2019-01-20
20 Yanvar hadisələri Bolqarıstanın nüfuzlu media qurumlarında geniş işıqlandırılmışdır

Bolqarıstanın nüfuzlu media qurumları olan Bolqarıstan Teleqraf Agentliyi, “Fokus” xəbər agentliyi, “Standart” və “Kırcaalihaber”onlayn qəzetləri və “Novini24/7” və “Glas.bg” xəbər portalları 1990-cı il 20 Yanvar hadisələri ilə bağlı silsilə xəbər və məlumatlar yayımlamışdır.

 

Xəbərlərdə Azərbaycan xalqının tarixinə qızıl qanla yazılmış 1990-cı il 20 Yanvar hadisələrindən artıq 29 ilin ötdüyü qeyd olunaraq faciənin tarixə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız insanların qəddarcasına qətlə yetirilməsi, hərbi təcavüz və cinayətə məruz qalması, eyni zamanda bir xalqın milli azadlığı və müstəqilliyi uğrunda mərd Vətən övladlarının şəhidlik zirvəsinə yüksəlməsi kimi daxil olduğu qeyd olunmuşdur.

 

“Fokus” xəbər agentliyi, “Novini24/7” və “Glas.bg” xəbər portallarının internet səhifələrində Sovet rejiminin hərb maşının istiqlaliyyət, azadlıq, suverenlik istəyi ilə yaşayan Azərbaycan xalqının iradəsini qırmaq, demokratiya tələblərini boğmaq üçün 20 yanvar 1990-cı il tarixində qabaqcadan hazırlanmış təcavüzkarlıq aktını həyata keçirərək ağır cinayət törətdiyi bildirilmişdir. Xəbərlədə faciə nəticəsində BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulduğu qeyd olunmuşdur. Əlavə olunmuşdur ki, öz mahiyyəti və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən olan 20 Yanvar hadisələrinə indiyədək beynəlxalq hüquqi qiymət verilməmiş, qanlı aksiyanın sifarişçiləri və icraçıları cəzalandırılmamışdır. 

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın 1990-cı il 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar yaydığı bəyanat Bolqarıstan Teleqraf Agentliyinin internet səhifəsində rus və ingilis dillərinə olmaqla yayımlanmışdır. Bəyanatda faciə ilə bağlı hərtərəfli məlumat verilməklə onun BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-ə, YUNESKO-ya, Avropa İttifaqına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərildiyi əksini tapmışdır. 

 

“Kırcaalihaber”onlayn qəzetində bolqar dilində “Azərbaycanda 20 Yanvar 1990-cı il tarixli faciədən 29 il ötür” və türk dilində “Azərbaycanda 20 yanvar 1990-cı il Bakı qətliamının 29-cu ili” başlıqlı xəbərlər dərc olunmuşdur. Xəbərlərdə 20 Yanvar faciəsinin ötən əsr boyu xalqımıza qarşı yürüdülmüş məkrli siyasətin növbəti təzahürü olduğu vurğulanmışdır. Əlavə olunmuşdur ki, Sovet rəhbərliyinin himayədarlığı ilə Ermənistanın ölkəmizə qarşı başladığı əsassız ərazi iddiaları, 250 mindən artıq soydaşımızın Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması, onlara qarşı repressiya və etnik dözümsüzlük, Azərbaycanı parçalamaq və torpaqlarını zəbt etmək təşəbbüsləri bu siyasətin digər təzahürü olmuşdur. Qəzet qanlı hadisələr zamanı Azərbaycan xalqının igid övladlarının əsl fədakarlıq və qəhrəmanlıq nümunəsi göstərərək, milli ideallar uğrunda birləşdiklərini və sovet hərbçilərinin təcavüzünə qətiyyətlə sinə gəldiklərini vurğulamışdır. Sözügedən xəbərlərdə qanlı terror aktına ilk etirazın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən olunduğu qeyd olunaraq ulu öndərin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdiyi və əliyalın əhalinin kütləvi şəkildə qətlə yetirilməsinin hüquq, demokratiya və insanlığa zidd aksiya kimi kəskin ittiham etdiyi təsbit olunmuşdur. Bildirilmişdir ki, 20 Yanvar faciəsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı Fərmanda ulu öndər Azərbaycan Respublikasının Milli Məclisinə hadisəyə tam siyasi-hüquqi qiymət verilməsini tövsiyə etmiş, hadisənin hərbi təcavüz və cinayət kimi qiymətləndirilməsinin və təqsirkarların məsuliyyət dərəcəsinin müəyyənləşdirilməsinin təşəbbüskarı olmuşdur.

“Standart” qəzetində “Azərbaycan Qara Yanvarın 29-cu ildönümünü qeyd edir” başlığı ilə dərc olunmuş xəbərdə faciə barədə ətraflı məlumat verilməklə yanaşı, əməliyyat zamanı nəinki mülki şəxslərin öldürüldüyü, evlər və ictimai yerlərin atəşə tutulduğu, hətta təcili yardım maşınlarının tankların altına salınıb əzildiyi və yaralılara yardım göstərən tibb işçilərinin güllələndikləri qeyd olunmuşdur. Xəbərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın 1990-cı il 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar yaydığı bəyanata istinad olunaraq hadisələrin hüququ aspektləri barədə məlumat verilmişdir. Xəbərdə Azərbaycan ərazilərinin işğal olunmasına və onun ağır nəticələrinə toxunulmuş, Azərbaycan tərəfinin münaqişənin sülh yolu ilə həllinə mütəmadi olaraq səylər göstərdiyi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin münaqişənin sülh yolu ilə həlli üçün dəfələrlə və qətiyyətlə nüfuzlu beynəlxalq qurumların, o cümlədən BMT Baş Məclisinin toplantılarında təşəbbüslər göstərdiyi əks olunmuş xəbərdə nüfuzlu beynəlxalq qurumların müvafiq qərarlarında, o cümlədən Avropa Parlamentinin 12 dekabr 2018-ci ildə qəbul etdiyi qətnamədə Azərbaycanın ərazi bütövlüyünün təsbit olunduğu vurğulanmışdır. 

Bütün xəbərlərdə 20 Yanvar faciəsi zamanı 147 Azərbaycan vətəndaşı şəhid olduğu, 744 nəfərinin yaralandığı, 841 nəfərinin isə qanunsuz həbs olunduğu əksini tapmışdır.

 

növbəti xəbər əvvəlki xəbər