2018-12-11
Sofiyada ümummilli lider Heydər Əliyevin xatirəsi anılmışdır

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100 illik yubileyi münasibətilə Bolqarıstanın Kitabxanaçılıq Tədqiqatları və İnformasiya Texnologiyaları Universitetində tələbə və müəllim heyətinə “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və müasir Azərbaycanın inkişafında ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda mühazirə oxunmuşdur.

Azərbaycan və Bolqarıstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə rektor Stoyan Dençev çıxış edərək ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə  inkişafından danışmışdır. Bu gün müxtəlif sahələr üzrə Azərbaycanla Bolqarıstan arasında uğurlu əməkdaşlıq münasibətlərinin mövcud olduğunu bildirən rektor bu münasibətlərin ulu öndər Heydər Əliyevin düzgün seçilmiş xarici siyasət siyasətinə söykəndiyini iştirakçıların diqqətinə çatdırmışdır. Müasir Azərbaycanın tərəqqisində xalqının ümummilli lideri Heydər ƏIiyevin misilsiz xidmətlərinə toxunan S.Dençev bu uğurlu siyasətinin cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini xüsusilə vurğulamışdır. Dünyaya inteqrasiya olunmasında Azərbaycan dövlət rəhbərliyinin mütərəqqi addımlar atdığını səsləndirən rektor bu uğurlu siyasətin Azərbaycanın dövlətçilik tarixi və ənənəsinə söykəndiyini bildirmişdir.

Daha sonra səfir Nərgiz Qurbanova mühazirə ilə çıxış edərək xalqımızın dövlətçilik tarixindən danışmış, 100 il bundan öncə müsəlman və türk dünyasında ilk parlamentli respublika olan AXC-nin yaradıldığını, bununla da Azərbaycan dövlətçiliyinin yeni formada bərpa olunduğunu diqqətə çatdırmışdır. AXC-nin “Müstəqillik Bəyannaməsi”ndən bəhs edən səfir sənəddə Azərbaycanın bütün dövlətlərlə, xüsusilə qonşu ölkələrlə dost münasibətlərin qurulması niyyətinin ifadə olunduğunu, həmçinin milliyyətindən, dinindən, sosial status və cinsindən asılı olmayaraq dövlətin bütün vətəndaşlarına bərabər mülki və siyası hüquqlar verdiyini bildirmişdir. Səfir bu dövlətin müsəlman və türk dünyasında qadınlara səsvermə hüququ verən ilk dövlət olduğunu və bu məsələdə bir çox Avropa ölkələrini geridə qoyduğunu diqqətə çatdırmışdır. Azərbaycanda yaşayan bütün millətlərin parlamentdə təmsil olunduğunu bildirən N.Qurbanova 120 millət vəkilinə malik parlamentin 11 fraksiyanı əhatə etdiyini, iki illik mövcudluğu ərzində parlamentin 230 qanun qəbul etdiyini qeyd etmişdir. Gənc dövlətin beynəlxalq tanınması uğrunda aparılan fəaliyyətdən bəhs edən səfir Parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyində nümayəndə heyətinin Paris sülh konfransında iştirakından və AXC-nin de-fakto tanınmasından söz açmışdır.

Həmçinin, AXC-nin beynəlxalq əlaqələrinə toxunan N.Qurbanova onun Türkiyə, Gürcüstan, Ermənistan və digər ölkələrdə diplomatik nümayəndəliklərinin, eyni zamanda Bakıda 16 ölkənin, o cümlədən Böyük Britaniya, Belçika, Danimarka, Yunanıstan, Gürcüstan, İtaliya, Litva, İran, Polşa və digərlərinin diplomatik nümayəndəliklərinin olması  barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.

AXC-nin 23 ay yaşamasını təəssüf hissi ilə qeyd edən səfir 1920-ci ilin aprelində bolşevik müdaxiləsi nəticəsində gənc dövlətin süqut etdiyini əlavə etmişdir. Qısa müddət yaşamasına baxmayaraq mütərəqqi dövlətin böyük uğurlar qazandığını əlavə edən səfir hazırkı dövlət rəmzlərindən üçrəngli bayraq və himnin əsasının məhz o dövrdə qoyulduğunu bildirmişdir. AXC-nin uğurlarından biri kimi 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması vurğulanmış, müsəlman və türk dünyasının ilk parlament respublikasının demokratik dəyər, ideya və ənənələrinin gələcək nəsillərin qəlb və düşüncələrində yaşamaqda davam etdiyi ifadə olunmuşdur.

1990-cı il 17 noyabr tarixində ümummilli lider Heydər Əliyevin rəhbərliyində Azərbaycanın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin tarixi iclasında üçrəngli bayrağımızın yenidən qaldırıldığı iştirakçıların diqqətinə çatdırılmışdır. Ardınca bir neçə ay sonra Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpa olunduğu və Azərbaycan Respublikasının AXC-nin varisi elan olunduğu qeyd olunmuşdur.

N.Qurbanova 71 il sonra dünya ictimaiyyətinə yenidən bərabərhüquqlu üzv kimi qoşulan Azərbaycanın müstəqilliyinin ilk illərinin çox ağır günlərin şahidi olduğunu təəssüf hissi ilə qeyd etmişdir. Səfir tarixən erməni millətçilərinin Azərbaycan torpaqlarına göz tikməsi, onların əsrlər boyu Ermənistanda yaşayan soydaşlarımızı zorla deportasiya etməsi, ölkəmizə qarşı hərbi təcavüz edərək ərazimizin 20%-ni işğal etməsi və bunun nəticəsində 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsinə, minlərlə həmvətənlərimizin, o cümlədən uşaqların, qadınların və yaşlıların ölümünə səbəb olması barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.

Səfir davam etmişdir ki, bütün çətinliklərə baxmayaraq son 25 il ərzində Azərbaycan çox uğurlu bir inkişaf yolunu keçərək qlobal və regional proseslərə böyük töhfə verən ölkəyə çevrilmişdir. O, bu uğurlu siyasətin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğu və hazırda onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildiyini əlavə etmişdir.

Mühazirə zamanı ölkəmiz üçün çətin bir dövrdə Heydər Əliyev kimi təcrübəli siyasətçi və dövlət xadiminin xalqın iradəsi ilə 1993-cü ilin iyun ayında yenidən hakimiyyətə gələrək Azərbaycanı çətin durumdan çıxardığı vurğulanmışdır. Bu xüsusda, müasir Azərbaycanın inkişafında ümummilli lider Heydər Əliyevin əvəzolunmaz rol və xidmətlərindən danışan N.Qurbanova bütün bu nailiyyətlərin dahi şəxsiyyətin uzaqgörən siyasətinin uğurlu bəhrəsi olduğunu qeyd etmişdir. Məhz bu siyasətin nəticəsində ölkəmiz həm siyasi, həm də sosial-iqtisadi baxımdan öz nüfuzunu artıra bilmiş və tək özünün deyil, qonşu ölkələrin də inkişafına vacib töhfə vermişdir. Azərbaycan bir çox iri miqyaslı layihələrə imza atdığını söyləyən səfir əsası Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyası barədə danışmış, “Əsrin müqaviləsi” barədə məlumat vermişdir.

Dahi rəhbərin digər ölkələrlə dostluq əlaqələrinin inkişaf etdirilməsi siyasətini xüsusilə vurğulayan səfir bu kontekstdə Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlıq münasibətləri xatırlamış, Heydər Əliyevin Bolqarıstana, eləcə də Bolqarıstanın mərhum prezidenti Jelyu Jelevin Azərbaycana səfərindən söz açmışdır. İki prezident tərəfindən əsası qoyulan bu ənənənin sonrakı prezidentlər tərəfindən uğurla davam etdirildiyinə diqqət çəkilmişdir. Azərbaycanın regionda Bolqarıstanın yeganə strateji tərəfdaşı olduğunu vurğulayan səfir 4 mart 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sofiyaya rəsmi səfəri zamanı ölkələrimiz arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalandığını söyləmişdir. Ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın mövcudluğu bildirilmişdir.

Səfir N.Qurbanova bu il Azərbaycan xalqının ümummilli lideri, dahi siyasi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 95 illiyinin qeyd olunduğunu və onun əziz xatirəsinin xalqımız tərəfindən dərin hörmət və ehtiramla yad edildiyini diqqətə çatdırmış və tələbələrin sual və şərhlərini cavablandırmışdır.

Mühazirə çərçivəsində iştirakçılara ölkəmiz barədə jurnallar paylanılmış və sonda Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunmuşdur.

növbəti xəbər əvvəlki xəbər