2022-03-11

No:104/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə keçirilən tədbir və sərgiyə dair məlumatı

11 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib. Tədbirdə AR XİN rəhbər heyəti, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları, habelə Britaniya Şurasının nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycan və Böyük Britaniya arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticari, mədəni, təhsil və digər sahələrdə münasibətlərin 30 illik inkişaf yoluna nəzər salıb və iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirib.

Daha sonra çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Layl Şarp, Azərbaycan və Böyük Britaniya arasında müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində əməkdaşlığın uğurla davam etdiyini bildirib. Səfir, BP və digər Britaniya şirkətlərinin Azərbaycandakı fəaliyyətini vurğulamaqla yanaşı, Azərbaycanın da öz növbəsində Avropanın enerji təhlükəsizliyinə töhfəsini məmnunluqla qeyd edib.

Sonra çıxış edən Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Azərbaycan və Böyük Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə öz səmimi təbriklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonda tədbir iştirakçıları Azərbaycan və Böyük Britaniya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

Arxiv üzrə axtarış