2016-03-17

Sofiyada “Azərbaycanda multikulturalizm” mövzusunda dəyirmi masa təşkil olunmuşdur

Cari ilin 17 mart tarixində Müqəddəs Kliment Oxridski adına Sofiya Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyinin dəstəyi ilə “Azərbaycanda multikulturalizm” mövzusunda dəyirmi masa keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitresku dünyada multikulturalizm ideyasının tarixi haqda məlumat verdikdən sonra Azərbaycanda mövcud olan multikultural mühit barədə məruzə ilə çıxış etdi. S.Şıqayeva-Mitresku bildirdi ki, Azərbaycanda multikulturalizm həm cəmiyyətin dünya görüşündən irəli gələn dəyərdir, həm də Ümummilli lider Heydər Əliyevdən başlayaraq dövlət ideologiyasının tərkib hissəsidir. Azərbaycanda multikulturalizm dəyərləri təhsil, mətbuat və cəmiyyətdə davamlı olaraq təşviq olunur və dini-mədəni müxtəliflik mühiti dövlət tərəfindən qorunur.

Azərbaycan Respublikasının Bolqarıstandakı səfiri Nərgiz Qurbanova  geniş mənada multikulturalizm anlayışının insanların fərqli dini, etnik, mədəni, irqi mənsubiyyətə malik olmalarının  dəyərləndirilməsi, tanınması və təşviqindən ibarət olduğunu qeyd etdi. Hal-hazırda bir çox ölkədə irqçilik və ksenofobiya meyllərinin gücləndiyini təəssüflə qeyd edən səfir bunun müxtəlif mədəniyyətlər arasında təmasların qurulmasına ciddi maneə törətdiyini diqqətə çatdırdı. Tarixən multikulturalizmin Azərbaycan mədəniyyətinin məxsusi cəhəti olduğunu xatırladaraq səfir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi bu gün multikulturalizmin Azərbaycanda dövlət siyasəti və həyat tərzi olduğunu vurğuladı. Müsəlman aləmində ilk dünyəvi demokratik dövlətin 1918-ci ildə məhz Azərbaycanda yarandığını vurğulayan səfir, dini, etnik mənsubiyyəti, cinsi və irqindən asılı olmayaraq bütün vətəndaşlara səsvermə hüququn verildiyini bildirdi.

Azərbaycanın dünyada multikulturalizm və tolerantlıq modeli kimi qəbul olunduğunu qeyd edən N.Qurbanova hal-hazırda ölkəmizdə müsəlman, xristian, yəhudi və digər icmaların sərbəst fəaliyyət göstərdiyini diqqətə çatdırdı. O, davam etdi ki,  2008-ci ildə müxtəlif ölkələrin mədəniyyət nazirləri, icma nümayəndələri və mədəniyyət xadimləri arasında beynəlxalq platforma rolunu oynayan Bakı prosesinə start verilmişdir.  Səfir ölkəmizdə Beynəlxalq  Multikulturalizm Mərkəzinin fəaliyyət göstərdiyini, cari ilin aprel ayında Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı ilə birgə Bakıda 7-ci Qlobal Forumun keçiriləcəyini, bununla yanaşı 2016-cı ilin Azərbaycanda multikulturalizm ili elan olunduğunu və il ərzində Azərbaycanda və xaricdə çoxsaylı beynəlxalq tədbirlərin təşkil olunacağını dəyirmi masa iştirakçılarına çatdırdı.

Tədbirdə çıxış edən Bakı Humanitar Forumun iştirakçısı, jurnalist Qergina Dvoretska  Azərbaycanda dini tolerantlığın yüksək səviyyəsindən danışaraq, ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində birgə yaşamasını multikulturalizmin uğurlu modeli adlandırdı O, əminlikdə söylədi ki, Azərbaycandakı tolerantlıq mühiti regionda çətin vəziyyətə baxmayaraq qorunub saxlanacaq.

Daha sonra tədbirdə çıxış edən Bakı Humanitar Forumun iştirakçısı, dirijor Kiril Lambov ölkəmizdə  milli azlıqlara göstərilən diqqətdən danışdı. O, Azərbaycanda milli azlıqların məskunlaşdığı bir sıra bölgəyə səfər etdiyini və onlara münasibətdə heç bir fərqin qoyulmadığının şəxsən şahidi olduğunu bildirdi.

Sonra dəyirmi masada çıxış edən Bolqarıstanın ölkəmizdəki sabiq hərbi attaşesi Trifon Trifonov, dünyada cərəyan edən dinlərarası münaqişələr və müxtəlif ölkələrdə artmaqda olan anti-semitizm fonunda, Azərbaycanda bütün xalqların, o cümlədən yəhudilərin azad və mehriban şəraitdə yaşamalarının, dini etiqad azadlığından yararlana bilmələrinin olduqca təqdirəlayiq olduğunu qeyd etmişdir.

Daha sonra Multikulturalizm üzrə qış və yay məktəbində təhsil alan bolqar tələbələri multikulturalizm və tolerantlıq dəyərlərinə yüksək önəm verən Azərbaycan kimi bir ölkə ilə yaxından tanış olmalarından böyük şərəf hissi keçirdiklərini vurğulayaraq, ölkəmizlə bağlı təqdimatla çıxış etdilər.

Tədbirin sonunda AR Bolqarıstandakı Səfirliyi tərəfindən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinə Azərbaycanının milli geyimləri hədiyyə edildi.

Arxiv üzrə axtarış