2018-07-06
Bolqarıstanda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər davam edir

6 iyun tarixində Azərbaycanın Bolqarıstandakı Səfirliyi, Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Ohridski adına Sofiya Universiteti nəzdində fəaliyyət Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi və Sofiya Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Sofiya şəhərinin gözəl məkanlarından və turistlərin sıx ziyarət etdiyi səyahət yerlərindən olan “Sevgililər körpüsündə” Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi haqqında 16 may 2017-ci il tarixli Sərəncamına müvafiq olaraq sözügedən ildönümünün qeyd olunması çərçivəsində “Bakı – müasirlik və qədimliyin harmoniyası” adlı açıq səma altında foto-sərgi təşkil olunmuşdur.

Sərgidə Sofiya şəhərinin meri Yordanka Fandıkova, Q.S.Rakovski adına Hərbi Akademiyasının rəisi, general-mayor Qrudi Anqelov, Bolqarıstan Elmlər Akademiyasının Folklor və Etnoqrafiya Araşdırmaları İnstitutunun direktoru Petko Hristov, Bolqarıstanın dövlət və özəl qurumlarının nümayəndələri, bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbər və əməkdaşları, Azərbaycan-Bolqarıstan Dostluq Cəmiyyətinin üzvləri, KİV, QHT nümayəndələri və şəhər sakinləri iştirak etmişlər.

Tədbirdə çıxış edən Sofiya şəhərinin meri Y.Fandıkova Azərbaycan tarixinin önəmli hadisələrindən olan AXC-nin yaradılmasının 100 illik yubileyinin Meriya ilə birgə qeyd edilməsindən məmnunluğunu bildirmiş və bu yubiley münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırmışdır. Bir müddət öncə səfir N.Qurbanova ilə birgə "Vrana" park-muzeyində Azərbaycandan xüsusi gətirilmiş 3 şərq çinarı ağacının əkildiyini (Platanus Orientalis) xatırladan Y.Fandıkova Meriya ilə Səfirliyin sıx əməkdaşlıq etdiyini və Sofiyanın özünəməxsus məkanlarından olan “Sevgililər körpüsündə” cari sərginin təşkilini uğurlu əməkdaşlığın bariz nümunəsi kimi qiymətləndirmişdir. Şəhər rəhbəri sərgidə nümayiş olunan foto-şəkillərin bolqar fotoqraf tərəfindən çəkildiyinə xüsusi diqqət yönəldərək bu məqamın vacibliyindən bəhs etmiş, sərginin yerli sakinlərə və şəhərin qonaqlarına Bakını bolqar fotoqrafın gözü ilə görməyə imkan yaratdığını əlavə etmişdir. Bakı və Sofiya şəhərlərinin qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu qeyd edən Y.Fandıkova cari ilin yanvar ayından etibarən şəhərlərimiz arasında birbaşa hava əlaqəsinin açıldığına istinad edərək qeyd olunan hava əlaqəsinin hər iki şəhərin daha da yaxınlaşmasına əlavə töhfə verəcəyinə inamını ifadə etmişdir.

Çıxış edən səfir N.Qurbanova bu gözəl körpüdə təşkil olunan sərginin Bolqarıstanın ev sahibliyi etdiyi və Asiya və Avropa arasında Böyük İpək Yolunun canlandırılması yolunda perspektivli təşəbbüs olan 16+1 sammiti ilə əlamətdar olduğunu bildirmişdir. Belə ki, tarixən Bakı bu Yol boyunca vacib qovşaq olmuşdur.

Səfir “Bakı – müasirlik və qədimliyin harmoniyası” adlı sərginin zəngin tarixi və mədəniyyəti ilə seçilən Azərbaycan paytaxtının gözəlliklərini görməyə imkan yaratdığını qeyd etmişdir. O davam etmişdir ki, Bakının möhtəşəm görüntüsü “neft bumu” dövründə Avropa və Şərq mədəniyyətləri arasında baş vermiş özünəməxsus sintezin mirasıdır.

Səfir “Dar və geniş, sakit və səs-küylü Bakı küçələri ilə addımlayarkən insan möcüzəli bir dövrə dalır. O dövr ki, kiçik bir qala şəhərini dünyanın neft paytaxtına çevirən fenomen yaradıb. O dövrdə tikilmiş möhtəşəm saraylar və iqamətgahlar öz ecazkar fasadları ilə indi də bir-biri ilə rəqabət aparır” deyə əlavə etmişdir.

N.Qurbanova dünyanın dəniz səviyyəsindən ən alçaqda yerləşən paytaxtı Bakının yalnız Şərqlə Qərbin özünəməxsus kombinasiyası ilə deyil, həmçinin valehedici abidələri ilə tanındığını diqqətə çatdırmışdır. Bu memorialların böyük əksəriyyətinin ədəbi xadimlərə həsr olunduğunu söyləyən səfir Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi barədə qısa məlumar verərək 12-ci əsr dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin adını daşıyan muzey binasının 1918-1920-ci illərdə cari ildə 100 illik yubileyini qeyd etdiyimiz və müsəlman və türk dünyasında ilk parlament respublikası olan AXC-nin nümayəndələri tərəfindən istifadə olunduğu barədə danışmışdır.

Daha sonra qonaqları Bakının digər görməli yerləri olan Fəvvarələr Meydanı, Dənizkənarı Milli Park, Kiçik Venesiyaya xəyali ekskursiyaya aparan səfir doğma Bakı bulvarının ev sahibliyi etdiyi Azərbaycan Xalça Muzeyindən bəhs etmişdir. O əlavə etmişdir ki, 50 yaşlı muzey dünyada ilk ixtisaslaşmış xalça muzeyidir.

Bakının tarixi abidələrinə diqqət çəkən N.Qurbanova tədbir iştirakçılarına İçəri Şəhər, Şirvanşahlar sarayı, Qız Qalası barədə məlumat vermişdir. O davam etmişdir ki, orta əsr Bakısının ətri duyulan İçəri Şəhər, 15-ci əsr memarlığının parlaq nümunələrindən olan Şirvanşahlar sarayı, Bakının ən çox sevilən rəmzlərindən hesab olunan Qız Qalası YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş ərazilərdir.

Sərginin adından da göründüyü kimi, Bakının tarixilik və müasirliyin sintezi olduğuna diqqət çəkən səfir qədim ürəyə malik müasir şəhər olan Bakının yeni rəmzləri sayılan Alov Qüllələri, Heydər Əliyev Mərkəzi, Bakı Kristal Zalı barədə məlumat vermişdir. Zəngin mətbəximizə toxunan səfir qədim Odlar yurdunun paytaxtında dadılması qaçılmaz olan milli təamlarımızdan bəhs etmişdir. Sonda səfir “Yüz dəfə eşitməkdənsə, bir dəfə dəfə görmək yaxşıdır” təbiri ilə qonaqları paytaxtımızın füsunkar gözəlliyini görmək və multikultural mühitini duymaq üçün Bakıya dəvət etmişdir.

Tədbir Bolqarıstan mətbuatında geniş işıqlandırılmışdır. Bolqarıstanın aparıcı xəbər agentliklərindən olan “Fokus” xəbər agentliyi, Bolqarıstan Jurnalistlər İttifaqının internet səhifələrində tədbirlə bağlı məqalələr yerləşdirilmişdir.

növbəti xəbər əvvəlki xəbər