2019-02-19
Bolqarıstanın Sofiya şəhərində “Azərbaycana ekspedisiya – Qafqaz bəbirinin izlərilə” adlı foto sərginin aşılısı baş tutub

Azərbaycanın Bolqarıstandakı Səfirliyi və Bolqarıstanın Milli Təbii Tarix Muzeyinin birgə təşkilatçılığı ilə Sofiyada “Azərbaycana ekspedisiya – Qafqaz bəbirinin izlərilə” adlı foto sərginin açılış mərasimi keçirilmişdir. Sərgidə Bolqarıstanın Milli Təbii Tarix Muzeyinin direktoru Nikolay Spasovun başçılığı ilə bolqar alimlərinin 2018-ci ilin payızında Azərbaycanın Hirkan Milli Parkına ekspedisiyası zamanı çəkilmiş şəkillər və video çarxlar nümayiş etdirilmişdir.  

Bolqarıstanın Milli Təbii Tarix Muzeyində baş tutmuş sərginin açılışında muzeyin direktoru Nikolay Spasov, Bolqarıstanın Elmlər Akademiyasının sədri Yulian Revalski və Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova çıxış etmişlər.

Azərbaycana səfəri haqqında təəssüratları ilə paylaşan Nikolay Spasov ekspedisiyanın əsas məqsədinin nəsli kəsilmək təhlükəsində olan Qafqaz bəbiri, eləcə də ötən əsrin 70-ci illərində yoxa çıxmış Turan pələngi haqqında məlumatın yığılması olduğunu bildirmişdir. O, ekspedisiyanın uğurla başa çatdığını bildirərək, 3 gün ərzində piyada Talış Dağlarının meşələrini gəzdiklərini, müxtəlif yerlərdə foto-tələlər quraşdırdıqlarını və nəticədə bir neçə ay sonra Qafqaz bəbirinin şəkilləri çəkməyə müvəffəq olduqlarını söyləmişdir. Ekspedisiya nəticəsində bəbirlərin dağlıq yüksəkliklərində yaşadıqları, qış vaxtı isə qar yağanda dağların aşağı hissələrinə endikləri qeyd olunaraq onların sonrakı hərəkətinin müşahidəsinin davam etdiriləcəyi bildirilmişdir. Bu məlumatın sözügedən heyvan növünün mühafizəsi baxımından əhəmiyyətli və faydalı olduğu qeyd olunmuşdur.  N.Spasov həmçinin Təbiəti Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyi ilə birgə planlaşdırılan digər layihələr barədə söz açmışdır.

Yulian Revalski çıxışında sözügedən ekspedisiya və onun nəticələrindən heyran olduğunu bildirmişdir. O, 2018-ci ildə Bolqarıstanın Elmlər Akademiyasının nümayəndə heyətinin Azərbaycana səfər etdiyini qeyd edərək Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu və müxtəlif sahələri əhatə etdiyini söyləmişdir.

Daha sonra çıxış edən səfir Nərgiz Qurbanova ölkəmizin zəngin təbiəti haqqında bəhs edərək Qafqaz bəbiri də daxil olmaqla Azərbaycan faunasının 223 növünün “Qırmızı Kitab”a daxil edildiyini söyləmişdir. O, bildirmişdir ki, Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Şuranın “Qırmızı Kitabı”na əsasən Azərbaycanda 13-17 ədəd bəbir var ki, onlardan 3-4 ölkəmizin işğal olunmuş ərazilərində yaşayır. Bəbirlərin ölkəmiz ərazisində ən qədim qalıqlarının Azığ mağarasında aşkar edildiyini qeyd edən N.Qurbanova bundan əlavə müvafiq heyvan sümüklərinin Qobustan və Ağstafa mağaralarında tapıldığını, hazırda bu heyvanların əsasən Hirkan qoruğu və Naxçıvanda yaşadığını bildirmişdir. Səfir “İDEA” (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyi tərəfindən nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş bəbirlərin qorunması ilə bağlı həyata keçirilən “Böyük beşlik” və “Bəbirlərin mühafizəsi” adlı layihələri xüsusi qeyd etmişdir.   

Tədbirə Bolqarıstanın elm və ictimai xadimləri, diplomatik korpusun təmsilçiləri, KİV nümayəndələri və təbiətsevərlər qatılmışdır. Sərgi 2019-cu ilin martın 15-dək davam edəcək.   

Qeyd olunmalıdır ki, 2018-ci ilin 2-16 oktyabr tarixlərini əhatə edən Bolqarıstan alimlərinin Azərbaycana ekspedisiyası Azərbaycanın Milli Elmlər Akademiyası və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə baş tutmuşdur. 

növbəti xəbər əvvəlki xəbər