2018-09-18
Azərbaycan mədəniyyətinin Bolqarıstan paytaxtında təbliği davam edir

Azərbaycan mədəniyyəti, mətbəxi və xalçaçılıq sənətinin Bolqarıstanda təbliğinin davamı olaraq Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyi cari ilin sentyabr ayında Sofiyada açıq havada baş tutmuş bir neçə tədbirdə iştirak etmişdir.

 

Belə ki, 14-17 sentyabr 2018-ci il tarixində Bolqarıstanın Elmlər Akademiyasının Etnologiya və Folklor İnstitutu, Paytaxt Bələdiyyəsi və “Trakyalıların yolu” fondunun birgə təşkilatçılığı ilə keçirilən “Xalça Yolu” adlı incəsənət instalyasiyasında Azərbaycan xalçaları nümayiş etdirilmişdir. Sofiyanın mərkəzində yerləşən və insanların istirahəti üçün gözəl məkanlardan olan Etnoqrafiya Muzeyinin parkında baş tutmuş bu tədbir “Avropa İrs Günləri – Sofiya 2018” proqramına daxil edilmişdir.

21-23 sentyabr 2018-ci il tarixində isə Bolqarıstanın “Hərbi Akademiyası” parkında “Trakyalıların yolu” fondu tərəfindən təşkil edilmiş “Ənənələrin canlı alovu” adlı festivalda ölkəmizin xalçaçılıq sənəti ilə bərabər ziyarətçilərə Səfirlik tərəfindən hazırlanmış stenddə çay içmə mərasimi nümayiş etdirilmişdir. Tədbir iştirakçılarına Azərbaycanda ənənəvi olaraq armudu stəkanda samovar çayının içildiyi, qara çayın ölkəmizin cənub regionlarında yetişdirildiyi, çayın dəmləmə üsulu və çay süfrəsinin bəzədilməsi barədə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanda aparılan arxeoloji qazıntılar nəticəsində erkən dəmir dövrünə aid tuncdan hazırlanan samovar nümunəsi aşkar olunmuşdur. Şəkidə tapılmış ən qədim samovarın 3700 il yaşı olduğu və onun 2000 il yaşı olan qədim Misir samovarından da qədim olduğu diqqətə çatdırılmışdır. Stend ziyarətçilərinə limonlu samovar çayı, Azərbaycan şirniyyatları və çərəz paylanılmışdır.

Hər iki tədbirin iştirakçıları həmçinin Azərbaycan xalçalarının xüsusiyyətləri barədə məlumatlandırılmışdır. Ölkəmizin müxtəlif regionlarında toxunan xalçaların naxış, kompozisiya və rəng çalarlarına görə fərqləndiyi qeyd olunaraq, xalça istehsalında ən çox Bakı, Qarabağ, Şirvan, Quba, Qazax və Gəncə regionların tanındığı tədbir iştirakçıların diqqətinə çatdırılmışdır.

Tədbir iştirakçıları Azərbaycanın tarixi, adət-ənənələri, turizm potensialı və görməli yerləri barədə məlumatlandırılmışdır.

Tədbirlərdə həmçinin Bolqarıstan, İran, Mərakeş və Cənubi Amerika regionunun xalçaları, eləcə də Bolqarıstan və İndoneziyanın sənət nümunələri, mətbəx, musiqi, rəqslər və milli geyimləri nümayiş etdirilmişdir.

növbəti xəbər əvvəlki xəbər