2021-07-12

No:264/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Azərbaycan Respublikası ilə Boliviya Çoxmillətli Dövləti arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə dair məlumatı

Azərbaycan Respublikası və Boliviya Çoxmillətli Dövləti arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.

 

Xarici işlər naziri Ceyhun Bayramov həmkarına ünvanladığı məktubunda ötən 25 il ərzində hökumətlərimiz tərəfindən həyata keçirilən səmərəli əməkdaşlığı, xüsusilə də Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına (QH) sədrliyinin iki ölkə arasında münasibətlərin inkişafına təkan verdiyini vurğulayıb. Nazir Ceyhun Bayramov ölkələrimiz arasında həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində hərtərəfli və ardıcıl əməkdaşlığın əhəmiyyətini qeyd edərək, bunun üçün geniş imkanların olduğunu ifadə edib.

 

Nazir Ceyhun Bayramov Ermənistan Respublikasının 30 ilə yaxın müddət ərzində hərbi işğalına son verən üçtərəfli bəyanatın imzalanması ilə münaqişənin həllinin regionda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün yeni perspektivlər yaratdığı və bölgədə yaranmış yeni vəziyyətin regional əməkdaşlıq üçün açdığı imkanları qeyd edib. Münaqişənin həllinin, həmçinin Azərbaycanla Boliviya arasındakı münasibətlərin genişləndirilməsinə imkanlar yaratdığı vurğulanıb.

 

 Boliviya Çoxmillətli Dövlətinin xarici işlər naziri Roxelio Mayta Mayta Ceyhun Bayramova ünvanladığı məktubunda ötən 25 ildə Azərbaycan və Boliviyanın qarşılıqlı hörmət və dəstəyə əsaslanan dərin dostluq əlaqələri qurduğunu qeyd edib.

 

Nazir Roxelio Mayta Mayta Azərbaycan Respublikası ilə ikitərəfli və çoxtərəfli müstəvidə maraq doğuran məsələlər üzrə, habelə xalqlarımızın rifahı naminə hökümətlərimizi birləşdirən dərin bağların möhkəmləndirilməsi istiqamətində dialoqun davam etdirilməsində maraqlı olduğunu qeyd edib.

 

Azərbaycan Respublikası ilə Boliviya Çoxmillətli Dövləti arasında diplomatik münasibətlər 8 iyul 1996-cı ildə qurulub.

Arxiv üzrə axtarış