2018-07-20
Bolqarıstanın Petriç şəhərində “Azərbaycanın arxeoloji irsi” adlı foto-sərgi nümayiş olunub

19 iyul tarixində Azərbaycanın Bolqarıstandakı Səfirliyi, Bolqarıstan Elmlər Akademiyasının (BEA) Milli Arxeologiya İnstitutu (Muzey ilə birgə), Petriç Bələdiyyəsi və Petriç şəhər Tarix Muzeyinin birgə təşkilatçılığı ilə Bolqarıstanın Yunanıstan və Makedoniya ilə həmsərhəd Petriç şəhərində “Azərbaycanın arxeoloji irsi” adlı foto-sərgi təşkil olunmuşdur.

Sərginin açılışında Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, BEA-nın Milli Arxeologiya İnstitutunun (Muzey ilə birgə) direktoru Ludmil Vaqalinski, Petriç şəhərinin meri Dimitır Brıçkov və onun müavinləri, şəhər İcma Şurasının sədri Qeorqi Trençev, Sandanski şəhərinin meri Kiril Kotev, Blaqoevqard vilayətinin qubernatorunun müavini Antoaneta Yançeva, Bolqarıstan Mədəniyyət Nazirliyinin “Mədəni irsin qorunmasına nəzarət” Baş Direktorluğunun direktoru Aleksandr Traykov, tarixçilər, mədəniyyət xadimləri, eləcə də yerli şəhər sakinləri iştirak etmişlər.

Açılışda çıxış edən N.Qurbanova cari ilin müsəlman və türk dünyasında ilk demokratik parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü barədə məlumat vermişdir. Bu münasibətlə bolqar tərəfdaşlarla silsilə tədbirlərin keçirildiyini vurğulayan səfir cari sərginin bu çərçivədə təşkilindən məmnunluğunu bildirmişdir.

Sərginin Azərbaycanda aparılan arxeoloji qazıntılar və bu sahədə son inkişafa nəzər salmağa imkan yaratdığını qeyd edən səfir həmçinin onun Azərbaycanda arxeologiya tarixində əsas nailiyyətləri göstərməklə yanaşı, Azərbaycanın qədim tarixi və zəngin mədəni irsini nümayiş etdirməyə xidmət göstərdiyini söyləmişdir.

O davam etmişdir ki, Azərbaycan qədim insan məskənlərindən biridir və Dağlıq Qarabağda Azıx və Tağlar, Qazaxda Damcılı və Daşsalahlı, Naxçıvanda Qazma mağaralarında aparılan arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş artefaktlar bunu sübut edir.

Sonda sərginin həmçinin bolqar mütəxəssislərini Azərbaycanla elmi əməkdaşlığa sövq edəcəyinə inandığını bildirmiş və paytaxtlarımız arasında açılan birbaşa hava əlaqəsinin bu əməkdaşlığına töhfə verəcəyindən söz açmışdır.

Şəhərin meri D.Brıçkov ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirərək səfir N.Qurbanovanın Petriç şəhərinə səfərinin, habelə Tarix muzeyində təşkil olunmuş sərginin Azərbaycan ilə Bolqarıstan arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olmasının göstəricisi kimi qiymətləndirmişdir.

Direktor L.Vaqalinski çıxış edərək cari sərginin ilk olaraq rəhbərlik etdiyi Muzeydə nümayiş olunması və böyük marağa səbəb olması barədə danışmışdır. Həmin sərginin açılışında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti akademik İsa Həbibbəyli və  AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimovanın iştirakını xatırlayaraq Arxeologiya və Etnoqrafiya İnstitutu ilə əməkdaşlıq haqqında sazişin imzalandığını qeyd etmiş, bu əməkdaşlığın davamı olaraq növbəti aylarda Azərbaycandan iki arxeoloqun Bolqarıstanda aparılan arxeoloji qazıntılara cəlb olunacağı barədə məlumat vermişdir.

Petriç Tarix Muzeyinin direktoru S.İvanov rəhbəri olduğu Tarix Muzeyinin belə bir sərgiyə ev sahibliyi etməsindən məmnunluğunu ifadə etmiş və sərgini Azərbaycan tarixini yaxından öyrənmək baxımından imkan olaraq qiymətləndirmişdir.

Açılış çərçivəsində səfir N.Qurbanova həmçinin Petriç şəhərinin yerli “БАЦ” televiziyasına müsahibə vermişdir. O, ölkəmizin qədim tarixi, aparılan arxeoloji qazıntılar, aşkar olunmuş zəngin maddi-mədəniyyət nümunələri, bu sahədə əldə edilən nailiyyətlər barədə məlumat vermişdir. Tədbir Bolqarıstan mətbuatında geniş işıqlandırılmışdır. Bolqarıstan Milli Radiosu, Focus Xəbər Agentliyi, eləcə də bir sıra xəbər portalları tədbirlə bağlı məqalələr yerləşdirmişlər.

Sərgi 1 ay davam edəcəkdir.

növbəti xəbər əvvəlki xəbər