2017-01-18

Sofiyada Azərbaycan filmi gecəsi təşkil olunub

18 yanvar 2017-ci il tarixində Sofiyada keçirilən MENAR Film Festivalı çərçivəsində Azərbaycan filmi gecəsi təşkil olunmuşdur. Gecədə  C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan “Qırmızı bağı filmi nümayiş olunmuşdur.

Tədbirdə Bolqarıstan Xalq Məclisinin Vitse-spikeri Dimitar Qlavçev, Bolqarıstan Xalq Məclisinin Bolqarıstan-Azərbaycan dostluq qrupunun rəhbəri Korman İsmaylov, o cümlədən digər deputatlar, Bolqarıstanın Ayrı-seçkiliyə qarşı müdafiə üzrə Komissiyasının sədri Ana Cumaliyeva, Milli Statistika İnstitutunun sədri Sergey Tsvetarski, Bolqarıstanın digər dövlət və özəl qurumları və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, bu ölkənin aparıcı QHT və KİV nümayəndələri, Bolqarıstanda akkreditə olunan diplomatik missiyaların rəhbərləri, “Azərbaycanın dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri və Azərbaycan diasporunun üzvləri iştirak etmişdir. Sofiya şəhərinin meri Yordanka Fandıkova tərəfindən tədbir iştirakçılarına təbrik məktubu ünvanlanmışdır.

2017-ci ilin 12-29 yanvar tarixində baş tutan sayca 9-cu olan bu festivalda ilk dəfə olaraq Azərbaycan filmləri nümayiş olunmuşdur. Qeyd edək ki, Festival bolqar cəmiyyətinə İslam dünyasının mədəniyyəti və ənənələri ilə tanış olmaq imkanı yaradır. MENAR Film Festivalı Balkan regionunda İslam mədəniyyətini nümayiş etdirən ən böyük tədbir hesab olunur. 2009-2016-ci illər ərzində təşkil olunan festivallarda Yaxın Şərq, Mərkəzi Asiya və Şimali Afrika regionundan 300-dən çox film nümayiş olunmuşdur.

Filmin nümayişindən öncə səfir N.Qurbanova Bolqarıstan Milli Radiosuna müsahibə vermişdir. Festivalın Azərbaycan kino sənətinin bolqar cəmiyyətinə tanıdılmasına imkan yaratdığını bildirən səfir Azərbaycan kinematoqrafiyasının tarixi barədə məlumat vermişdir. Diplomat kino sahəsinə dövlət qayğısı, “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın qəbul olunması kinematoqrafiyanın inkişafına təkan verməsindən bəhs etmişdir. Azərbaycan filmlərində hər zaman ictimaiyyəti maraqlandıran məsələlərin öz əksini tapdığını vurğulayan səfir bu gün də bu ənənənin davam etdiyini əlavə etmişdir. O davam etmişdir ki, Azərbaycan filmləri bu gün nüfuzlu beynəlxalq film festivallarında mükafatlandırılır.  Ölkəmizin festivalda iki filmlə təmsil olunduğunu bildirən N.Qurbanova bu filmlərin bolqar auditoriyası tərəfindən maraqla qarşılanacağına ümid etdiyini söyləmişdir. Səfir qeyd etmişdir ki, bu il Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-cı il ildönümü qeyd edilir və bu çərçivədə il ərzində səfirlik tərəfindən müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində silsilə tədbirlərin keçirilməsi planlaşdırılır. Mədəniyyət və multikultural dəyərlərə hörmətin Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirən N.Qurbanova AR Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə Azərbaycanda hər iki ildə bir dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilməsinin bu siyasətin parlaq nümunəsi olduğunu söyləmişdir. O, artıq Bakıda 3 Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildiyi, növbəti forumun isə cari ilin 27-28 aprel tarixində Bakıda keçiriləcəyi barədə məlumat vermişdir. Bu siyasətin yalnız Azərbaycanla məhdudlaşmadığını vurğulayan səfir Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Bolqarıstanın Veliko Tırnovo şəhərində yerləşən “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpası üçün maliyyə vəsaiti ayrıldığını xatırlatmışdır. Bu layihə Heydər Əliyev Fondu tərəfindən Cənub-Şərqi Avropa regionunda mədəniyyət sahəsində edilən ən böyük sərmayədir.

Gecənin açılışında çıxış edən səfir bu tədbirin Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər çərçivəsində təşkilindən məmnunluğunu bildirmişdir. Diplomat bu il MENAR Film Festivalında ilk dəfə olaraq iki Azərbaycan filminin nümayiş olunduğunu qeyd etmişdir. O, əlavə etmişdir ki, gələn il Azərbaycan kinematoqrafiyası 120-ci ildönümünü qeyd edəcəkdir, ölkəmizdə film sənayesinin yaranması kinematoqrafiyanın kəşfi ilə eyni vaxta təsadüf etmişdir. Fransada 1895-ci ildə Lümyer qardaşları tərəfindən film çəkilişi üçün yeni cihaz – kinematoqraf ixtira edildikdən az sonra 1898-ci il 2 avqust tarixində fransız iş adamı, fotoqraf və operatoru Aleksandr Mişon tərəfindən şəhər təsvirlərini əks etdirən ilk filmlər çəkilmişdir. Hər il 2 avqust Azərbaycanda Milli Kino Günü kimi qeyd olunur.

N.Qurbanova davam etmişdir ki, 1916-cı ildə Pirone qardaşlarının istehsal sənayesinə çevirdiyi Azərbaycan kinematoqrafiyası daha da inkişaf etməyə başlamışdır. Pirone qardaşlarının təsis etdiyi şirkətin ən uğurlu işlərindən biri Azərbaycan filminin incisi – dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında çəkilmiş komediya oldu. Bu film nəinki Azərbaycanda, eləcə də xaricdə böyük uğurlar əldə etdi.

Gecədə nümayiş olunacaq “Qırmızı bağ” və “Şəhər motivləri” filmləri barədə məlumat vermişdir. Səfir “Qırmızı bağ” filminin Qazaxıstanın Avrasiya Beynəlxalq Film Festivalında, Almaniyanın Mannheim-Heidelberg Beynəlxalq Film Festivalında, Misirin Qahirə Beynəlxalq Film Festivalında və Türkiyənin “Van gölü” Beynəlxalq Film Festivalında iştirak etdiyini qeyd etmişdir.

İkinci nümayişi 28 yanvar tarixində baş tutacaq “Şəhər motivləri” kinoalmanaxının Bakı və onun sakinlərindən bəhs edən qısa novellalardan ibarət olduğunu söyləmişdir.

Sonra “Qırmızı bağ” filmi nümayiş olunmuş və izləyicilərin böyük marağına səbəb olmuşdur. Tədbir yerli KIV və sosial şəbəkələrdə işıqlandırılmışdır.

Arxiv üzrə axtarış