2017-02-25

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Xocalı Soyqırımının 25-ci ildönümü ilə bağlı bəyanatı

26 fevral 2017-ci il tarixində Xocalı Soyqırımının 25-ci ildönümü tamam olur. 1991-ci ilin oktyabr ayından etibarən şəhər Ermənistan silahlı qüvvələri tərəfindən tam mühasirəyə alınmışdı. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Xocalı şəhərinə müxtəlif istiqamətlərdən hücum edildi. Nəticədə Ermənistan silahlı qüvvələri keçmiş Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) 366 saylı moto atıcı alayının köməyi ilə Xocalının işğalını həyata keçirdilər. İşğalçılar Xocalını darmadağın etdilər və xüsusi amansızlıqla onun dinc əhalisinin qırğınını həyata keçirdilər. Nəticədə 106-ı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla, 613 mülki şəxs öldürüldü. 1000 nəfər yaralandı və 1275 nəfər əsir götürüldü. İndiyə qədər, Xocalının 150 sakini itkin hesab olunur. Sadəcə azərbaycanlı olduqları üçün, Xocalının mülki əhalisinin məqsədli şəkildə qırğını həyata keçirildi.

Ermənistan silahlı qüvvələri tərəfindən sakinlərin kütləvi öldürülməsi, dərilərinin soyulması, başlarının kəsilməsi, hamilə qadınların süngülərə keçirilməsi və cansız bədənlərin eybəcər hala salınması Azərbaycan Respublikasının hüquq mühafizə orqanları, Ermənistandan da daxil olmaqla çoxsaylı müstəqil mənbələr, yerli və beynəlxalq kütləvi informasiya vasitələri və bu faciənin şahidləri tərəfindən əsaslı şəkildə sənədləşdirilib.

Öz müqəssirliyini utanmadan etiraf etmiş Ermənistanın o dövrdəki müdafiə naziri və hazırkı prezidenti Serj Sarqsyan Britaniya jurnalisti Tomas de Vaala müsahibəsində demişdir: “Xocalıdan qabaq azərbaycanlılar düşünürdü ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi sındırdıq” (Tomas de Vaal, Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında (Nyu York və London, Nyu York Universiteti Nəşriyyatı, 2003), səh. 172)).

Ermənistan tərəfindən Azərbaycana qarşı başladılan müharibənin səbəbləri və nəticələrinin ümumi qiymətləndirilməsi qəti şəkildə sübut edir ki, Xocalının mülki əhalisinin və müdafiəçilərinin məqsədli şəkildə qırğını ayrıca və təsadüfi hərəkət olmayıb, əksinə Ermənistanın geniş yayılmış və sistemli şəkildə həyata keçirilmiş mənfur və amansız etnik təmizləmə siyasətinin tərkib hissəsi olub.

Azərbaycan Respublikasına qarşı davam edən təcavüzün fonunda Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırım insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları, Soyqırım Cinayətinin Qarşısının alınması və Cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və Digər Qəddar, Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Davranış və Cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının Ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq Hüquqları haqqında Konvensiya və İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Arxiv üzrə axtarış