2019-07-12
Azərbaycan Bolqarıstanda keçirilmiş “Soleil” Beynəlxalq Frankofoniya Festivalında təmsil olunub

Azərbaycanın Bolqarıstandakı Səfirliyinin təşəbbüsü ilə bu ölkənin Qara dəniz sahilində yerləşən ən qədim şəhərlərindən olan Sozopol şəhərində keçirilmiş “Soleil” 9-cu Beynəlxalq Frankofoniya Festivalı çərçivəsində Azərbaycan mədəniyyəti gecəsi təşkil olunmuşdur.

 

Tədbirdə Sozopol şəhərinin meri Katya Stoyanova, Bolqarıstan Mədəniyyət nazirinin müavini Rumen Dimitrov, Bolqarıstanda akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbər və əməkdaşları, KİV nümayəndələri və şəhər sakinləri iştirak etmişlər.

 

Festival çərçivəsində “Qafqaz Albaniyasının irsi: Azərbaycanda multikulturalizm ənənələri” adlı foto-sərgi, “Şəhər motivləri” bədii filmi nümayiş olunmuş və qonaqlara Azərbaycanın ənənəvi çay süfrəsi təqdim olunmuşdur. Festival çərçivəsində baş tutmuş plenerdə 2 azərbaycanlı rəssam – Cəlal Ağayev və Elçin Hüseynli iştirak etmişdir. Onların çəkdikləri əsərlər plener çərçivəsində təşkil edilmiş sərgidə nümayiş olunmuşdur.

 

Tədbirdə çıxış edən səfir Nərgiz Qurbanova foto-sərginin zəngin xristianlıq irsi nümunəsində Azərbaycanın çoxəsrlik multikulturalizm və tolerantlıq ənənələrini təqdim etdiyini söyləmişdir. Səfir müasir Azərbaycan ərazisində e.ə. 4-cü əsrdən  eramızın 8-ci əsrinədək mövcud olmuş Qafqaz Albaniyası dövlətində 1-ci əsrdən etibarən xristianlığın yayılmağa başladığını əlavə etmişdir. Bu prosesin Şəki şəhəri yaxınlığında Kiş kəndinə gələrək burada indiyədək fəaliyyət göstərən “alban kilsəsinin anası” hesab olunan ilk məbədin əsasını qoyan apostol Yeliseyin adı ilə  bağlı olduğunu qeyd edən N.Qurbanova xristianlığın alban çarı Urnayr tərəfindən dövlət dininə çevrildiyini vurğulamış, bundan sonra ölkə ərazisində kilsə və monastırların tikilməyə başladığı bildirmişdir. Bu kilsənin nümayəndələri bu gün də öz dinlərinə sərbəst şəkildə etiqad etməyə davam edirlər.

 

Şərqlə qərb və şimalla cənubun qovşağında özünəməxsus məkanda yerləşən Azərbaycanda müxtəlif mədəniyyətlərin və sivilizasiyaların bir araya gəldiyini söyləyən səfir ölkəmizdə müxtəlif vaxtlarda islam, xristianlıq, iudaizm və digər dinlərin və etiqadların yayıldığını və qarşılıqlı əlaqədə olduğunu diqqətə çatdırmışdır.

 

Daha sonra Azərbaycanda çay mərasimləri barədə məlumat verən səfir çayın Azərbaycanda ən məşhur içki növü olduğunu, bunun dostluq və mehribanlıqla assosiasiya olunduğunu qeyd etmişdir. Məşhur “çay nədir, say nədir” deyimini xatırlayan səfir qış aylarında çayın isinmək, yayda isə sərinləmək üçün içildiyini bildirmişdir. O davam etmişdir ki, çay hər bir azərbaycanlı üçün sosial və mədəni həyatın bir hissəsidir, çay müxtəlif mürəbbə, o cümlədən ağ gilas, şaftalı, ərik, qoz, badımcan və digər şirniyyatlarla təqdim olunur. Ölkəmizdə çay mərasiminin özünəməxsus qaydalarının olduğunu vurğulayan səfir çayın xüsusi armudu stəkanlarda süfrəyə verildiyi barədə danışmış, armudu stəkanın fəlsəfəsindən söz açmışdır.

 

Samovarda hazırlanan çayın xüsusi dada malik olmasını qeyd edən səfir azərbaycanlı arxeoloq Tufan Axundovun qazıntılar zamanı aşkar etdiyi gildən olan samovarın dünyada tapılmış ən qədim samovar olduğu, Bolqarıstanın Qabrovo şəhəri ilə qardaşlaşmış Şəki şəhərində tapılan bu nümunənin 3.6 min yaşı olduğu barədə tədbir iştirakçılarını məlumatlandırmışdır. Azərbaycanda çayın çoxlu növünün olduğunu bildirən səfir 2015-ci ildən etibarən Bakıda beynəlxalq çay festivalının təşkil edildiyini diqqətə çatdırmışdır.

Festival çərçivəsində nümayiş olunan “Şəhər motivləri” filmi barədə bəhs edən N.Qurbanova filmin 5 qısametrajlı filmdən ibarət olduğunu, Bakının müxtəlif rayonlarında lentə alınan filmlərin hər birinin şəhər həyatı ilə bağlı olduğunu, 5 rejissorun meqapolis həyatının aydın və qaranlıq tərəflərini işıqlandırdığını, filmdə paytaxt Bakının ruhunun hiss olunduğunu, müxtəlif həyatlar və talelərlə yanaşı, filmdə Bakının qədimlik və müasirliyinin təqdim olunduğunu, İçərişəhər, Qız Qalası, Şirvanşahlar sarayı ilə bağlı təsvirlərin yer aldığını qeyd etmişdir.

Gecədə çıxış edən şəhər meri K.Stoyanova və Mədəniyyət nazirinin müavini R.Dimitrov festivalın əhəmiyyətindən bəhs edərək festival ilə Sozopolda yay turizm mövsümünün başladığına diqqət çəkmiş, eyni zamanda Azərbaycanın ötən il olduğu kimi, bu il də festivalda iştirakını yüksək qiymətləndirmişlər.

Tədbirin rəsmi açılışı Bolqarıstanın məşhur müğənnisi Yordanka Xristovanın konserti ilə baş tutmuşdur. Konsertdə müğənni Azərbaycan və bolqar dillərində “Qaya” qrupunun “Ey həyat, sən nə qəribəsən” mahnısını ifa etmiş və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Gecədə həmçinin səfir N.Qurbanova Bolqarıstan Milli Televiziyası və Bolqarıstanın aparıcı özəl kanallarından olan “Kanal 3”-ə müsahibə verərək nümayiş olunan sərgi barədə ətraflı məlumat vermiş, ənənəvi Azərbaycan çay süfrələri barədə danışmışdır.

Qeyd edək ki, Səfirlik Sozopol şəhərinin ictimai və mədəni həyatında böyük mədəni hadisə hesab olunan bu festivalda ötən il də iştirak etmişdir. Belə ki, festivalın ötən ilki sayında “Əli və Nino” filmi nümayiş olunmuş, Q.Qarayevin əsərlərindən ibarət musiqi parçaları səsləndirilmiş, ölkəmizin tarixi, mədəniyyəti, multikulturalizm ənənələri barədə “Bakı – müasirlik və qədimliyin harmoniyası” mövzusunda foto-sərgi təşkil olunmuş və Azərbaycan milli mətbəxinin ləziz təamları təqdim olunmuşdur.

 

növbəti xəbər əvvəlki xəbər