2016-02-25

Bolqarıstanın paytaxtı Sofiya şəhərində Xocalı soyqırımının 24-cü il dönümünə həsr olunmuş tədbir keçirilmişdir.

25 fevral 2016-cı il tarixində Dünya Ticarət Mərkəzləri Birliyinin (World Trade Centers Association) şəbəkəsinə daxil olan Sofiya şəhərində yerləşən “INTERPED-WTC” Mərkəzində Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayevanın təşkilatşılığı ilə Xocalı Soyqırımının 24-cü il dönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə Bolqarıstanın dövlət qurumları, ölkədə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri,  ”Azərbaycanın Dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Bolqarıstandakı Azərbaycan diasporunun üzvləri, Bolqarıstanda təhsil alan azərbaycanlı tələbələr, Bolqarıstan ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Xanım Sofiya Şıqayeva Xocalı Soyqırımının 24-cü il dönümünə həsr olunmuş tədbiri açıq elan edərək, faciə ilə bağlı qısa məlumat vermiş, tədbir iştirakçılarını Xocalı soyqırımında qətlə yetirilmış insanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasına dəvət etmişdir.

Sonra çıxış edən Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfiri Nərgiz Qurbanova Xocalı soyqırımının 24-cü ildönümünə atdığımız addım ərəfəsində, silahlı münaqişə zamanı mülki şəxslərin qorunmasının vacibliyinin aktuallıq qazandığına diqqət yetirmişdir. Silahlı münaqişə zamanı bir çox halda beynəlxalq humanitar hüququn və insan hüquqlarının pozulmasına beynəlxalq ictimaiyyət tərəfindən lazımlı diqqət və münasibət göstərilməməsinə diqqət yetirən səfir cəzasız qalan cinayətlərin sülh və barışığa nail olunmasına ciddi maneə olduğunu qeyd etdi. Bunun bariz nümunəsinin Xocalı soyqırımı olduğunu bildirən səfir N.Qurbanova, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərində Azərbaycanlı əhaliyə qarşı misli görünməmiş vəhşiliklərdən söz açaraq, günahsız, dinc əhaliyə qarşı erməni qüvvələri tərəfindən həyata keçirilən bu soyqırım aktının Ermənistan-Azərbaycan münaqişəsinin gedişatında Azərbaycanda  mülki əhaliyə qarşı törədilən ən böyük qətl hadisəsi olduğunu qeyd etdi.

Səfir BMT-nin Təhlükəsizlik Şurasının 1993-ci ildə qəbul olunmuş qətnamələrində Azərbaycana qarşı qanunsuz gücün tətbiq olunmasına və ölkəmizin ərazilərinin işğalı nəticəsində Azərbaycanda çox sayda mülki şəxslərin yerdəyişməsi, mülki şəxslərə hücumlar və yaşayış məntəqələrinin bombardman edilməsi ilə əlaqədar beynəlxalq humanitar hüququn pozulmasına dair dəqiq istinadların mövcudluğuna toxundu.

Səfir davam etdi ki, Avropa İnsan Hüquqları Məhkəməsi, müstəqil mənbələrdən alınan məlumatlara istinad edərək və 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalının işğalı zamanı  erməni döyüşçülərinin şəhəri atəşə tutarkən Azərbaycan mənşəli yüzlərlə mülki şəxsin qaçmaq istədiyi halda onların öldürüldüyü, yaralandığı və ya girov götürüldüyü sübuta yetirilərək, Xocalıda törədilən vəhşilikləri “müharibə cinayətləri və ya insanlığa qarşı yönəlmiş cinayətlərə bərabər tutulan ağır akt” kimi müəyyən etmişdir.

Ermənistan tərəfindən Azərbaycana qarşı başlanmış müharibənin səbəb və nəticələri, həmçinin Xocalı faciəsi ilə bağlı bütün mövcud faktların qiymətləndirilməsinin  Azərbaycanın bu şəhərində baş vermiş soyqırımın təsadüfi addım deyil, Ermənistanın qərəzli və sistemli siyasəti nəticəsində baş verdiyinin təmamilə aydın göstərdiyini söyləyən səfir N.Qurbanova, Xocalıda dinc sakinlərin onların məhz Azərbaycanlı olduqları üçün kütləvi şəkildə qətlə yetirildiyini bildirdi.

Ən ağır cinayətlərin törədildiyi zaman, cəzasızlığa son qoymaq üçün daha qətiyyətli tədbirlərin tələb olunduğunu söyləyən N.Qurbanova, cinayətkarların hələ də cəzasız qalmasının Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq üçün ciddi maneə yaratdığını bildirdi. Səfir N.Qurbanova, beynəlxalq ictimaiyyətin münaqişə zamanı Azərbaycanın dinc əhalisinə qarşı törədilən cinayətlərin cəzasız qalmasına son qoyulmasında daha fəal rol oynamasının vacibliyinə toxunaraq, cinayətkarların cəzalandırılmasının davamlı sülhün təmin edilməsi üçün vacib şərt olduğunu tədbir içtirakçılarının diqqətinə çatdırdı.

Bununla yanaşı, səfir son illərdə Xocalı soyqırımı ilə bağlı dəhşətli həqiqətləri Azərbaycanın səyi, xarici tərəfdaşlarımızın dəstəyi ilə dünyaya çatdırıldığını vurğulayaraq, faciəyə real qiymət verilməsinə nail olunduğunu söylədi. N.Qurbanova bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş koordinatoru xanım Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin may ayından başlayan "Xocalıya ədalət" beynəlxalq kampaniya çərçivəsində görülən işlərin əhəmiyyətini xüsusi ilə qeyd etdi və kampaniya nəticəsində 10 ölkənin parlamenti və ABŞ-ın 20 ştatının Xocalı hadisələrini soyqırım aktı kimi tanıdığını söylədi.  

Sonar çıxış edən ”Azərbaycanın  Dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin  sədri, 2003-2008-ci illərdə Bolqarıstanın Azərbaycandakı səfiri İvan Palçev Bakıda çalışdığı müddətdə Xocalı şahidlərinin xatirələrini eşitdiyini söyləyərək, Xocalı soyqırımının 20-ci əsrin yaxın tarixinin ən qanlı səhifəsi olduğunu bildirdi. Bununla birlikdə soyqırımın lazımi qiymət almadığının qeyd edən İ.Palçev, beynəlxalq təşkilatları bu məsələyə diqqət yetirməyə çağırdı.

”Azərbaycanın  Dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin  üzvü, Sofiya Universitetinin  Geologiya-Coğrafiya fakültəsinin professoru, 1970-cı illərdə Azərbaycan Neft-Kimya  İnstitutundan məzun olmuş Georgi Georgiyev öz çıxışında Bakı şəhərinin hər zaman beynəlmiləl  şəhər olduğuna diqqət yetirərək, Azərbaycanlıların qonaqpərvərliyindən söz acdı. Bununla yanaşı, ermənilərin məkrli planlarından danışan professor, beynəlxalq güclərin təhriki və yardımı ilə Azərbaycanlıların belə bir ağır mənzərə ilə üzləşdiyini qeyd etdi. Azərbaycanın apardığı düzgün siyasət və güclü iqtisadiyyatı sayəsində münaqişənin öz ədalətli həllinə nail olacağına ümid etdiyini bildirən G.Georgiyev, bu yolda bütün mütərəqqipərvər qüvvələrin güclərinin birləşdirilməsinin vacibliyini qeyd etdi.   

Tədbir iştirakçılarına Heydər Əliyev Fondunun ”Xocalı soyqırımı” adlı sənədli filmi nümayiş etdirildi. 

Arxiv üzrə axtarış