2021-05-11

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü Bolqarıstan mətbuatında geniş işıqlandırılıb

Bolqarıstanın aparıcı “Kross”, “Focus”, “Standart” xəbər agentliklərinin və “Kırcaali Haber” qəzetinin internet səhifələrində dərc olunan məlumatda müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, bütün şərəfli ömrünü doğma xalqının xoşbəxtliyinə həsr etmiş ulu öndər Heydər Əliyevin əziz xatirəsinin hər zaman Azərbaycan xalqı tərəfindən hörmət və ehtiramla yad edildiyi bildirilib, Ümummilli Liderin vəsiyyətinin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən ləyaqətlə yerinə yetirildiyi qeyd olunub.

Ümummilli Liderin tarixi missiyasına və Azərbaycanda siyasi-ictimai fəaliyyəti barədə ətraflı məlumat verilərək Azərbaycan xalqının tələbi ilə Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkədə böhranın, qeyri-sabitliyin cilovlandığı, geniş və hərtərəfli islahatlar nəticəsində böyük bir inkişaf strategiyasına start verildiyi qeyd olunub. Əlavə edilib ki, tarixi şəxsiyyətin parlaq siyasi zəkası sayəsində Azərbaycan iki əsrin qovuşuğunda öz milli-mənəvi və dövlətçilik dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoyub. Qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, o, Azərbaycanı tənəzzüldən, hərc-mərclikdən, vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsindən uğurla çıxarıb.

Azərbaycan həm bölgədə, həm də dünyada layiqli yer qazanıb. Məlumatda qeyd olunur ki, Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan biri-birindən əhəmiyyətli uğurlar qazanıb, təkmil və uzaqgörən inkişaf strategiyası nəticəsində ölkə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olaraq regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib.

Arxiv üzrə axtarış