2018-09-19
Bolqarıstanın Gəncə ilə qardaşlaşmış Varna şəhərində Azərbaycan mədəniyyəti nümayiş olunub

Bolqarıstanın Varna şəhərinin İncəsənət Qalereyasında Səfirliyin təşəbbüsü və Varna Şəhər Bələdiyyəsinin dəstəyilə “Bakı – qədimlik və müasirliyin harmoniyası” və “Qədim Qafqaz Albaniyasının irsi: Azərbaycanda multikulturalizm ənənələri” adlı foto-sərgilər təşkil olunmuşdur.

Tədbirdə Varna şəhərinin merinin müavini Kosta Bazitov, meriyanın əməkdaşları, Qalereyanın rəhbərliyi, Varna şəhərinin mədəniyyət, incəsənət və media nümayəndələri, eləcə də şəhər sakinləri iştirak etmişlər.

Sərginin açılışında çıxış edən səfir bu sərgilərin Azərbaycanın ikinci böyük şəhəri Gəncə ilə qardaşlaşmış Varna şəhərində açılmasının rəmzi məna daşıdığını bildirmiş və ötən il şəhərin Gəncədən ”Avropa Gənclər Paytaxtı”nın açarlarını aldığını əlavə etmişdir.

O, “Bakı – qədimlik və müasirliyin harmoniyası” adlı sərginin qədim tarix və zəngin mədəniyyətə malik paytaxtımızın cazibədarlığını görməyə imkan yaratdığını söyləmişdir. Səfir Bakının özünəməxsus obrazının ötən əsrin əvvəlində “neft bumu” dövründə Avropa və Şərq mədəniyyətlərinin birləşdirən unikal sintezin irsi olduğunu söyləmişdir.

Səfir Bakı küçələrində insanın özünü ecazkar bir dövrdə xəyal etdiyini vurğulamış və həmin dövrdə tikilmiş əsrarəngiz saraylar və iqamətgahların hələ də öz gözəllikləri ilə bir-biri ilə rəqabət apardığını qeyd etmişdir.

N.Qurbanova dünyanın dəniz səviyyəsindən ən alçaqda yerləşən paytaxtı olan Bakının valehedici abidələri barədə məlumat verərək Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi barədə danışmışdır. O, 12-ci əsr dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin adını daşıyan muzey binasının 1918-1920-ci illərdə cari ildə 100 illik yubileyini qeyd etdiyimiz və müsəlman və türk dünyasında ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndələri tərəfindən istifadə olunduğunu xatırlatmışdır.

Daha sonra qonaqlara Bakının digər tarixi və görməli yerləri olan Dənizkənarı Milli Park, İçəri Şəhər, Şirvanşahlar sarayı, Qız Qalasını tanıtmışdır. O, Bakı bulvarının ev sahibliyi etdiyi Azərbaycan Xalça Muzeyindən, orta əsr Bakısının ətri duyulan İçəri Şəhər, 15-ci əsr memarlığının parlaq nümunələrindən olan Şirvanşahlar sarayı, Bakının ən çox sevilən rəmzlərindən hesab olunan Qız Qalasından və bu abidələrin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsindən bəhs etmişdir.

N.Qurbanova sərginin həmçinin zəngin xristian irsi nümunəsində Azərbaycanın çoxəsrlik multikulturalizm və tolerantlıq ənənələrini nümayiş etdirdiyinə diqqət çəkmişdir. E.ə. 4-cü əsrdən eramızın 8-ci əsrinə qədər müasir Azərbaycan ərazisində mövcud olan Qafqaz Albaniyası barədə məlumat verən səfir burada xristianlığın eramızın 1-ci əsrindən etibarən yayılmağa başladığını, bu prosesin Kiş kəndinə gələrək burada kilsənin əsasını qoyan apostol Yeliseyin adı ilə bağlı olduğunu, eramızın 4-cü əsrində alban çarı Urnayrın dövründə xristianlığın dövlət dininə çevrildiyini vurğulamışdır.

Varna şəhərinin merinin müavini K.Bazitov çıxış edərək Varna şəhərinin Azərbaycanla bağlı belə bir sərgiyə ev sahibliyi etməsindən məmnunluğunu ifadə etmiş, bu kimi tədbirlərin iki xalq arasında mədəni əlaqələrin daha güclənməsinə təkan verəcəyini bildirmişdir. Gəncə ilə Varna şəhərləri arasında qardaşlaşma əlaqələrinin əlaqələrinin mövcudluğuna toxunan K.Bazitov bu kimi tədbirlərin şəhərlərimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından vacibliyini qeyd etmişdir.

Tədbir Bolqarıstan mətbuatında geniş işıqlandırılmışdır. FocusЧерно Море xəbər agentliklərinin, FocusDariknews radiolarının internet səhifələrində, www.dnesplus.bg xəbər saytında tədbirlə bağlı məqalələr yerləşdirilmişdir.

Qeyd edək ki, Bolqarıstanın dəniz paytaxtı olan Varna şəhərində həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 və Azərbaycan kino tarixinin 120 illik yubileyləri ilə əlaqədar  Beynəlxalq film festivalı çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu “Əli və Nino” filmi nümayiş olunmuşdur.

Festival yalnız Varna şəhərinin deyil, eləcə də dünya film sənayesinin həyatında mühüm incəsənət tədbirlərindən hesab olunur. 1993-cü ildən etibarən təşkil olunan festival hər il Varna şəhərində keçirilir. Hər il təqribən 20.000 izləyici qəbul edən Festival çərçivəsində həmçinin seminar, təlim, müzakirə və görüşlər təşkil olunur.

Gecədə yuxarıda qeyd olunan yubileylərlə yaxından əlaqəli olan “Əli və Nino” filmi barədə məlumat verilərək filmin Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsi fonunda iki gəncin məhəbbət hekayəsindən bəhs edildiyini, bir tərəfdən filmdə müsəlman Azərbaycan gənci ilə xristian gürcü qızı arasında məhəbbətin təsvir olunduğu, digər tərəfdən Azərbaycanda AXC-in yaranmasından öncə və sonra cərəyan edən siyasi proseslərin əks olunduğu bildirilmişdir. Filmdəki hadisələrin Tbilisi, Tehran, Dağıstan, eləcə də Bakıda İçəri Şəhər, Gəncə və Dağlıq Qarabağda Azərbaycanın mədəni mərkəzi olan və hazırda Ermənistan tərəfindən işğal altında olan Şuşada cərəyan etdiyi barədə məlumat verilmişdir.

Filmin həmçinin Azərbaycanın qədim dinlərarası tolerantlıq və multikulturalizm ənənələri ilə bağlı olduğu diqqətə çatdırılmış və ADR hökumətinin  çoxsaylı millətlərdən formalaşdığını xüsusilə vurğulanmışdır.

Sonra film nümayiş olunmuş və izləyicilər tərəfindən böyük maraqla qarşılanmışdır.

növbəti xəbər əvvəlki xəbər