2018-01-19

“20 Yanvar” faciəsinin 28-ci il dönümü

Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsi tarixdə böyük faciələr və ağır itkilərlə müşayiət olunmuşdur. Hər il Azərbaycan xalqı 1990-cı ilin 20 yanvar tarixində baş vermiş dəhşətli hadisələrin günahsız qurbanlarını və Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda etmiş soydaşlarını yad edir. Ümumxalq hüzn günü kimi qeyd etdiyimiz həmin tarix yaddaşlara Qara Yanvar kimi həkk olunmuş, eyni zamanda Azərbaycan xalqının istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olmuşdur.

 

Tarixi prizmadan yanaşdıqda Qara Yanvara aparan yolun məhz 1988-ci ilin ziddiyyətli hadisələrindən başlandığı məlum olur. Sovet rəhbərliyinin xeyir-duası ilə Ermənistanın Azərbaycana qarşı başladığı əsassız ərazi iddiaları xalqımıza qarşı repressiya və etnik dözümsüzlüklə nəticələnmiş, qəddar hücumlar nəticəsində, 250 mindən artıq azərbaycanlı Ermənistan ərazisində əsrlərboyu yaşadıqları doğma yurdlarını tərk etməyə məcbur edilmişlər. Onların Ermənistandan kütləvi deportasiyası zamanı ən azı 216 azərbaycanlı ermənilər tərəfindən öldürülmüş, 1154 nəfər isə yaralanmışdır. Azərbaycan xalqı isə Sovet rəhbərliyinin məkrli planlarına etiraz etmiş, Dağlıq Qarabağda ermənilərin separatçı və ekstremist hərəkətlərinin qarşısının alınmasını, ədalətin bərpa olunmasını demokratik yollarla tələb etmişdir.

 

Lakin xalqın dinc və haqlı tələblərinə M.Qorbaçov hökumətinin cavabı amansızasına olmuşdur. 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan xüsusi təlim keçmiş erməni əsilli əsgər və zabitlərin də iştirak etdiyi SSRİ Müdafiə Nazirliyinin bölmələri, DİN-in  xüsusi təyinatlıları və SSRİ DTK-nın “Alfa” qrupun üzvləri tərəfindən mülki əhali gülləbarana tutulmuşdur. Bakının zəbt edilməsi xüsusi qəddarlıqla müşayiət olunmuş, hərbi hücum nəticəsində 147 nəfər Azərbaycan vətəndaşı öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər isə əsassız həbs olunmuşdur.

 

Törədilən faciə zamanı Sovet silahlı qüvvələri nəinki mülki şəxslər, yaşayış binaları, mağazalar, tibb və digər müəssisələrə atəş açmış, hətta təcili tibbi yardım maşınlarını da hədəfə almış və yaralı insanlara yardım göstərilməsinə imkan verməmişdir. Bir çox mülki şəxs mənzillərin və  binaların girişində, habelə ictimai yerlərdə güllələnmiş, güllələrin dağıdıcı təsiri ölümsonrası tibbi ekspertiza zamanı məhkəmə ekspertləri və həkimlər tərəfindən öz təsdiqini tapmışdır.

 

Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqa mənəvi zərbə vurmaq məqsədi daşıyan qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkar aksiya ilə insan hüquqlarına dair bir çox beynəlxalq öhdəliklər, habelə keçmiş SSRİ və Azərbaycan SSR-in konstitusiyaları kobudcasına pozulmuşdur.

 

Azərbaycan xalqını müsibətə düçar etmiş 20 yanvar faciəsi bütün dünyada əks-səda doğurmuşdur. Bu beynəlxalq ictimai rəyin formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidməti olmuşdur. Belə ki, özünün və yaxınlarının həyatını təhlükə qarşısında qoyan ulu öndər yanvarın 21-də ilk olaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, buraya yığışmış azərbaycanlılar qarşısında çıxış etmiş, mətbuat konfransı keçirərək imperiya siyasətini və M.Qorbaçovun xalqımıza qarşı məkrli fəaliyyətini tənqid etmişdir.

 

Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilməmiş, milli qürurumuzu qırmağı bacarmamışdır. Faciə qəhrəmanlıq dastanı kimi  Azərbaycan elmi-ədəbi mühitində yeni səhifə açmış, şəhidlərimizin əziz xatirəsinə mahnı və musiqi kompozisiyalar bəstələnmiş, filmlər ithaf olunmuş, əsərlər həsr olunmuş və tamaşalar qoyulmuşdur.

 

Qara Yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi əbədi həkk olunmuşdur.

 

Arxiv üzrə axtarış