2018-02-26
Sofiya şəhərində “Xocalı soyqımı”nın günahsız qurbanlarının xatirəsi yad edilib

26 fevral tarixində Sofiya şəhərinin tarixi məkanlarından olan Mərkəzi Hərbi Klubda Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə 1992-ci ilin 26 fevral tarixində baş vermiş “Xocalı soyqırımı”nın 26-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib və faciənin günahsız qurbanlarının xatirəsi yad edilib.

 

Anım mərasimində Bolqarıstanın dövlət qurumlarının və ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporasının təmsilçiləri, Bolqarıstan vətəndaşı olan həmvətənlərimiz, tələbələr, “Azərbaycanın Dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, ictimai, mədəni xadimlər iştirak ediblər.

 

Mərasimdə çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Xocalı soyqırımının tarixi, səbəbləri və nəticələri barədə iştirakçılara ətraflı məlumat verib. Səfir Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki dövrünün gözəl şəhəri olan Xocalıda 1992-ci ilin fevral ayının sonlarında, baharın gəlişi ərəfəsində Ermənistan-Azərbaycan münaqişəsi zamanı Azərbaycan xalqına qarşı bir dəfədə ən böyük soyqırımının törədildiyini vurğulayıb.

 

1991-ci ilin oktyabrından etibarən şəhərin tamamilə Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alındığını və yeganə əlaqə vasitəsinin vertolyotlar olduğunu söyləyən diplomat 1992-ci ilin 28 yanvar tarixində ermənilərin Ağdamdan Şuşaya uçan mülki vertolyotu vurması nəticəsində 40 nəfərin həlak olduğunu və yeganə hava yolunun bağlandığını bildirib. Hava və quru yollarının bağlanması ilə Xocalının təcrid olunduğunu, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə əsasən ermənilərdən ibarət keçmiş Sovet İttifaqının 366-cı Motoatıcı Piyadə Alayının dəstəyi ilə erməni silahlı qüvvələrinin intensiv atəş və bombardmanın ardınca şəhərə hücum edərək işğal etdiyini söyləyən N.Qurbanova iştirakçıların Xocalı şahidlərinin inanılmaz əziyyətlərə məruz qalmaları barədə oxuması halında damarlarında qanlarının donacağını qeyd edib. Soyuq qış gecəsində Xocalının aciz sakinlərinin şəhərdən qaçmağa və 16 kilometr məsafədə yerləşən Azərbaycanın nəzarətindəki ən yaxın yaşayış məntəqəsi Ağdamda sığınacaq axtarmağa çalışdıqlarını bildirən səfir ancaq çoxu ayaqyalın olmaqla onların meşə və dağlıq ərazilərdən keçmək məcburiyyətində qaldıqlarını vurğulayıb. Qaçan insanların pusquya düşürüldüyünü, erməni əsgərləri tərəfindən atəş açılmaqla öldürüldüyünü ya da əsir götürüldüyünü qeyd edən N.Qurbanova bir çox qadın və uşağın donaraq həlak olduğunu, yalnız bir neçə nəfərin Azərbaycanın nəzarətində olan Ağdam şəhərinə çata bildiyini iştirakçıların diqqətinə çatdırıb.

 

Xocalının işğalı zaman törədilən dəhşətli insan haqları pozuntularının "Memorial" hüquq müdafiə mərkəzi (Rusiya) və “Human Rights Watch” (keçmiş Helsinki Watch) təşkilatının müstəqil hesabatlarında təsdiqləndiyini ifadə edən səfir Xocalıda 106 qadın, 63 uşaq və 70 qoca daxil olmaqla, 613 nəfərin yalnız Azərbaycanlı olduqları üçün ermənilər tərəfindən vəhşicəsinə və acımasızcasına öldürdüyünü, 487 nəfərin isə yaralandığını, qeyd edib. Bundan əlavə, Xocalıda 1275 nəfərin girov götürüldüyü, 150 nəfərin taleyinin naməlum qaldığı, 8 ailənin tamamilə məhv edildiyi, 25 uşağın hər iki valideynini, 130 uşağın isə bir valideynini itirdiyi, ölənlərdən 56 nəfərin ifrat qəddarlıqla qətlə yetirildiyi barədə tədbir iştirakçılarına məlumat verilib.

 

Səfir erməni təbliğatının beynəlxalq ictimaiyyəti aldatmaq üçün etdiyi cəhdlərə və əvvəlindən etibarən əsassız və qeyri-qanuni separatçılıq tələblərini “dinc səylər” kimi təqdim etmək niyyətinə baxmayaraq Ermənistanın bu zülmdə birbaşa iştirakının Azərbaycan torpaqlarının zorla işğal olunmasına və bu ərazilərdə etnik baxımdan homogen bölgələr yaradılmasına yönəldiyinin açıq sübutu olduğunu bildirib.

 

Xocalı qırğınının erməni millətçilərinin azərbaycanlılara qarşı bir əsrlik nifrət siyasətinin ayrılmaz tərkib hissəsi olduğunu vurğulayan N.Qurbanova 20-ci əsr ərzində ermənilər tərəfindən Azərbaycanlılara qarşı törədilən faciələrdən biri kimi 1918-ci ilin mart-aprel aylarında Stepan Şaumyanın rəhbərliyində erməni daşnaqların Bakı, Şamaxı, Quba, Muğan və Lənkəran bölgələrində 50 mindən çox azərbaycanlının amansızcasına qətlə yetirməsi ilə nəticələnmiş 1918-ci il soyqırımını, eləcə də 1992-ci ildə Malıbəyli, Quşçular və Qaradağlı kəndlərində törədilən vəhşilikləri də xatırlayıb və bu il 1918-ci il soyqırımının 100-cü ildönümünün yad edəcəyini vurğulayıb. Daha sonra səfir təəssüf hissi ilə hər bir azərbaycanlının ürəyində kədərli bir ağrı olaraq qalan Xocalı soyqırımının icraçılarının hələ də cəzasız qaldığını, cinayətkarların ədalətə təslim edilməli olduğunu və bunun bəşəriyyətin Xocalıda qəddar şəkildə öldürülənlərin xatirəsinə mənəvi borcu olduğunu vurğulayıb.

 

Xocalı soyqırımının silahlı münaqişə zamanı mülki şəxslərin qorunmasının və qanunun aliliyinin təmin edilməsinin vacibliyinin faciəvi və dəhşətli göstəricisi olduğunu diqqətə çatdıran səfir mülki müdafiənin təmin edilməsinin beynəlxalq humanitar hüquq və insan hüquqlarına hörmət etməyi tələb etdiyini, münaqişə zamanı isə qeyd olunan hüquq pozuntularının qarşısının alınması və cavab verilməsi üçün ciddi səylərin tələb olduğunu vurğulayıb.

 

Ədalət və insan qüruruna, hüquq və azadlıqlara hörmətsizlik olan halda uzun müddətli və davamlı sülhün mümkün olmadığını qeyd edən səfir Xocalıda törədilən cinayətlərin cəzasız qalmasının Ermənistan və Azərbaycan arasında uzun müddətdir gözlənilən sülh və barışın əldə olunmasına maneə olduğunu qeyd edib. O, bu cəzasızlığa son verilməsinin münaqişə tərəfləri və günahkarların məsuliyyətinin müəyyən edilməsi və davamlı sülhün təmin edilməsi üçün vacib olduğunu diqqətə çatdırıb.

Daha sonra səfir illər ərzində "Xocalıya ədalət" beynəlxalq kampaniyası nəticəsində Xocalı soyqırımı ilə bağlı beynəlxalq humanitar hüquq və insan haqları pozuntularına dair beynəlxalq ictimaiyyət arasında qlobal məlumatlığın artmasından danışıb və hazırda dünyadakı Azərbaycanın dostlarının Xocalı soyqırımının qınanmasına qoşulduqlarını bildirərərək öz prinsipial mövqelərini nümayiş etdirdikləri üçün onlara təşəkkürünü çatdırıb.

Səfir N.Qurbanovanın çıxışından sonra mərasim musiqili kompozisiya ilə davam etdirilib. Konsert proqramında məşhur bolqar bəstəkarı, pianoçu və xor dirijoru akademik Kiril Lambov və xanım Lyudmila Gerova tərəfindən direktorluğu edilən Aleko Konstantinov adına Kitabxananın Qadın Xoru tərəfindən idarə olunan “Nadejda” Bələdiyyəsi Mədəniyyət Mərkəzinin “Sofiya Sinfonietta” orkestri tərəfindən klassik musiqi bəstələrinin seçmələrinə yer verilib. Konsertdə həmçinin K.Lambov tərəfindən bəstələnmiş “Qarabağ uşaqlarının anaları” odası səsləndirilib.

Mərasimin sonunda Azərbaycan milli ənənələri uyğun olaraq, Xocalı soyqırımına məruz qalmış soydaşlarımızın əziz xatirəsinə ehsan süfrəsi açılıb.

 

növbəti xəbər əvvəlki xəbər