2018-01-23
Sofiyada Azərbaycan film gecəsi təşkil olunub

18 yanvar  2017-ci il tarixində Sofiyada keçirilən MENAR Film Festivalı çərçivəsində Azərbaycanın Bolqarıstandakı Səfirliyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə Sofiyanın Kino Evində Azərbaycan kinosunun  120 illik yubileyi ilə əlaqədar Azərbaycan filmi gecəsi təşkil olunmuşdur. Gecədə AR Milli Məclisinin üzvü Ağacan Abıyev, İvan Vazov adına Milli Teatrın direktoru Marius Donkin, Milli Təbiət Tarixi Muzeyinin direktoru Nikolay Spasov, Bolqarıstan Xalq Məclisinin əməkdaşları, Bolqarıstanın digər dövlət və özəl qurumları və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, bu ölkənin aparıcı QHT və KİV nümayəndələri, Bolqarıstanda akkreditə olunan diplomatik missiyaların rəhbərləri, “Azərbaycanın dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri və Azərbaycan diasporunun üzvləri iştirak etmişdir.  Sofiya şəhərinin meri Yordanka Fandıkova tərəfindən tədbir iştirakçılarına təbrik məktubu ünvanlanmışdır.

Festival bolqar cəmiyyətinə İslam dünyasının mədəniyyəti və ənənələri ilə tanış olmaq imkanı yaradır. MENAR Film Festivalı Balkan regionunda İslam mədəniyyətini nümayiş etdirən ən böyük tədbir hesab olunur.

Gecənin açılışında çıxış edən səfir 2018-ci ilin Azərbaycan tarixində bir sıra yubileylərlə əlamətdar olduğunu, belə ki, cari ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100, müsəlman dünyasında ilk opera olan “Leyli və Məcnun” operasının 110, milli teatrımızın 145 və kinematoqrafiyamızın 120 illik yubileylərinin qeyd olunduğunu bildirmişdir. Səfir əlavə etmişdir ki, Səfirlik il ərzində bu əlamətdar tarixləri bolqar tərəfdaşlarla birgə müxtəlif tədbirlər vasitəsilə qeyd edəcəkdir. N.Qurbanova Azərbaycanın Sofiya Menar Film Festivalında iştirakını il boyu baş tutacaq mərasimlər çərçivəsində ilk hadisə kimi qiymətləndirmişdir.  

Səfir öz mövcudluğu ərzində Azərbaycan kinematoqrafiyasının saysız bədii, sənədli və cizgi filmləri istehsal etdiyini və bu filmlərin nəinki yerli auditoriya, eləcə də xarici kinosevərlər tərəfindən yüksək qiymətləndirildiyini vurğulamışdır. Səfir davam etmişdir ki, rejissorlar Boris Barnet və Səməd Mərdanovun 1935-ci ildə lentə aldığı Azərbaycan tarixində ilk səsli film olan “Mavi dəniz sahilində” filmi dünya kinematoqrafiyasının 100 illik yubileyi ilə əlaqədar nüfuzlu film tənqidçiləri arasında aparılmış sorğuya əsasən dünyanın ən yaxşı filmləri siyahısına daxil edilmişdir. Səfir son illər istehsal olunan 13 Azərbaycan filminin 20 ölkədə keçirilən 38 festivalda iştirak etdiyi və 20 mükafata layiq görüldüyünü xüsusilə qeyd etmişdir.

Səfir festival çərçivəsində nümayiş olunacaq rejissor İlqar  Nəcəfin “Nar bağı” filminin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” Kinostudiyası və Buta Film şirkəti tərəfindən çəkildiyi, filmin süjet xətti və beynəlxalq arenada uğurları barədə məlumat vermişdir. N.Qurbanova davam etmişdir ki, film həmçinin ölkəmiz tərəfindən Amerika Kino Akademiyasının Oskar Mükafatına xarici dildə ən yaxşı film nominasiyasına təqdim edilmişdir.

Sonra “Nar bağı” filmi nümayiş olunmuş və izləyicilərin böyük marağına səbəb olmuşdur.

Nümayişdən sonra səfir N.Qurbanova Bolqarıstan Milli Radiosuna müsahibə vermişdir. Festivalın bolqar cəmiyyətinin Azərbaycan kino sənəti barədə məlumatlandırılması baxımından rolunu yüksək qiymətləndirən səfir  Azərbaycan kinematoqrafiyasının tarixi barədə məlumat vermişdir. O, əlavə etmişdir ki, cari ildə Azərbaycan kinematoqrafiyası 120 illiyini qeyd edir və ölkəmizdə film sənayesinin yaranması kinematoqrafiyanın kəşfi ilə eyni vaxta təsadüf etmişdir. Fransada 1895-ci ildə Lümyer qardaşları tərəfindən film çəkilişi üçün yeni cihaz – kinematoqraf ixtira edildikdən az sonra ölkəmizdə 1898-ci ildə ilk filmlər çəkilməyə başlamışdır.

Səfir Azərbaycan xalqının tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr etdiyini diqqətə çatdırmışdır. O, davam etmişdir ki, kino ilə yanaşı, bu il Azərbaycan operası da 110 illik yubileyini keçirir.

Qeyd edək ki, ötən il ölkəmiz sözügedən festivalda “Qırmızı bağ” və “Şəhər motivləri” filmləri ilə təmsil olunmuşdur.

 

növbəti xəbər əvvəlki xəbər