2019-03-19
Novruz bayramı təntənə ilə Sofiyada qeyd olunub

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi, Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyi və Bakı Slavyan Universitetinin Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə Sofiyada ölkəmizin qədim bayramlarından olan Novruza həsr olunmuş tədbir təşkil edilib. Tədbirdə istedadlı Azərbaycan rəssamı Cəmilə Həşımovanın “Türk Dünyasının Cənnət Bağları” adlı rəsm əsərləri sərgilənib və bolqar ifaçısı Ana Linçeva tərəfindən Azərbaycan və digər türkdilli xalqların xalq mahnıları,  tanınmış bəstəkarlarının əsərləri pianoda ifa edilib.

 

Tədbirdə ali qonaq qismində Bolqarıstan Respublikasının Vitse-prezidenti İliana Yotova və bolqar çarı Simeon Sakskoburqotski iştirak edib, Bolqarıstanın parlament nümayəndələri, ölkədə akkreditə olunmuş diplomatik missiya və beynəlxalq təşkilatların rəhbərləri, müxtəlif nazirliklər, ali təhsil müəssisələri və dini qurumların nümayəndələri, ölkənin aparıcı QHT və KİV təmsilçiləri və Azərbaycan diasporunun üzvləri tədbirə qatılıb. 

 

Tədbirdə çıxış edən İliana Yotova dəvət edildiyi üçün təşəkkürünü bildirərək, yeni ilin gəlməsinin rəmzi olan Novruzun beynəlxalq səviyyədə qəbul edildiyini bildirib. Vitse-prezident tolerantlıq, dostluq, harmoniya, bərabərlik və birliyin simvolu olan bu bayramın yaratdığı adət-ənənələr və mədəni müxtəlifliyin zamana tabe olmadığını söyləyib. O, mədəni diplomatiyanın vacibliyindən bəhs edərək Azərbaycan və Bolqarıstanın oxşar mədəni dəyərlərə malik olduğunu bildirib. Çıxışın sonunda İ.Yotova sevilən Bolqar şairlərindən olan Nikolay Liliyevin “Səssiz yaz yağışı” adlı şerindən bir parça oxuyub.   

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək türk dünyasının vacib bayramlarından olan Novruzun mənəvi dəyərlərə və humanizm ideyalara malik olduğunu, yenilik, sevgi, yeni istək və ümidlərin simvolu olduğunu qeyd edib. Xalqlarımızın genetik yaddaşının bir hissəsi olduğunu söyləyən G.Əfəndiyeva Novruz adət-ənənələrindən ətraflı bəhs edib. O, rəhbərlik etdiyi Fondun əsas məqsədinin türkdilli xalqların mədəniyyət və irsinin zənginliyini beynəlxalq səviyyədə təbliğ etməkdən ibarət olduğunu bildirib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin ölkə başçılarının dəstəyi ilə yaradılmış Fond tərəfindən müxtəlif sərgi, konsertlər, dəyirmi masalar, konfranslar və digər tədbirlərin təşkil edildiyi qeyd edilib. G.Əfəndiyeva rəssam Cəmilə Həşimovanın əsərlərindən söz açaraq onların türk dünyasının qədim tarixi, mədəniyyəti və ruhunu əks etdirdiyini, rəsmlərdə Novruzun gətirdiyi paklığa, xeyirxahlığa və mərhəmətə çağrıldığını vurğulayıb.         

Səfir Nərgiz Qurbanova öz çıxışında 300 milyondan çox insan tərəfindən 21 mart tarixində qeyd olunan Novruz haqqında ətraflı məlumat verərək bu bayramın ölkəmizdə xüsusi təntənə ilə qarşılandığını tədbir iştirakçıların diqqətinə çatdırıb. O, 3 min illik tarixə malik bu bayramın dərin fəlsəfəyə malik olduğunu, yazın gəlişi və yeni ilin başlanğıcı ilə bərabər, birliyin, qarşılıqlı anlaşmanın və tolerantlığının rəmzi olduğunu bildirib. Tolerantlıqdan söz açan səfir cari ildə görkəmli Azərbaycan şairi və filosofu İmaməddin Nəsiminin 650 illik yubileyinin qeyd olunduğunu qeyd edərək, onun yaradıcılığı barədə məlumat verib, Nəsiminin əsrlər öncə multikulturalizm və tolerantlıq barədə bəhs etdiyini söyləyib. N.Qurbanova Bolqarıstanda 1 mart tarixində geniş qeyd olunan Baba Marta bayramının da yazın gəlişini ehtiva etdiyini qeyd edərək bu bayramla Novruzun adət-ənənələrin fərqli olduğunu, lakin buna baxmayaraq dost azərbaycan və bolqar xalqları arasında güclü mədəni əlaqələrin daha da möhkəmlənməsinə əsas yaratdığını bildirmişdir.

Səfirlik tərəfindən təşkil olunmuş ziyafətdə qonaqlara Novruz xonçası və bayram rəmzləri olan şirniyyatlar təqdim edilib.

Tədbir Bolqarıstan mətbuatında işıqlandırılıb.

növbəti xəbər əvvəlki xəbər