2021-06-05

Bolqarıstan mətbuatında azərbaycanlı jurnalistlərin minaya düşərək həlak olması ilə bağlı məlumatlar yayılıb

Azərbaycanın Kəlbəcər rayonunun Susuzluq kəndi yaxınlığında tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycan Dövlət Televiziyasının operatoru Sirac Əliyev, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov (Əlioğlu) və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının nümayəndəsinin müavini Arif Əliyevin həlak olması barədə Bolqarıstanın aparıcı xəbər agentliklərində məlumatlar yayılıb.

Məlumatlarda Ermənistanın beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq Azərbaycan ərazilərində məqsədli şəkildə və geniş miqyasda minalar basdırması xüsusi vurğulanıb, bu ərazidəki minaların Ermənistan tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarından sonra məcburi geri çəkilmə mərhələsində məqsədli şəkildə yerləşdirildiyi qeyd olunub.

Xəbərlərdə bildirilir ki, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq Ermənistandan minalanmış ərazilərin xəritələrini tələb edir. Ermənistan isə bundan israrla imtina edir.

Arxiv üzrə axtarış