2019-03-08
Azərbaycan Səfirliyi Bolqarıstanda qadınların ictimai həyatda iştirakının vacibliyinə həsr olunmuş təşəbbüsdə iştirak etmişdir

Azərbaycan Səfirliyi Böyük Britaniyanın Bolqarıstandakı Səfirliyinin təşkilatçılığı və Bolqarıstan Respublikasının Vitse-prezidenti İliana Yotovanın dəstəyi ilə Bolqarıstanda keçirilən “Bir günlük Səfir” adlı təşəbbüsdə aktiv iştirak etmişdir. İki il ardıcıl olaraq keçirilən və qadınların ictimai həyatda iştirakının təşviqinə yönəlmiş bu təşəbbüs Bolqarıstanın müxtəlif regionlarından 13 istedadlı şagirdin seçilməsi, onlardan hər birinin bir Səfirlik və qeyri-hökumət təşkilatına təhkim olunmasını və beləliklə onların ölkənin ictimai həyatında aktiv iştirakına nail olunmasını nəzərdə tutur.

Təşəbbüs çərçivəsində Azərbaycan Səfirliyi üçün seçilmiş Vidin şəhərində kompyuter texnologiyaları sahəsində təhsil alan Qerqana Qeorqiyeva üçün cari ilin fevral və mart ayları ərzində bir sıra tədbirlər təşkil edilmişdir. Belə ki, səfir Nərgiz Qurbanova Q.Qeorgiyeva ilə görüş keçirmiş, ona Azərbaycan haqqında ətraflı məlumat vermiş, Səfirliyin fəaliyyəti, iki ölkə arasında mövcud əməkdaşlıq əlaqələri barədə ətraflı bəhs etmişdir.

Səfirlik tərəfindən Q.Qeorqiyevanın iştirakı ilə Sofiya şəhərinin İzgrev rayonunda yerləşən 105 saylı orta məktəbdə 4-cü sinif şagirdləri üçün robot texnikası üzrə açıq dərs təşkil edilmişdir. Dərs zamanı Q.Qeorgiyeva robot texnikası və onun tətbiq sahələri barədə şagirdlərə məlumat vermiş, onlara bu dərs üçün xüsusi hazırlanmış robotu nümayiş etdirmişdir. Daha sonra uşaqlarla Azərbaycanla bağlı online sual-cavab oyunu keçirilmişdir. Açıq dərsdə səfir Nərgiz Qurbanova, İzgrev rayonunun meri Tsvetomir Jekov və 105 saylı orta məktəbin direktoru Tsvetanka Kostadinova iştirak etmişlər. Dərsin sonunda şagirdlərə Azərbaycanda geniş qeyd olunan Novruz bayramı haqqında ətraflı məlumat verilmiş və milli şirniyyatlar paylanılmışdır.

Səfir N.Qurbanova və Q.Qeorgiyeva həmçinin bu təşəbbüsün yekun tədbirində də iştirak etmişdir. Tədbirdə bütün iştirakçılar bir araya gələrək təşəbbüs çərçivəsində görülmüş işlər, təşkil olunmuş fəaliyyətlər barədə məlumat vermiş, şagirdlər qazandıqları təcrübə və təəssüratları ilə bölüşmüşdür. Sonra bütün şagirdlər sertifikatla təltif edilmişdir. Tədbirə Bolqarıstan Respublikasının Vitse-prezidenti İliana Yotova,  Bolqarıstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbər və nümayəndələri qatılmışdır. Tədbir Bolqarıstan mediasında geniş işıqlandırılmışdır.

Qeyd olunmalıdır ki, Azərbaycan Səfirliyi başlanğıcdan bu təşəbbüsə qoşulmuş və 2018-ci ildə Boyana Vuynova adında Sofiyada təhsil alan tələbə ilə birgə təşəbbüsdə iştirak etmişdir.

növbəti xəbər əvvəlki xəbər