news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 18 iyun 2025

Prezident İlham Əliyev Bolqarıstan Milli Assambleyasının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Bolqarıstan Respublikası Milli Assambleyasının sədri Nataliya Kiselovanı qəbul edib.

Prezident İlham Əliyev iki ölkə arasında əlaqələrin strateji xarakter daşıdığını deyərək, ikitərəfli əməkdaşlığın genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərləri və həyata keçirilən birgə layihələri qeyd edib. Siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Azərbaycan Prezidenti son illərdə enerji sahəsində aktiv qarşılıqlı fəaliyyətin həyata keçirilməsindən məmnunluğunu bildirib.

Azərbaycan Prezidenti Nataliya Kiselovanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bakıda keçirilən toplantısında iştirakının önəminə toxunub, səfərin səmərəli olacağına və ikitərəfli gündəliklə bağlı məsələlərin müzakirəsi üçün də yaxşı imkan yaradacağına ümidvarlığını ifadə edib.

Qəbula görə dövlət başçısına minnətdarlıq edən N.Kiselova ölkələr arasında əlaqələrin inkişafından məmnunluğunu bildirib, Azərbaycanla Bolqarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əhəmiyyətini vurğulayıb.

Nataliya Kiselova Heydər Əliyev Fondunun dəstəyi ilə Bolqarıstanın Veliko-Tırnovo şəhərində Trapezitsa Arxeoloji Muzey Qoruğunun bərpasını xatırladaraq, bunun bolqar xalqı tərəfindən yüksək qiymətləndirildiyini deyib və bu layihənin həyata keçirilməsinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.

Söhbət zamanı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bakıda keçirilən toplantısının əhəmiyyətinə toxunularaq, bu tədbirin quruma üzv ölkələrin parlamentləri arasında əməkdaşlığın genişləndirilməsində rolu vurğulanıb. Assambleyaya sədrliyin Azərbaycandan Bolqarıstana keçdiyi bildirilərək, Azərbaycanın bu təşkilata yüksək səviyyədə sədrlik etdiyi qeyd olunub.

Görüşdə iki ölkənin beynəlxalq təşkilat çərçivəsində uğurlu əməkdaşlığı və bir-birini dəstəkləməsi qeyd edilib, iqtisadi-ticari, enerji, o cümlədən bərpaolunan enerji və digər sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi üçün geniş imkanların olduğu bildirilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti