2019-02-20

Sofiyada Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

25 fevral 2019-cu il tarixində Sofiya şəhərinin tarixi məkanlarından olan Mərkəzi Hərbi Klubda Azərbaycanın Bolqarıstandakı səfirliyi və Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı və Azərbaycan Dövlət Pantomima Teatrının iştirakı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

 

Anım mərasimində Bolqarıstanın dövlət qurumlarının və ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri, həmvətənlərimiz, tələbələr, “Azərbaycanın Dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, ictimai, mədəni xadimlər iştirak ediblər.

 

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Rauf Əliyev xüsusi qonaq qismində iştirak edib.

 

Xocalı soyqırımı haqqında iştirakçılara ətraflı məlumat verən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova 27 il bundan öncə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun əsasən ermənilərdən ibarət 366-cı motoatıcı alayının köməyi ilə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinə xaincəsinə hücum edərək şəhərin dinc sakinlərini qəddarcasına qətlə yetirdiklərini bildirib. Bu qanlı hadisələr nəticəsində 106 qadın, 63 uşaq və 70 qoca daxil olmaqla 613 günahsız Azərbaycanlının öldürüldüyü, 487 nəfərin yaralandığı, 1275 nəfərin girov götürüldüyü, 150 nəfərin taleyinin naməlum qaldığı, 8 ailənin tamamilə məhv edildiyi, 25 uşağın hər iki valideynini, 130 uşağın isə bir valideynini itirdiyi, ölənlərdən 56 nəfərin ifrat qəddarlıqla qətlə yetirildiyi barədə tədbir iştirakçılarına məlumat verilib.

 

1991-ci ilin oktyabr ayından Xocalı şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə mühasirəyə alındığını və yeganə əlaqə vasitəsinin helikopterlər olduğunu söyləyən diplomat 1992-ci ilin 28 yanvar tarixində ermənilərin Ağdamdan Şuşaya uçan mülki helikopteri vurması nəticəsində 3 ekipaj üzvünün və 41 sərnişin həlak olduğunu və nəticədə hava yolunun da bağlandığını bildirib. Hava və quru yollarının bağlanması ilə Xocalının təcrid olunduğunu, lakin bütün çətinliklərə rəğmən Xocalının 7000 sakinindən 3000-nin şəhərdə olduğunu və ermənilərin amansız hücumuna və kütləvi qırğına məruz qaldığını qeyd edib. Məhv edilən şəhərdən canlarını xilas etməyə çalışan Xocalının zavallı sakinlərinin soyuq fevral gecəsində çoxu ayaqyalın olmaqla qarlı meşə və dağlıq ərazilərinə üz tutmağa məcburiyyətində qaldıqlarını vurğulayan səfir düşmən hərbi qüvvəsi qarşısında aciz insanların sığınacaq tapmaq səylərinin erməni qəddarlığı ilə üzləşdiyini qeyd edib. Qaçan mülki əhalinin bilərəkdən pusquya düşürüldüyünü, erməni əsgərləri tərəfindən atəş açılmaqla öldürüldüyünü, ya da əsir götürüldüyünü söyləyən N.Qurbanova bir çox qadın və uşağın donaraq həlak olduğunu, yalnız çox az insanın 16 kilometr məsafədə yerləşən, Azərbaycanın nəzarətindəki ən yaxın yaşayış məntəqəsi olan Ağdam şəhərinə çata bildiyini diqqətə çatdırıb.

 

Həmin gecə baş vermis dəhşətli insan haqları pozuntularının “Memorial” hüquq müdafiə mərkəzi (Rusiya) və “Human Rights Watch” (keçmiş Helsinki Watch) təşkilatının müstəqil hesabatlarında təsdiqləndiyini ifadə edən səfir o zaman qlobal mediyada ermənimeyilli təbliğatın üstünlük təşkil etməsinə rəğmən ermənilər tərəfindən Xocalıda törədilən inkarolunmaz vəhşiliklər barədə xəbərlərin dünyanın bütün aparıcı KİV-ləri tərəfindən yayıldığını qeyd edib. Bu xüsusda o, Fransanın nüfuzlu “Le Monde” qəzetinin 14 mart 1992-ci il tarixli buraxılışında xarici jurnalistlərə istinadən Xocalıda baş vermis cinayətlər haqqında məlumatın “Azərbaycan təbliğatı deyil, həqiqət olduğu”nun xüsusi vurğulandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

Xocalı şəhərinin Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qeyri-qanuni separatçı rejimin qondarma “ozünümüdafiə qüvvələri komitəsinin” başçısı olduğu zamanı işğal olunduğunu qeyd edən səfir S.Sarkisyanın Ermənistanın müdafiə naziri olduğu dövrdə Böyük Britaniyadan olan jurnalist Tomas de Vala verdiyi müsahibədə dinc əhalinin məhv edilməsində ermənilərin rolunu etiraf edən məlum açıqlaması (“Xocalıdan əvvəl Azərbaycanlılılar düşünürdülər ki, ermənilər mülki insanlara qarşı əl qaldıra bilməzlər. Amma biz bu streotipi sındıra bildik”) haqqında məlumat verib.

 

Xocalı soyqırımının silahlı münaqişə zamanı mülki şəxslərin qorunmasının və qanunun aliliyinin təmin edilməsinin vacibliyinin faciəvi və dəhşətli göstəricisi olduğunu diqqətə çatdıran səfir mülki müdafiənin təmin edilməsinin beynəlxalq humanitar hüquq və insan hüquqlarına hörmət etməyi tələb etdiyini, münaqişə zamanı isə qeyd olunan hüquq pozuntularının qarşısının alınması və cavab verilməsi üçün ciddi səylərin tələb olduğunu vurğulayıb. N.Qurbanova Ermənistanın bu qanlı hadisələrdə birbaşa iştirak etməsinin qanunsuz separatçılıq tələblərinin, erməni təbliğatının beynəlxalq ictimaiyyəti aldatmaq üçün etdiyi cəhdlərə rəğmən, ilk gündən “dinc səylər” deyil, məhz Azərbaycan torpaqlarının zorla işğal olunmasına və bu ərazilərdə etnik baxımdan homogen bölgələr yaradılmasına yönəldiyinin açıq sübutu olduğunu bildirib. Xocalı faciəsinin Ruanda və Srebrenitsa qətliamlarından əvvəl baş verdiyini, lakin onun, həmçinin 1992-ci ildə Malıbəyli, Quşçular, Qaradağlı və digər Azərbaycan kəndlərində törədilən bəşəriyyətə qarşı cinayətlərin icraçılarının hələ də cəzasız qaldığını və bunun Ermənistan və Azərbaycan arasında uzun müddətdir gözlənilən sülhün əldə olunmasına maneə olduğunu qeyd edib. O, bu cəzasızlığa son verilməsinin münaqişə tərəfləri və günahkarların məsuliyyətinin müəyyən edilməsi və davamlı sülhün təmin edilməsi üçün mühüm olduğunu vurğulayıb.

Səfir Xocalı faciəsinin soyqırım aktının olduğunu və onu törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasının vacibliyini qeyd edən səfir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 8 may 2008-ci il tarixində başlamış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası nəticəsində beynəlxalq ictimaiyyət arasında Xocalı soyqırımı haqqında beynəlxalq humanitar hüquq və insan haqları pozuntusu kimi qlobal məlumatlığın artdığını və 16 ölkə və 22 ABŞ ştatının Xocalı soyqırımını tanıdığını və pislədiyini bildirib.

Münaqişə zamanı törədilmiş beynəlxalq humanitar hüquq və insan haqları pozuntularına dair həqiqətin müəyyən edilməsi, zərərçəkmişlərə adekvat və səmərəli təzminatın verilməsi və belə bir pozuntuların təkrarlanmaması məqsədilə institusional addımların atılması zərurərtini qeyd edən səfir bunların davamlı sülh və uzunmüddətli sabitlik üçün lazımi ilkin şərtlər olduğunu, bu baxımdan sülh naminə, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı atılan səylərin gücün qeyri-qanuni tətbiqi və hərbi cinayətlər, bəşəriyyətə qarşı cinayətlər, soyqırım və etniki təmizləmə kimi beynəlxalq hüququn digər kobud pozuntuları vasitəsilə əldə olunmuş vəziyyəti təşviq etməməsi, qəbul etməməsi və dözməməsinin vacibliyini vurğulayıb.

Səfirin çıxışından sonra mərasim Azərbaycan Dövlət Pantomima Teatrının Xocalı soyqırımına həsr olunmuş “Xocalı – bu olub” tamaşası ilə davam etdirilib. Səhnə əsərində Xocalı həqiqətləri, 1992-ci ilin 26 fevralında erməni işğalçılarının dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirdikləri soyqırımı pantomima teatrı estetikasında nümayiş olunub.

Mərasimin sonunda Azərbaycan milli ənənələrinə uyğun olaraq, Xocalı soyqırımına məruz qalmış soydaşlarımızın xatirəsinə ehsan süfrəsi açılıb. Eyni zamanda Sofiya şəhərindəki “Banya Başı” məscidində Xocalı şəhidlərinin ruhuna Quranı-Kərim oxunub və dualar edilib.

 

Arxiv üzrə axtarış