2022-06-06

No:274/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Türkiyə Respublikası Prezidenti Administrasiyasının Milli Kitabxanasında təşkil olunan “Dost və qardaş ölkələrlə diplomatik əlaqələrin 30-cu ildönümü”nə həsr olunan tədbirdə çıxışı barədə məlumatı

6 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri  Ceyhun Bayramov Türkiyə Respublikası Prezidenti Administrasiyasının Milli Kitabxanasında təşkil olunan “Dost və qardaş ölkələrlə diplomatik əlaqələrin 30-cu ildönümü”nə həsr edilən tədbirdə çıxış edib.

 

Nazir Ceyhun Bayramov çıxışında Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət qismində qardaş Türkiyə ilə Azərbaycan arasında son 30 ildə münasibətlərin yüksək səviyyədə inkişafından bəhs edib.

 

Nazir, türk millətinin ulu öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir Millət İki Dövlət” kəlamlarının ruhuna uyğun olaraq, son üç onillik ərzində ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edərək, strateji səviyyədən tarixi Şuşa bəyannaməsi ilə müttəfiqlik səviyyəsinədək ucaldığını qeyd edib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, bu gün Azərbaycan-Türkiyə əlaqələri özünün tarixi zirvəsini yaşadığı və ən yüksək mərhələsində olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

 

Nazir Ceyhun Bayramov, Türkiyənin hər zaman Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini dəstəkləməsi, xüsusilə də Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə qardaş ölkənin bütün səviyyələrdə Azərbaycana verdiyi siyasi dəstəyi xüsusilə vurğulayıb. Qardaş ölkənin bu dəstəyinin Azərbaycan xalqı və dövlətimizin başçısı tərəfindən çox yüksək qiymətləndirildiyi səsləndirilib.

 

Böyük siyasi və iqtisadi potensiala malik olan Azərbaycan və Türkiyənin müttəfiqliyinin regionda sülhün və təhlükəsizliyin, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəldiyi diqqətə çatdırılıb.

 

Dövlətlərimizin həyata keçirdiyi birgə irimiqyaslı regional layihələrdən bəhs edən nazir,  energetika, nəqliyyat-logistika sahələrində reallaşan bu layihələrin ikitərəfli səviyyədə, habelə geniş regional müstəvidə ticarət-iqtisadi əlaqələrin daha da genişlənməsinə böyük töhfə verdiyini bildirib.

 

Nazir Ceyhun  Bayramov, son bir ay ərzində dövlət başçılarının iştirakı ilə keçirilən tədbirlərin, o cümlədən 14 may 2022-ci ildə Rize-Artvin Hava Limanının açılışı, 28 may 2022-ci ildə “TEKNOFEST Azərbaycan” festivalının açılış mərasimi və burada səsləndirilmiş yüksək səviyyəli çıxışların qardaşlıq əlaqələrimizin cari səviyyəsinin hər hansı sözlərlə izaha ehtiyacının olmadığını aydın şəkildə nümayiş etdirdiyini qeyd edib.

 

Nazir, ölkələrimiz arasında əlaqələrin inkişafında Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlunun xidmətləri qeyd edərək, bu xüsusda həmkarına təşəkkürünü ifadə edib.

 

Çıxışının sonunda Ceyhun  Bayramov, ölkələrimiz arasındakı qardaşlıq və müttəfiqlik əlaqələri xalqlarımızın mənafeyinə uyğun olaraq yüksələn xətlə daha da inkişaf edəcəyinə dair inamı ifadə edib.

Arxiv üzrə axtarış