2018-01-16

“Buta Airways”ın Bolqarıstana həyata keçirdiyi ilk aviareys Sofiyada təntənəli qarşılanmışdır

16 yanvar 2018-ci il tarixində Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyinin dəstəyi, “Buta Airways” şirkəti və Sofiya Hava Limanının təşkilatçılığı ilə Sofiya Hava Limanında “Buta Airways” şirkətinin Bakıdan Sofiyaya J2-9059 nömrəli reyslə uçan ilk təyyarəsinin qarşılanma mərasimi keçirilmişdir.

 

Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfiri Nərgiz Qurbanova,  Azərbaycan Respublikasının Milli Məclisinin Bolqarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev, millət vəkilləri Ağacan Abıyev və Sabir Hacıyev və “Buta Airways” şirkətinin direktoru Cəmil Manizadənin təşkil etdiyi Azərbaycan Respublikasının rəsmi nümayəndə heyəti, Bolqarıstan Respublikasının nəqliyyat, informasiya texnologiyaları və rabitə naziri İvaylo Moskovskinin rəhbərlik etdiyi və energetika naziri Temenujka Petkova, iqtisadiyyat naziri Emil Karanikolov, kənd təsərrüfatı, qida və meşə təsərrüfatı naziri Rumen Porojanovun qatıldığı Bolqarıstanın rəsmi nümayəndə heyəti, eləcə də hər iki tərəfdən 40-a yaxın KİV nümayəndəni daşıyan bu təyyarə 16 yanvar 2018-ci il tarixi 10:00 radələrində Sofiya Hava Limanına enmiş və VİP-A zalından təqribən 35 metr məsafədə saxlamışdır. Rəsmi nümayəndə heyətləri təyyarədən enərkən Bolqarıstanın adətinə görə düz-çörəklə qarşılanmışdır. Mərasimdə Bolqarıstan Respublikasının turizm naziri Nikolina Angelkova və nazir müavini İrena Georgiyeva, Sofiya meri Yordanka Fandıkova, Bolqarıstan Respublikasının Xalq Məclisinin sədr müavini Valeri Jablyanov, Xalq Məclisinin Bolqarıstan-Azərbaycan dostluq qrupunun rəhbəri Həmid Həmid, xarici işlər nazirinin müavini Yuriy Şterk, Gürcüstanın Bolqarıstan Respublikasındakı səfiri Zurab Beridze, Bolqarıstan Respublikası Prezidentinin müşavirləri, hökumət nümayəndələri, millət vəkilləri, biznes və turizm assosiasiyaların rəhbərləri və nümayəndələri, eləcə də Bolqarıstanın Milli Televiziya, Milli Radio, “Bulgaria On Air”, “bTV Media Group” və digər aparıcı KİV nümayəndələri iştirak etmişlər.

 

Tədbirin rəsmi hissəsində Bolqarıstan tərəfindən BR nəqliyyat, informasiya texnologiyaları və rabitə naziri İvaylo Moskovski və turizm naziri Nikolina Angelkova, Azərbaycan tərəfindən isə Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfiri Nərgiz Qurbanova, “Buta Airways” şirkətinin direktoru Cəmil Manizadə və Azərbaycan Respublikasının Milli Məclisinin Bolqarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev çıxış etmişlər.

 

Nazir İ.Moskovski Azərbaycan ilə Bolqarıstan arasında birbaşa hava əlaqəsinin yaradılmasında hər iki tərəfin, xüsusən Azərbaycan və Bolqarıstan rəhbərliyinin səylərini yüksək qiymətləndirərək Bakı-Sofiya-Bakı marşrutu üzrə reyslərin iki ölkə arasında turizm əlaqələrinin dərinləşməsinin rəmzi olacağına və bir sıra yeni layihələrin reallaşdırılmasına imkan yaradacağına dair inamını ifadə etmişdi. O, Azərbaycanın və xüsusilə Bakının maraqlı və cəlbedici istiqamət olduğunu, Bolqarıstanın ölkəmizin turizm potensialından faydalana biləcəyini və qarşılıqlı olaraq Azərbaycan turistlərinin Bolqarıstanda təqdim olunan turizm imkanlarından yararlana biləcəyini vurğulamışdı. Birbaşa uçuşların Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli, o cümlədən biznes əlaqələrin genişlənməsinə töhfə verəcəyini bildirən nazir iki ölkə arasında digər sahələrdə də mövcud mövzular üzərində işin davam etdiriləcəyini qeyd etmişdi.

Səfir N.Qurbanova Azərbaycan ilə Bolqarıstan arasında birbaşa hava əlaqəsinin iki ölkə rəhbərliyinin səyləri nəticəsində reallaşdırıldığını bildirmiş, ilk reysin Bakıdan Azərbaycan və Bolqarıstanın Baş nazirləri tərəfindən yola salındığını qeyd etmişdi. Qatıldığı bu ilk uçuşun xoş və rahat olduğunu qeyd edən səfir, Bakı ilə Sofiya arasında birbaşa hava əlaqəsinin açılmasının Azərbaycan Demokratik Respublikasının 100 və Azərbaycan kinematoqrafiyasının 120 illik yubileylərilə təsadüf etdiyini bildirmişdi. O, “Buta Airways” şirkətinin Avropa İttifaqı xaricindən Bolqarıstana uçan ilk aşağı büdcəli aviaşirkət olduğunu, eləcə də “Buta Airways” şirkətinin Avropa İttifaqı ölkələri arasında birinci məhz Bolqarıstana uçduğunu qeyd etmişdi. Bakı ilə Sofya arasında birbaşa hava əlaqəsinin iki ölkə arasında ikitərəfli əlaqələrin gücləndirilməsinə töhfə verəcəyini bildirmişdi. Sonda, N.Qurbanova reysin reallaşdırılmasında əməyi olan qurumların rəhbər və nümayəndələrinə minnətdarlığını bildirmişdi.  

 

Turizm naziri N.Angelkova açılmış hava əlaqəsinin Azərbaycan ilə Bolqarıstan arasında  turizm sahəsində əməkdaşlığın daha da uğurlu inkişafına təkan verəcəyini qeyd edərək, 3000 yaxın Azərbaycan turistin Bolqarıstana səfər etdiyini və yeni reysin hesabına bu rəqəmin artacağını bildirmişdi. O, cari ilin aprel ayında Bakıda keçiriləcək 17-ci Azərbaycan Beynəlxalq Səyahət və Turizm Sərgisində Bolqarıstanın tərəfdaş ölkə qismində iştirak edəcəyini bəyan etmişdi. Hazırda iki ölkənin turizm şirkətləri və tur operatorları üçün qarşılıqlı olaraq Azərbaycan və Bolqarıstanda info-turların təşkil olunması üzərində işlərin aparıldığını bildirən nazir Bakı ilə Sofiya arasında açılmış birbaşa uçuşların turizmin müxtəlif sahələrinin stimullaşdırılması üçün əlverişli şərait yaradacağını qeyd etmişdi. Çıxışın sonunda, Azərbaycan ilə Bolqarıstan arasında birbaşa hava əlaqəsinin reallaşdırılmasına görə hər iki ölkənin rəhbərliyi və bu məsələdə əməyi olan hər kəsə minnətdarlıq ifadə edilmişdi.

 

C.Manizadə Bakı ilə  Sofiya arasında birbaşa reysin həyata keçirilməsində dəstəyi olan qurumların nümayəndələrinə təşəkkür edərək, “Buta Airways” şirkətinin körpü rolunu oynayaraq iki ölkənin paytaxtlarını yaxınlaşdırdığını və Azərbaycan ilə Bolqarıstan arasında turizm, biznes və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə töhfəsini verəcəyini bildirmişdi. O, “Buta Airways” şirkətinin artıq 1 il fəaliyyət göstərdiyini, bu müddət ərzində şirkətin təhlükəsiz, müntəzəm və kommersiya cəhətdən cəlbedici xidmət təklif edərək  nailiyyətlər əldə etdiyini söyləmişdi, Bakı-Sofiya-Bakı birbaşa reysin uğurlu və davamlı olacağına ümid ifadə etmişdi.

Millət vəkili R.Əliyev Azərbaycan ilə Bolqarıstan arasında diplomatik əlaqələrin 1992-ci ildə qurulduğunu, həmin vaxtdan etibarən iki ölkə arasında siyasi, mədəni, təhsil, idman, İKT, turizm, energetika və digər sahələrdə aktiv əməkdaşlığın aparıldığını bildirmişdi. Azərbaycan tərəfindən həyata keçirilən irimiqyaslı enerji layihələr barədə söz açan R.Əliyev 2020-ci ildə Bolqarıstanın təbii qaza olan tələbatının 1/3-nin Azərbaycan qazı hesabına təmin ediləcəyini qeyd etmişdi. O, Sofiyaya ilk reyslə gəlmiş millət vəkillərinin Bolqarıstanın Xalq Məclisinin sədri və digər rəsmi nümayəndələrlə görüşlər keçirəcəklərini bildirmişdi, Bakı-Sofiya-Bakı marşrutu üzrə birbaşa reyslərinin uğurlu olacağını və bütün sahələrdə iki ölkə arasında əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini söyləmişdi.      

 

Mərasim zamanı “Buta Airways” şirkəti və Sofiya Hava Limanın rəmziləri olan tort kəsilmiş, tədbir furşetlə davam etmişdir. Qarşılama mərasiminə paralel olaraq, Sofiya Hava Limanının 2-ci terminalında bu reyslə Sofiyadan Bakıya gedən adi sərnişinlərin xüsusi bəzədilmiş müvafiq masada uçuş qeydiyyatı aparılmış, hər bir sərnişinə Sofiya Hava Limanı tərəfindən suvenirlər təqdim olunmuşdur.

 

Mərasim Bolqarıstan KİV-ində geniş işıqlandırılıb.

Arxiv üzrə axtarış