2016-03-15
Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Veliko Tırnovo şəhərinə səfər etmişdir

Səfərin məqsədi Naxçıvan şəhəri və Veliko Tırnovo şəhəri arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, Bakı Dövlət Universiteti ilə Müqəddəs Kiril və Metodiy adına Veliko Tırnovo Universiteti arasında imzalanmış Anlaşma Memorandumunun həyata keçirilməsi, həmçinin Vasil Levski adına Veliko Tırnovo Milli Hərbi Universitetin ölkəmizin müvafiq təhsil müssisəsi ilə münasibətlərinin qurulması imkanlarının müzakirəsi olmuşdur.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Veliko Tırnovo şəhərinin meri Daniel Panov ilə görüş keçirmişdir. Tərəflər iki ölkə arasında mövcud dostluq münasibətlərini, son dövrdə həyata keçirilmiş ali səfərləri məmnunluqla qeyd etmişlər.  

D.Panov Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən Veliko Tırnovo şəhərindəki “Trapezitsa” memarlıq muzeyi qoruğunun bərpa layihəsinə görə minnətdarlığını bildirərək sözügedən layihənin tarixi və mədəniyyət baxımından bütün Bolqarıstan üçün böyük əhəmiyyətə malik olduğunu qeyd etmiş və “Trapezitsa” memarlıq muzeyi qoruğunun konservasiya və bərpası işləri barədə səfiri məlumatlandırmışdır.

Səfir N.Qurbanova Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə dünyanın bir çox ölkəsində qədim mədəniyyət abidələrinin bərpa edildiyini qarşı tərəfin diqqətinə çatdıraraq “Trapezitsa” qoruğunun bərpası  nəticəsində sözügedən memarlıq kompleksinin Bolqarıstan və Balkan bölgəsində ən böyük açıq səma muzeyinə çevriləcəyini qeyd etmişdir.

Əməkdaşlıq sahələrinə toxunaraq səfir turizm, təhsil və kənd təsərrüfatı məhsullarının emalı sahələrinin münasibətlərin inkişafı üçün böyük perspektivlər vəd etdiyini bildirmişdir. D.Panov sözügedən sahələrin əməkdaşlıq üşün faydalı olduğu ilə razılaşaraq qənnadı  məmulatlarının istehsalında Veliko Tırnovo şəhərinin Bolqarıstan və bölgədə aparıcı rola malik olduğunu Azərbaycan tərəfinin diqqətinə çatdırmışdır. Bu xüsusda, Azərbaycan tərəfi 20 iyul 2016-cı il tarixində Şəki şəhərində keçiriləcək Beynəlxalq Şəki Şirniyyat Festivalı barədə qarşı tərəfi məlumatlandıraraq Veliko Tirnovo şəhərinin müvafiq şirkətlərini burada iştirak etməyə dəvət etmişdir.

Bununla yanaşı, səfir Naxçıvan şəhər icra hakimiyyətinin başçısı Vüqar Səfərovun 2014-cü ildə Veliko Tirnovo şəhərinə uğurlu səfərini xatırladaraq D.Panovu Naxçıvana səfər etməyə dəvət etmişdir.  

Səfər zamanı səfir N.Qurbanova həmçinin Müqəddəs Kiril və Metodiy adına Veliko Tırnovo Universitetinin rektoru Xristo Bondjolov və Vasil Levski adına Veliko Tırnovo Milli Hərbi Universitetin prorektoru Veselin Madanski ilə görüşmüşdür. Görüşdə təhsil müssisələri arasında tələbə və akademik heyətin qarşılıqlı səfərləri, təcrübə mübadiləsi və Azərbaycanlı gənclərin Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində müvafiq layihələrdə iştirakı imkanları müzakirə edilmişdir.

Səfərin sonunda N.Qurbanova və D.Panov bolqar mətbuatının nümayəndələri ilə görüşərək onlara iki ölkə arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə məlumat vermişlər.

Azərbaycan nümayəndə heyətinin Veliko Tirnovo şəhərinə işgüzar səfəri mərkəzi və yerli mətbuatda işıqlandırılmışdır.  

 

 

növbəti xəbər əvvəlki xəbər