliyini təhdid edən digər ideyalardan islah olunmamış məhkum barəsində məlumatları müvafiq hökmün surəti ilə birlikdə cəza müddətinin bitməsinə iki ay qalmış cinayət işinin istintaqını aparmış orqana və Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərir. Həmin orqanlardan vətəndaşlığın itirilməsi məsələsinə baxılmasına dair razılaşdırılmış müraciət daxil olduqda, Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlayır.

24-7. Azərbaycan Respublikasının ərazisində olmayan vətəndaşın Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremist fəaliyyətdə iştirakı barədə Xarici İşlər Nazirliyindən, Dövlət Təhlükəsizliyi Xidmətindən və ya Xarici Kəşfiyyat Xidmətindən daxil olmuş təsdiqedici sənədlər və ya digər sübutlar əsasında Dövlət Miqrasiya Xidməti həmin şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlayır.

24-8. Bu Əsasnamənin 24-6-cı və 24-7-ci hissələrində göstərilən hallarda Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy hazırlayır və həmin rəyi, habelə toplanmış digər sənədləri təqdim etməklə şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı məsələyə baxılması üçün məhkəməyə müraciət edir.

24-9. Məhkəmə Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı işlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxır.

  1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa və ya Azərbaycan Respublikasının vətəndaşlığından çıxma haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarını Dövlət Miqrasiya Xidmətinə, Xarici İşlər Nazirliyinə və Daxili İşlər Nazirliyinə göndərir. Dövlət Miqrasiya Xidməti və ya Xarici İşlər Nazirliyi qəbul edilmiş qərar barədə vəsatət qaldıran şəxsə yazılı məlumat verir. Eyni zamanda, Daxili İşlər Nazirliyi və ya Xarici İşlər Nazirliyi vətəndaşlığı təsdiq edən sənədləri verən orqanları (vəzifəli şəxsləri) müvafiq tədbirlər görülməsi üçün xəbərdar edir.
  2. Vətəndaşlıq məsələləri ilə əlaqədar bu Əsasnamədə nəzərdə tutulmuş sənədlər fiziki şəxslər tərəfindən əlaqədar dövlət orqanına təqdim edildikdən sonra ərizə-anket icraata qəbul edilmiş sayılır və baxılma müddəti həmin vaxtdan başlayır.
  3. Savadsızlıq və fiziki qüsurlarına görə müraciət edən şəxs tərəfindən sənədlərin imzalanması mümkün olmadığı halda ərizəyə bu barədə izahlı qeyd yazılmalı və sənədləşməni aparan orqan həmin faktı təsdiq etməlidir.
  4. Vətəndaşlıqla bağlı qaldırılmış vəsatətlərə əlaqədar dövlət orqanlarının hər biri tərəfindən 1 ay müddətində baxılır.
  5. Vətəndaşlıq məsələləri ilə əlaqədar vəsatəti rədd edilmiş şəxs vəsatətin rədd edilməsinə səbəb olan halları aradan qaldırdıqdan sonra təkrar müraciət edə bilər.
  6. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, xitam və bərpa məsələləri ilə bağlı qəbul edilmiş qərarlar barədə məlumatlar “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminə daxil edilir.
  7. Vətəndaşlıq məsələləri üzrə qəbul olunan qərarların icrası üzərində nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirir.

------------------------------------

 

ƏLAVƏ 2

ƏLAVƏ 3