Bolqarıstanın Xarici İşlər Nazirliyində “Şuşa Parkı”nın Veliko Tırnovo şəhərində salınması haqqında saziş imzalanmışdır
Fevralın 11-də Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və Bolqarıstan Respublikasının xarici işlər naziri Georg Georgiyev tərəfindən "Bir tərəfdən Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi ilə digər tərəfdən Azərbaycan Respublikası Hökuməti arasında Bolqarıstan Respublikasının Veliko Tırnovo şəhərində “Şuşa Parkı”nın salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş" imzalanmışdır. Bolqarıstan Respublikası Xarici İşlər Nazirliyində keçirilmiş imzalanma mərasimində Azərbaycanın Bolqarıstandakı Səfirliyinin və Bolqarıstan Xarici İşlər Nazirliyinin əməkdaşları iştirak etmişlər.
Həmin gün Bolqarıstana səfəri çərçivəsində Anar Quliyevin Bolqarıstanın xarici işlər naziri Georg Georgiyev və regional inkişaf və ictimai işlər naziri İvan İvanov ilə ikitərəfli görüşləri keçirilmişdir. Görüşlərdə ikitərəfli əməkdaşlığın müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparılmışdır.
Fevralın 12-də Azərbaycan nümayəndə heyəti Veliko Tırnovo şəhərində mer Daniel Panov ilə görüşmuşdür. Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun, həmçinin Azərbaycanın Bolqarıstandakı Səfirliyinin əməkdaşlarının iştirak etdiyi görüşdə şəhərsalma və memarlıq sahəsində əməkdaşlıq perspektivləri, tarixi şəhər mühitinin qorunması və müasir ictimai məkanların yaradılması istiqamətində təcrübə mübadiləsi müzakirə olunmuşdur. Tərəflər qardaşlaşmış şəhərlər institutunun genişləndirilməsi, Azərbaycan və Bolqarıstan şəhərləri arasında birbaşa əlaqələrin gücləndirilməsi və birgə mədəni layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulamışlar. Anar Quliyev mayda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını (WUF13) qlobal şəhər gündəliyinin müzakirəsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma kimi dəyərləndirərək, həmkarını bu mötəbər tədbirdə iştirak üçün Bakıya dəvət etmişdir.
Görüşdən sonra Azərbaycan nümayəndə heyəti "Şuşa Parkı"nın ərazisinə baxış keçirmişdir.
Azərbaycan – Bolqarıstan strateji tərəfdaşlığının təzahürü olan Şuşa Parkının Veliko Tırnovo şəhərində salınması layihəsi qardaşlaşmış şəhərlər Şuşa ilə Veliko Tırnovo arasında mədəniyyət və turizm əlaqələrinin daha da dərinləşməsinə töhfə verəcəkdir. Parkın salınması, həmçinin Azərbaycanla Bolqarıstan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə, eləcə də Azərbaycanın milli-mədəni dəyərlərinin beynəlxalq müstəvidə təşviqinə xidmət edəcəkdir.