2018-03-21

Sofiyada Novruz bayramı qeyd olunub

Sofiyada Azərbaycanın Bolqarıstandakı Səfirliyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə Bolqarıstan Respublikası Prezident Administrasiyası, Xarici İşlər, Daxili İşlər, Təhsil və Elm nazirliklərinin nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, eləcə də Bolqarıstanın digər dövlət və özəl qurumlarının nümayəndələri, bu ölkənin aparıcı QHT və KİV nümayəndələri, Bolqarıstanda akkreditə olunan diplomatik missiyaların rəhbərləri, Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri və Azərbaycan diasporunun üzvləri iştirak etmişdir. 

Bolqarıstan Respublikası xarici işlər naziri Ekaterina Zaxarieva və Sofiya şəhərinin meri Yordanka Fandıkova tərəfindən təbrik məktubları ünvanlanmışdır.

Tədbirin açılışında çıxış edən səfir N.Qurbanova Novruzun bu bayramı qeyd edən 300 milyondan çox insan üçün əziz olduğunu, Novruzun fəlsəfəsində məhz birliyin dayandığını və onun missiyasının insanlar arasında körpü olmaq və dialoq yaratmaq olduğunu söyləmişdir. Azərbaycan Səfəvi dövlətinin banisi, görkəmli hökmdar və şair Şah İsmayıl Xətayinin “Dəhnamə” poemasını xatırlayan səfir sözügedən əsərdə Novruzun fəlsəfəsinin gözəl təsvir olunduğunu qeyd etmişdir. O, Novruzun yalnız təbiətin oyanması, çiçəklərin pöhrələnməsi ilə bağlı olmadığını, insanların daxilindəki məhəbbət və şövqün dirçəlişi ilə əlamətdar olduğunu, məhz bu cəhətlərin Novruzu ümumbəşəri etdiyini vurğulamışdır.

Novruzun qeyd edilməsi ilə bağlı ən qədim təsvirlərin Azərbaycanda olduğunu qeyd edən səfir bu təsvirlərin paytaxt Bakıdan 60 km aralı olan Qobustanda yerləşdiyini, 40.000 yaşı olan bu təsvirlərin Azərbaycanda Novruzun qədim köklərinin sübutu olduğunu diqqətə çatdırmışdır.

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin “İsgəndərnamə” əsərində azərbaycanlıların hələ eradan əvvəl Novruz bayramını qeyd etdiyini bildirirək N.Qurbanova şairin əsərlərində bu bayram barəsində geniş bədii təsvirlərin olduğunu əlavə etmişdir.

Səfir davam etmişdir ki, Azərbaycanda Novruz məhz demokratik fəlsəfəsinə görə sevilir, bu bayram təkcə yaz gecə-gündüz bərabərliyinin qeyd edilməsi olmayıb, insanların bərabərliyi bayramıdır. N.Qurbanova bu bayramın müxtəlif sosial təbəqədən olan insanları bir araya gətirərək onlar arasında qarşılıqlı anlaşma və birliyi möhkəmləndirdiyini qeyd etmişdir.

Səfir həmçinin Novruzdan öncə qeyd olunan çərşənbələr, bu bayramın rəmzləri barədə qonaqlara ətraflı məlumat vermişdir. O, BMT Baş Assambleyası tərəfindən 21 mart tarixinin “Beynəlxalq Novruz günü” kimi elan olunduğuna diqqət çəkərək BMT-nin sabiq Baş katibi Ban Ki-munun Novruz barədə “Novruz bizə qarşılıqlı anlaşma, hörmət və tolerantlıq vasitəsilə sülh üçün paylaşdığımız dəyər və arzularımızı xatırladır” fikirlərini xatırlamışdır.

Sonra bolqar musiqiçisi Minko Lambovun rəhbərlik musiqi qrupunun ifasında Vaqif Mustafazadə, Əzizə Mustafazadə, Rain Sultanov və digər caz musiqiçilərinin əsərləri səsləndirilmişdir.

Tədbir çərçivəsində N.Qurbanova Bolqarıstan Teleqraf və Focus xəbər agentliklərinə müsahibə vermişdir. Müsahibə zamanı səfir Novruz bayramının tarixi, əhəmiyyəti, adət-ənənələri, xalqımız tərəfindən onun təntənəli şəkildə qeyd edilməsi barədə danışmışdır.

Səfirlik tərəfindən təşkil olunmuş ziyafətdə qonaqlara Azərbaycan milli mətbəxinin ləziz təamları və Novruzun rəmzləri olan şirniyyatlar təqdim edilmişdir.

Tədbir Bolqarıstanın mətbuatında işıqlandırılmışdır.

Arxiv üzrə axtarış