2018-04-02

Bolqarıstanın Ruen şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi haqqında 16 may 2017-ci il tarixli Sərəncamından irəli gələrək AXC-nin yaranmasının 100 illik yubileyinin qeyd olunması məqsədilə Səfirlik tərəfindən təşkil olunan silsilə tədbirlər çərçivəsində Bolqarıstanın Ruen şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu “Əli və Nino” filmi nümayiş olunmuşdur.

Gecədə Ruen bələdiyyəsinin meri İsmail Osman, şəhər icma şurasının sədri Əşrəf Əşrəf, Bolqarıstan Respublikasının Xalq Məclisinin deputatı, Bolqarıstan-Azərbaycan dostluq qrupunun üzvü Sevim Əli, Avropa Parlamentinin Bolqarıstandan olan deputatı, Avropa naminə Liberalların və Demokratların Alyansı Qrupunun (ALDE) vitse-prezidenti İlhan Küçük, eləcə də şəhər bələdiyyəsinin digər rəsmi şəxsləri iştirak etmişlər.

Gecənin açılışında çıxış edən səfir N.Qurbanova Ruen şəhərində təşkil olunan tədbirin bir sıra əlamətdar yubileylər, o cümlədən, müsəlman Şərqində ilk parlament respublikası AXC-nin yaradılmasının 100-cü ildönümü ilə bağlı olduğunu qeyd etmişdir. AXC-nin yaradılmasını xalqımızın tarixində mühüm hadisə kimi qiymətləndirən səfir cəmi 23 ay yaşamasına baxmayaraq, AXC-nin qısa müddətdə həyata keçirdiyi tədbirlər barədə məlumat vermiş, onun xalqımızın tarixində buraxdığı silinməz izlər, milli dövlətçilik ənənələrimizin bərpasında böyük rolundan danışmışdır.

N.Qurbanova ölkə başçısının AXC ilə bağlı fikirlərinə istinad edərək Şərqdə demokratiyanın əsasını qoyan məhz Azərbaycan xalqı olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. AXC dövründə əsası qoyulan demokratik ənənələrin bu gün də davam etdiyini qeyd edən səfir xalqımızın yalnız qədim tarixə və demokratik ənənələrə deyil, həmçinin zəngin mədəniyyət, ədəbiyyat, incəsənət və musiqiyə malik olduğunu,  145 illik milli teatr, 120 illik kinematoqrafiya və 110 illik opera tariximizin bunu sübut etdiyini əlavə etmişdir.

AXC-nin süqutundan 71 il sonra, 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edərək dünya ictimaiyyətinə müstəqil dövlət kimi qoşulduğunu bildirən səfir müstəqilliyimizin ilk illərinin çox ağır bir zamana təsadüf etməsi, ölkəmizin Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalması, ərazilərimizin 20 faizinin işğal olunması və 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi barədə ətraflı məlumat vermişdir. Bütün bu çətinliklərə baxmayaraq son 25 il ərzində Azərbaycanın çox uğurlu bir inkişaf yolunu keçərək qlobal və regional proseslərə böyük töhfə verən ölkəyə çevrildiyini vurğulayan N.Qurbanova bu uğurlu siyasətin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulması və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsindən bəhs etmişdir. O, davam etmişdir ki, nəticədə ölkəmiz həm siyasi, həm də sosial-iqtisadi baxımdan öz nüfuzunu artıra bilmiş və tək Azərbaycan deyil, digər qonşu ölkələrin də inkişafına vacib töhfə vermiş, bir çox iri miqyaslı layihələrə imza atmışdır. Səfir Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi layihələrini sadalayaraq onların ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin uğurlu bəhrəsi olduğunu əlavə etmişdir. Səfir xalqın iradəsi ilə yenidən 1993-cü ilin iyun ayında hakimiyyətə gələrək, mürəkkəb vəzifəni üzərinə götürərək Azərbaycanı çətin durumdan çıxaran şəxsin məhz Heydər Əliyev olduğunu diqqətə çatdırmış və xalqımız tərəfindən cari ildə 95 illik yubileyi qeyd olunan bu dahi şəxsiyyətin əziz xatirəsinin dərin hörmət və ehtiramla yad edildiyindən söz açmışdır.

Daha sonra Azərbaycan-Bolqarıstan münasibətlərinə toxunan səfir ötən il ölkələrimiz arasında diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümünün qeyd olunduğu, strateji tərəfdaş olan ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün böyük potensialın mövcud olduğunu söyləmişdir. 16 yanvar 2018-ci il tarixindən etibarən fəaliyyətə başlamış və Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkəti olan “Buta Airways” şirkəti tərəfindən həyata keçirilən Bakı-Sofiya birbaşa hava əlaqəsini ölkələrimiz arasında əməkdaşlığın parlaq nümunəsi kimi xarakterizə edən səfir ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə mövcud potensialın reallaşdırılması kontekstində ölkəmizin Bolqarıstanın regionları ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə böyük diqqət verdiyini xüsusi vurğulamışdır.

Sivilizasiyalar və mədəniyyətlərin qovşağında yerləşən Azərbaycanın daima müxtəlif dinlərin, etnik qrupların və mədəniyyətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, tolerantlıq şəraitində birgə yaşadığı məkan olduğunu söyləyən səfir Azərbaycanın İslam dünyasındakı rolu və nüfuzundan da bəhs edərək qeyd etmişdir ki, 5 minillik tarixə malik qədim Naxçıvan şəhəri 2018-ci il İslam dünyasının mədəniyyəti paytaxtı elan edilmişdir. Şəhərin “İslam mədəniyyətinin paytaxtı” adına layiq görülməsi Azərbaycan xalqının tarixi-mədəni irsinə İslam aləmində verilən yüksək qiymətin nəticəsidir.

Sonda nümayiş olunacaq “Əli və Nino” filmi barədə məlumat verən N.Qurbanova sözügedən filmin, demək olar ki, yuxarıda sadalanan bütün məqamları özündə ehtiva etdyini əlavə etmişdir. O davam etmişdir ki, bir tərəfdən, film müsəlman azərbaycanlı gənc ilə xristian gürcü qızının məhəbbəti barədədirsə, digər tərəfdən, AXC-nin yaradılmasından öncə və sonra Azərbaycanda cərəyan edən siyasi prosesləri təsvir edir.

Daha sonra Ruen bələdiyyəsinin meri İ.Osman, şəhər icma şurasının sədri Ə.Əşrəf, Bolqarıstan Respublikasının Xalq Məclisinin deputatı, Bolqarıstan-Azərbaycan dostluq qrupunun üzvü S.Əli, Avropa Parlamentinin Bolqarıstandan olan deputatı, Avropa naminə Liberalların və Demokratların Alyansı Qrupunun (ALDE) vitse-prezidenti İ.Küçük çıxış edərək səfir N.Qurbanovanın Ruen şəhərinə səfərini, AXC-nin 100 illik yubileyi kimi əlamətdar tarixi hadisənin qeyd olunması çərçivəsində belə bir tədbirin təşkilini yüksək qiymətləndirmiş, ölkələrimiz arasında əməkdaşlığın, o cümlədən mədəni sahədə əlaqələrin inkişafı baxımından əhəmiyyətini qeyd etmişlər. Azərbaycan-Bolqarıstan arasında münasibətlərin inkişafından məmnunluq ifadə edən natiqlər bu əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyinə, xüsusilə Bakı-Sofiya birbaşa hava əlaqəsinin bu prosesə əlavə töhfə verəcəyinə ümidlərini bildirmişlər.

Gecədə qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunmuş və onlar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Filmin nümayişindən sonra yerli folklor qrupunun ifasında rəqs nümunələri təqdim edilmiş və Azərbaycan və türk mahnılarından ibarət rəngarəng musiqi çələngi səsləndirilmişdir.

Arxiv üzrə axtarış