2019-04-15

Sofiyada Dahi Füzulinin yaradıcılığına həsr olunan ədəbi-bədii gecə təşkil olunub

Sofiyada Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşəbbüsü, Azərbaycanın Bolqarıstandakı Səfirliyinin dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Bolqarıstanın Müqəddəs Kiril və Metodiy adına Milli Kitabxanası və “Avropa və Dünya” Fondu ilə birgə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 525-ci ildönümü ilə əlaqədar şairin yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə təşkil olunmuşdur.

Tədbirdə Bolqarıstan Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun direktoru Elka Traykova, Müqəddəs Kiril və Metodiy adına Milli Kitabxananın direktor müavini Antoaneta Totomanova, Bolqarıstan Jurnalistlər İttifaqının sədri Snejana Todorova, “Avropa və Dünya” Fondunun rəhbəri Qerqina Dvoretska, Azərbaycan-Bolqarıstan Dostluq Cəmiyyətinin, Azərbaycan diasporunun üzvləri, KİV, QHT nümayəndələri şair və yazıçılar iştirak etmişlər.

Gecədə Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin tələbələrinin ifasında  qeyd edilən Universitet nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska və “Avropa və Dünya” Fondunun rəhbəri, şair və jurnalist Q.Dvoretska tərəfindən şairin bolqar dilinə tərcümə olunmuş qəzəlləri səsləndirilmişdir.

Gecədə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru S.Şıqayeva-Mitreska,  Müqəddəs Kiril və Metodiy adına Milli Kitabxananın direktor müavini A.Totomanova, Kitabxananın əməkdaşı Nevena Qramatikova, “Avropa və Dünya” Fondunun rəhbəri, şair və jurnalist Q.Dvoretska çıxış etmişlər.

Tədbirdə həmçinin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin tədbir iştirakçılarına ünvanlamış məktubu səsləndirilmişdir. Məktubda böyük Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin dünya lirik poeziyasının parlaq simalarından olması, onun ölməz qəzəllərinin bu gün də aşiqlərin qəlbini fəth etməsi, məhəbbət, xeyirxanlıq, humanizm hissləri aşılaması qeyd olunur.

Səfir N.Qurbanova çıxışında Məhəmməd Füzulinin 16-cı əsr Azərbaycan ədəbiyyatının parlaq nümayəndəsi və divan janrının ən möhtəşəm simalarından biri olduğunu, şairin 3 dildə - Azərbaycan, ərəb və fars dillərində qəzəl, qəsidə, rübai, qitə janrlarında təkrarolunmaz əsərlər yaratdığını diqqətə çatdırmış, onun yaradıcılığının zirvəsi olan “Leyli və Məcnun” poemasından bəhs etmişdir. Səfir 12-ci əsrin digər dahi Azərbaycan şairi Nizami Gəncəvinin yazılı ədəbiyyata gətirdiyi “Leyli və Məcnun” mövzusunun bir çox şairlər tərəfindən qələmə alınmasına baxmayaraq, Füzulinin ana dilində yaratdığı əsərin orijinallığı ilə bu mövzuda əvvəllər yazılmış poemalardan seçildiyini vurğulamış, görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun nəinki Azərbaycan, eləcə də müsəlman və türk dünyasında ilk opera janrında olan əsərinin məhz Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında qələmə alınmasının heç də təsadüfi olmadığını bildirmişdir. Şairin yaradıcılığından ətraflı bəhs edən səfir onun Azərbaycan Səfəvilər dövlətinin banisi və eyni zamanda gözəl şair Şah İsmayıl Xətaiyə “Bəngü Badə” əsərini ithaf etməsindən, eyni zamanda şairin bu il 650 illik yubileyini qeyd etdiyimiz 15-ci əsr Azərbaycan şairi Nəsimidən sonra Azərbaycan dilində yazmış olduğu nümunələrlə ədəbi dilimizi daha da yüksəklərə qaldırması, klassik Azərbaycan, habelə dünya poeziyasına qüvvətli təsir göstərməsi və yeni ədəbi məktəb yaratmasından danışmışdır. N.Qurbanova 2017-ci ildə böyük şairin 1572-ci ilə aid və ana dilimizdə yazılmış 400-dən artıq şeir toplanmış “Divanı”ının əlyazma nüsxəsinin YUNESKO-nun “Dünya yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilməsindən söz açmışdır. Azərbaycan xalqının ölməz şairə olan məhəbbətinin həmçinin onun adının əbədiləşdirilməsində də özünü büruzə verdiyini qeyd edən N.Qurbanova AMEA-nın Əlyazmalar İnstitutuna, Bakı şəhərinin mərkəzi meydanlarından birinə dahi şairin adının verilməsindən, meydanda onun heykəlinin ucaldılmasından, hal-hazırda ölkəmizin Ermənistan tərəfindən işğal edilmiş rayonlarından birinin əbədiyaşar Füzulinin adını daşımasından söz açmışdır.

Müqəddəs Kiril və Metodiy adına Milli Kitabxananın direktor müavini A.Totomanova görkəmli Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 525 illik yubileyi ilə əlaqədar təşkil olunan tədbiri son dövrlər Azərbaycanın müvafiq qurumları ilə fəal əməkdaşlığın davamı kimi qiymətləndirmişdir. O, birgə təşəbbüs və fəaliyyətlərin səfir N.Qurbanovanın şəxsində Azərbaycanın Bolqarıstandakı Səfirliyi tərəfindən göstərilmiş dəstəyin nəticəsində mümkün olduğunu ifadə etmişdir. Direktor müavini həmçinin M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmaylovanın ötən ilin dekabr ayında Bolqarıstan Milli Kitabxanasının 140 illik yubileyi ilə əlaqədar təşkil olunmuş konfransda iştirakını xatırlamışdır.

Füzuli yaradıcılığı barədə təqdimatla çıxış edən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru S.Şıqayeva-Mitreska ədəbiyyatın əsas məqsədlərindən birinin insanlarda məhəbbət hissini oyatmasından ibarət olduğunu, Şərq poeziyasında məhəbbət mövzusunun diqqət mərkəzində dayanmasının heç də təsadüfi olmadığı bildirmişdir. O, məhəbbət və gözəllik carçısı, sevgi poeziyasının aşiqi, dahi şair və mütəfəkkirin həm dünyəvi, həm də ilahi sevgini qələmə almasından bəhs etmişdir. Şairin həyatı barədə qısa məlumat verən S.Şıqayeva-Mitreska onun həm Ağqoyunlu, həm də Səfəvilər dövlətləri zamanında, eləcə də Osmanlı imperiyası dönəmində yaşadığını, Sultan Süleyman tərəfindən şairə təqaüd ayrıldığını, bürokratik əngəllər səbəbindən şairin təqaüdü ala bilməməsi və bu məqamın şairin “Şikayətnamə” əsərində təsvir edildiyini bildirmişdir. Füzulinin yaradıcılığa erkən yaşlarda başladığını vurğulayan direktor onun “Füzuli” təxəllüsünü götürdüyünü, şairin olduqca çətin bir dövrdə yaşadığını, bir çox müharibələrə və bu müharibələrin bəzəriyyətə vurduğu zərbələrə şahid olduğunu söyləmişdir. Lirik poeziya ustadının uzun yaradıcılıq yolu keçdiyini, lirik janrın bütün formalarından yazıb-yaratdığı barədə məlumat vermişdir. Daha sonra S.Şıqayeva-Mitreska şairin qəzəllərindən bolqar dilinə etdiyi tərcümələri oxumuşdur.

Ardınca çıxış edən Q.Dvoretska etdiyi tərcümələr barədə danışmış, Füzulinin şəxsiyyəti və yaradıcılığı barədə təəssüratlarını bölüşmüş və tərcümələrdən nümunələr ifa etmişdir.

Müqəddəs Kiril və Metodiy adına Milli Kitabxananın əməkdaşı N.Qramatikova Bolqarıstanın Mədəni İntibahının əsas simalarından olan Petko Slaveykovun 1864-cü ildə İstanbulda çap olunan kitabında Füzulinin türk dilində və kiril əlifbasında yazılmış şeirinin yer alması barədə məlumat vermişdir. O, Osmanlı dövründə şairin yaradıcılığının Bolqarıstanda da tanındığına diqqət çəkmiş və yuxarıda sözügedən kitabda çap olunan şeiri bolqar dilinə tərcümə etməsi barədə danışmışdır.

Sonda dahi şairin “Leyli və Məcnun” poemasının motivləri əsasında qələmə alınan “Leyli və Məcnun” operasından hissələr nümayiş olunmuş, həmçinin Füzulinin əsərləri, eləcə də onun yaradıcılığı barədə kitablardan ibarət sərgi keçirilmiş və iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Arxiv üzrə axtarış