2017-11-21

Sofiyada görkəmli Avstriya tarixçisi, alim və yazıçı Erix Fayqlın “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” kitabının bolqar dilində təqdimatı keçirilib

17  noyabr tarixində Sofiyada Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycanın Bolqarıstandakı Səfirliyi, Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə Sofiya şəhərinin mötəbər məkanlarından olan Mərkəzi Hərbi Klubda görkəmli Avstriya tarixçisi, alim və yazıçı Erix Fayqlın bolqar dilinə tərcümə edilmiş “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” kitabının təqdimatı keçirilmişdir.

Konfransda Bolqarıstanın sabiq prezidenti Qeorqi Pırvanov, Bolqarıstan Elmlər Akademiyasının (BEA) sabiq prezidenti Stefan Vodeniçarov, BEA-nın vitse-prezidenti Vasil Nikolov, Arxiv Dövlət Agentliyinin prezidenti Mixail Qruev və vitse-prezidenti Rumen Borisov, Bolqarıstanın Prezidenti Administrasiyası və Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmiləri, Kitabxanaçılıq Tədqiqatları və İnformasiya Texnologiyaları Universitetinin rektoru Stefan Dençev,  dövlət və özəl qurumlarının nümayəndələri, bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbər və əməkdaşları, Azərbaycan-Bolqarıstan Dostluq Cəmiyyətinin üzvləri, KİV, QHT nümayəndələri və tarixçilər iştirak etmişlər.

Tədbirdə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, BEA-nın Tarix İnstitutunun direktor müavini Blaqovest Nyaqulov, Azərbaycan Milli Məclisinin deputatı, AMEA-nın Abbasqulu Ağa Bakixanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, sözügedən kitabı bolqar dilinə tərcümə etmiş Bolqarıstanın Ehtiyatda olan zabitlər və serjantlar İttifaqının üzvü, ehtiyatda olan polkovnik Todor Enev və kitabın redaktoru Solmaz Süleymanova çıxış etmişlər.

Səfir N.Qurbanova arxeoloji abidələrlə zəngin olan Azərbaycan ərazisinin sivilizasiyanın qədim beşiklərindən biri olduğunu qeyd etmişdir. Azığ, Tağlar, Damcılı, Daşsalahlı, Qazma və digər tarixi bölgələrdə aşkar edilən arxeoloji tapıntıların, o cümlədən Azığ mağarasında 300-400 min əvvəl aid olan insanın alt çənə sümüyünün Azərbaycanın qədim insan məskənlərindən olduğunun bariz nümunəsi olduğunu əlavə etmişdir.

Səfir ölkəmizin tarixən tolerantlıq nümunəsi, mədəniyyətlər və sivilizasiyalararası dialoq diyarı kimi tanındığını vurğulayaraq ölkəmizdə müxtəlif dinlərin qarşılıqlı hörmət və sülh şəraitində mövcud olduğunu, həmrəylik nümayiş etdirdiyini söyləmişdir. Müxtəlif etnik və dini qruplara mənsub nümayəndələrin müasir Azərbaycan ərazisində hələ Qafqaz Albaniyası dövründə birgə yaşadığını və bu qədim dövlətin e.ə. IV əsrdən b.e. 705-ci ilinədək mövcud olduğunu bildirmişdir. Səfir məhz Qafqaz Albaniyası ərazisinin Cənubi Qafqazda ilk Xristian icmalarının məskənlərindən biri hesab edildiyi barədə məlumat vermişdir. O, Azərbaycanda xristianlığın tarixinin Alban kilsəsinin yaranması ilə eyni vaxta təsadüf etdiyi və bu kilsənin xristianlığın tarixində mühüm rol oynadığından söz açmışdır.

N.Qurbanova 1918-ci il mayda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasını Azərbaycan tarixinin parlaq səhifələrindən biri olaraq qiymətləndirmiş və bu dövlətin müsəlman Şərqində ilk demokratik dünyəvi respublika olduğunu bildirmişdir. Səfir mövcud olduğu qısa dövr ərzində AXC hökumətinin dövlətçilik və milli quruculuğun inkişafı prosesində mühüm addımlar atması barədə məlumat vermişdir.

Səfir Azərbaycan tarixinin faciəli məqamlarından olan Ermənistan-Azərbaycan münaqişəsinin uzun illər boyu həll edilməməsini təəssüf hissi ilə qeyd etmişdir. Sözügedən münaqişənin Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla, Azərbaycan ərazisinin beşdə birinin işğalı, ölkəmizdə hər on şəxsdən birinin qaçqın və ya məcburi köçkünə çevrilməsi ilə nəticələndiyini, davam edən hərbi işğal və işğal olunmuş ərazilərdə etnik təmizləmə ilə yanaşı, Azərbaycanın mədəni irsi və mülki infrastrukturunun əvəzolunmaz itkilərə məruz qalmasını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Səfir münaqişə ilə bağlı BMT TŞ tərəfindən 1993-cü ildə 4 qətnamənin qəbul edildiyini xatırladaraq beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı hərbi gücün istifadəsi, ərazilərimizin işğalını davamlı olaraq qınadığını vurğulamışdır.

Səfir bolqar dilində Azərbaycan tarixi barədə ilk fundamental əsər olan, məşhur Avstriya tarixçisi E.Fayqlın “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” kitabının ərsəyə gəlməsində Bolqarıstanın Ehtiyatda olan zabitlər və serjantlar İttifaqının üzvü, ehtiyatda olan polkovnik T.Enevin töhfəsindən danışmış və ona təşəkkürünü ifadə etmişdir.

BEA-nın Tarix İnstitutunun direktor müavini B.Nyaqulov müasir qlobal dünyada xalqların bir-birini qarşılıqlı tanımasının zəruri olduğunu, Qara dəniz vasitəsilə bölünən Balkan və Qafqaz regionları arasında tarixi oxşarlıqların – yerli əhalinin etno və dini tərkibinin müxtəlifliyi, müsəlman və xristian əhalinin sülh şəraitində birgə yaşayışı və s. olduğunu söyləmişdir. O, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü çərçivəsində belə bir kitabın təqdimatının keçirilməsinin bolqar oxucuları və tarixçiləri üçün əlamətdar olduğunu qeyd etmişdir.

AMEA-nın Abbasqulu Ağa Bakixanov adına Tarix İnstitutunun direktoru Y.Mahmudov Azərbaycanda hələ 5000 il bundan əvvəl yaranmış ilk dövlətlər, 237 il hökmranlıq etmiş Səfəvilər İmperiyası, müsəlman Şərqində ilk demokratik respublika olan AXC, İkinci Dünya Müharibəsində SSRİ-nin qələbəsində mühüm rol oynamış Bakı nefti və s. barədə məlumat vermişdir. O, əlavə etmişdir ki, müsəlman Şərqində ilk opera və operettanın əsası da məhz Azərbaycanda qoyulmuşdur. E.Fayqlın Azərbaycan tarixi barədə Avropa oxucusuna müfəssəl məlumat verən “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” əsərinin əhəmiyyətindən bəhs edərək Y.Mahmudov qeyd etmişdir ki, kitab Azərbaycan tarixini dünyaya olduğu kimi, təhrifsiz çatdırır. Deputat həmçinin I Pyotrun göstərişi ilə ermənilərin Qafqaza köçürülməsi, İrəvan quberniyasının yaradılması, 1918-ci ildə ermənilərin Azərbaycanlılara qarşı törətdiyi soyqırım hadisələri və s. barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir.

Azərbaycanın Bolqarıstanla münasibətlərinə toxunan Y.Mahmudov iki ölkə arasında tarixən mövcud olmuş dost əlaqələrindən bəhs etmişdir. Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü çərçivəsində sözügedən kitabın bolqar dilində tərcümə olunmuş versiyasının təqdimatının keçirilməsini yüksək qiymətləndirmişdir.

Kitabın tərcüməçisi Bolqarıstanın Ehtiyatda olan zabitlər və serjantlar İttifaqının üzvü, ehtiyatda olan polkovnik T.Enev kitabla ilk tanışlığından, əsərin onda necə dərin iz buraxmasından və beləliklə kitabın bolqar dilinə tərcüməsinə qərar verməsindən söz açmışdır. O, bildirmişdir ki, onun dostları arasında Azərbaycanlılar olduğu kimi, ermənilər də var. Lakin ermənilərin tarixi olduğu kimi yox, özlərinə sərf edən kimi təqdim etməsi onu bu kitabı tərcümə etməyə vadar etmişdir. T.Enev kitabda ermənilərin Qafqaza köçürülməsinin faktlarla sübut olunduğunu, onların törətdiyi cinayətlərin oxucuya təqdim olunduğunu əlavə etmişdir. Sonda polkovnik bildirmişdir ki, əgər erməni siyasətçilər öz fantasmaqoriyalarından, tarixin saxtalaşdırılmasından əl çəksələr və Azərbaycanlı həmkarlarına əl uzatsalar, mehriban qonşular kimi müharibəsiz və qurbansız yaşaya bilərlər.

Sözügedən kitabın redaktoru S.Süleymanova çıxış edərək redaktoru olduğu kitabın bolqar dilinə tərcümə edilməsinin tarixi barədə qısa məlumat vermiş və kitabın bolqar xalqına həqiqi Azərbaycan tarixini öyrənməyə imkan yaratdığını söyləmişdir. Kitabın bolqarlar arasında öz oxucularını əldə edəcəyinə ümid etdiyinə bildirən S.Süleymanova kitabın ölkəmiz üçün əhəmiyyətindən bəhs etmişdir. O, davam etmişdir ki, kitab Azərbaycanlı tərəfindən deyil, müasir Avropanın ürəyində yaşayan avropalı tərəfindən qələmə alınmışdır və bir avropalının Azərbaycan tarixini və reallığını necə qəbul etməsinin parlaq nümunəsidir.

Arxiv üzrə axtarış