2016-05-09
İkinci Dünya Müharibəsində Qələbənin 71-ci ildönümü ilə əlaqədar Press-reliz

Press-reliz

9 may 2016-cı il

İkinci Dünya Müharibəsində Qələbənin 71-ci ildönümü

İkinci Dünya Müharibəsində qələbənin 71-ci ildönümünü qeyd edərkən biz böyük fəxr və qürur hissi ilə faşizm üzərində qələbədə Azərbaycan xalqının böyük fədakarlığını və özünəməxsus töhfəsini  xatırlayırıq. Müharibədə Azərbaycan böyük itkilər vermişdir. Azərbaycandan müharibədə 700.000-ə yaxın insan iştirak etmişdir ki, onların da təxminən  400.000 nəfəri, yəni hər 6 azərbaycanlıdan biri döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Ümumilikdə 123 nəfər Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170.000 insan müxtəlif orden və medallarla təltif edilmişdir.

Müharibədə Azərbaycanlılar yalnız ön cəbhədə cəsarət və qəhrəmanlıq göstərməmişdir. Belə ki, faşizm üzərində qələbədə Azərbaycan neftinin rolu danılmazdır. Müharibə dövründə Azərbaycan mühüm enerji tədarükçüsü olaraq Sovet İttifaqında istehsal olunan xam neftin, aviasiya yanacağının dörddə üçünü və yüksək kefiyyətli sürtkü məhsullarının təxminən 90 %-ni istehsal edirdi. Neftçilərin ağır əməyi nəticəsində Azərbaycan müharibənin ilk ilində 25.4 milyon ton neft istehsal etmişdir ki, bu da ölkənin bütün neft sənayesi tarixində rekord göstərici idi. Bu, Sovet İttifaqında neft hasilatının təxminən 72% demək idi. Bu nailiyyəti qeyd etmək məqsədilə, SSRİ-nin Ali Sovetinin 1942-ci il fevral tarixli Fərmanı ilə Azərbaycanın neft sənayesinin yüzlərlə işçisi müxtəlif orden və medallarla təltif edilmişdir.

Qeyd etmək lazımdır ki, müharibə dövründə Azərbaycanın görkəmli alimlərindən olan akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə yeni aviasiya yanacağı istehsalı texnologiyası kəşf edilmişdir.

1941-ci ilin sonlarında bir çox neftçilər müharibəyə getməyə məcbur olduqlarından qadınlar onları əvəz etməyə başladı. 1942-ci ilin yayında neft sənayesində 25.000-dən çox və ya bütün işçilərin 33 % qədər qadın 18 saat növbə ilə işləyirdi. Neft emalı və kimya zavodlarında qadınların faizi daha yüksək olub, 38 % təşkil edirdi. 1944-cü ilə bu rəqəm daha da artaraq 60 % olmuşdur.

Qələbə Günündən 71 il ötür. Müharibədə Azərbaycan xalqının nümayiş etdirdiyi rəşadət, qəhrəmanlıq, mərdlik, fədakarlıq və qələbəyə verdiyi töhfə gələcək nəsillərin yaddaşında qalacaqdır.

növbəti xəbər əvvəlki xəbər