2018-11-01
30 oktyabr 2018-ci il tarixində Bolqarıstanın aparıcı elm-təhsil ocaqlarından biri olan Kliment Oxridski adına Sofiya Universitetinin Aula Maqna zalında “Qoşulmama Hərəkatı çoxqütblü dünyada: onun beynəlxalq sülh və təhlükəsizliyin qorunması və təşviq olunmasında rolu” mövzusunda beynəlxalq konfrans uğurla keçirilmişdir.

Qoşulmama Hərəkatının yaradılmasında mühüm tarixi hadisələr olan 1955-ci il Bandunq Konfransının 63-cü illiyinə və 1961-ci ildə Belqradda təşkil edilmiş Birinci Sammit Konfransının 57-ci illiyinə həsr olunmuş bu tədbirin məqsədi 2011-ci ildən ölkəmiz də üzv olduğu Qoşulmama Hərəkatının təsisçi prinsiplərinin, ideallarının və məqsədlərinin, həmçinin 120 dövlətin üzvü olduğu bu mötəbər təşkilatın qlobal sülh və təhlükəsizlik, iqtisadi inkişaf və sosial tərəqqinin təşviqinə və inkişaf edən ölkələrin maraqlarının irəlilədilməsinə töhfəsinin Bolqarıstanda təbliğ etmək olmuşdur.

Konfrans Qoşulmama Hərəkatına sədrlik edən Venesuelanın Bolqarıstanda Səfirliyinin təşəbbüsü ilə və 2019-2022-ci illərdə sədrlik edəcək Azərbaycanın Bolqarıstanda Səfirliyinin fəal təşkilati səyləri ilə mümkün olmuşdur. Beynəlxalq münasibətlər üzrə Bolqarıstanda ən peşəkar mütəxəssislərdən biri olan, bu ölkənin sabiq xarici işlər nazirinin müavini olmuş, hal-hazırda isə Sofiyada yerləşən İqtisadiyyat və Beynəlxalq Münasibətlər İnstitutunun direktoru olan Lyubomir Küçükovun moderatorluğu ilə baş tutmuş bu konfransda Bolqarıstan Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri və digər dövlət qurumlarının səlahiyyətli nümayəndələri, Sofiyada akkreditə olunmuş diplomatik korpusun üzvləri, yerli mətbuat nümayəndələri, tələbələr və mövzuya maraq göstərmiş bolqar vətəndaşları iştirak etmişlər.

Tədbiri giriş sözləri ilə Venesuelanın Bolqarıstan səfiri Oriyetta Kaponi, Azərbaycanın Bolqarıstanda səfiri Nərgiz Qurbanova və Kliment Oxridski adına Sofiya Universitetinin rektoru, professor Anastas Qerdcikov açmışlar.

Venesuela səfiri Oriyetta Kaponi Qoşulmama Hərəkatının son 60 il ərzində inkişaf prosesinə nəzərə yetirərək ölkəsinin bu beynəlxalq təşkilatda sədrliyi dövründə görülmüş işlər barədə məlumat vermişdir.

Səfir Nərgiz Qurbanova kəskin ideoloji qarşıdurma dövründə beynəlxalq münasibətlərdə alternativ səs kimi yaradılmış Qoşulmama Hərəkatının beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsi məqsədilə qlobal səylərdə mühüm tərəfdaşa çevrildiyini qeyd etmişdir. O, Soyuq Müharibənin bitməsinə rəğmən Qoşulmama Hərəkatının beynəlxalq münasibətlərdə unikal rolunun davam etdiyini bildirərək 1955-ci ildə Bandunq Konfransında qəbul edilmiş 10 Təsis Prinsipin, o cümlədən bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətin aktuallığını xüsusilə vurğulamışdır. Azərbaycanın Qoşulmama Hərəkatına töhfəsi, o cümlədən “Davamlı İnkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda 5-6 aprel 2018-ci il tarixində Bakıda keçirilmiş 18-ci xarici işlər nazirlərinin aralıq nazirlər konfransı haqqında danışan səfir 2019-2022-ci ildə ölkəmizin sözügedən beynəlxalq təşkilatda sədrlik edəcəyi və 2019-cu ildə Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının Sammitinə ev sahibliyi edəcəyi barədə məlumat vermişdir.

Kliment Oxridski adına Sofiya Universitetinin rektoru, professor Anastas Qerdcikov rəhbərlik etdiyi elm-təhsil ocağının akademik icması adından Qoşulma Hərəkatının təsis prinsiplərinə dəstək ifadə edərək, Sofiya Universitetinin Hərəkatın üzv ölkələrinin universitetləri ilə sıx əməkdaşlıq etdiyini bildirmiş və konfransı beynəlxalq sülh və sabitliyin təşviqinə töhfə kimi qiymətləndirmişdir.

Konfransda fəxri qonaq qismində Bolqarıstan Respublikasının vitse-Prezidenti xanım İliyana Yotova çıxış etmişdir. Dəvətə görə Venesuela və Azərbaycan səfirlərinə təşəkkür edən xanım Yotova üzvlərinin sayı 1960-ci illərdən 25-dən 120-dək artdığı Qoşulmama Hərəkatının dünya əhalisinin 55%-ni təmsil etdiyini və bu baxımdan bu dövlətlərin dəstəyinin BMT-də xüsusi çəkiyə malik olduğunu vurğulamışdır. oşulmama Hərəkatının rolunu inkişaf edən ölkələrin çoxtərəfli forumlarda səsi kimi təsvir edən Bolqarıstan vitse-prezidenti Hərəkatın əsasını təşkil edən prinsiplərin, o cümlədən ərazi bütövlüyü və suverenitetə qarşılıqlı hörməti daima aktuallıq kəsb etdiyini xüsusilə qeyd etmişdir. O, müasir dünyada gərginliyin artığını qeyd edərək, beynəlxalq sülhün və təhlükəsizliyin təşviqi üçün müxtəlif xalqlar və mədəniyyətlər arasında fəal dialoqun aparılmasının vacib olduğunu bildirmişdir. Çıxışı zamanı o, həmçinin cari ilin aprel ayında Bakıda keçirilmiş nazirlər konfransının regional təhlükəsizlik və sosial-iqtisadi inkişafa xüsusi diqqət ayırdığını və bu məqamların iclasın yekun sənədində əks olunduğunu yüksək qiymətləndirmişdir.

Bundan sonra tədbirdə məruzəçilər qismində iştirak edən Serbiyanın Bolqarıstanda səfiri Vladimir Çurqus, Venesuelanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Xorxe Valero, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəis müavini Yalçın Rəfiyev, həmçinin Bolqarıstanın elmi dairələrinin görkəmli nümayəndələri olan professorlar İskra Bayeva, Nina Dülgerova və Dinko Dinkov Qoşulmama Hərəkatının tarixi və inkişafı, beynəlxalq münasibətlərdə hazırkı rolu və onun qlobal gündəliyin icrasına töhfəsi, həmçinin gələcəyi barədə çıxış etmişlər. Bu xüsusda Xarici İşlər Nazirliyinin nümayəndəsi Yalçın Rəfiyev Azərbaycan Respublikasının Qoşulmama Hərəkatında 2019-2022-ci illərdə sədrliyinin prioritetlərini təqdim etmişdir.

Konfrans çərçivəsində İndoneziyanın Bolqarıstandakı Səfirliyi tərəfindən Bandunq Konfransına həsr olunmuş foto-sərgi də təşkil edilmişdir.

növbəti xəbər əvvəlki xəbər