2018-04-12

Azərbaycanın mədəni turizm potensialı Bolqarıstanın Veliko Tırnovo şəhərində təbliği

Azərbaycanın turizm imkanları və mədəniyyətinin Bolqarıstanda təbliği məqsədilə cari ilin 19-21 aprel tarixlərində Bolqarıstanın Veliko Tırnovo şəhərində baş tutmuş “Mədəni turizm” 15-ci Beynəlxalq Turizm Sərgisində Azərbaycan Respublikasının  (AR) Bolqarıstan Respublikasındakı Səfirliyinin təşkilatçılığı və AR Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəmiz növbəti dəfə milli stendlə təmsil olunmuşdur.

Sərgi zamanı stendi ziyarət edənlərə Azərbaycanın mədəniyyəti, tarixi, adət-ənənələri, turizm sahəsində əldə etdiyi nailiyyətlər, mövcud turizm marşrutları barədə ətraflı məlumat verilmiş, Azərbaycan xalçaları və sənətkarlıq nümunələri nümayiş etdirilmiş, ölkəmizin mədəni turizm potensialını əks etdirən broşürlar və suvenirlər tədbir iştirakçılarına paylanılmışdır. Sərgidə həmçinin Azərbaycanın istehsalı olan nar şirəsi və şərabların dequstasiyası keçirilərək ölkəmizin üzümçülük və şərabçılıq ənənələri, eləcə də “Made in Azerbaijan” brendinə daxil olan şərablar haqqında məlumat verilmişdir.

Sözügedən sərginin açılışında iştirak edən Veliko Tırnovo şəhərinin meri Daniel Panov və Veliko Tırnovo vilayətinin qubernatoru Lubomira Popova Azərbaycan stendini ziyarət etmiş, Azərbaycan mədəniyyəti və turizm imkanları barədə məlumatlandırılmışlar. Sərginin sonunda Azərbaycan stendi uğurlu iştiraka görə fəxri sertifikatla təltif edilmişdir.

Sərgiyə paralel olaraq Bolqarıstan Respublikasının Turizm Nazirliyinin himayəsi altında Turizm Film Festivalların Beynəlxalq Komitəsinin (İnternational Committee of Tourism Film Festivals) üzvü olan “Avropanın Şərq Sahilində” adlı 14-ci Bolqarıstan Beynəlxalq Turizm Film Festivalı keçirilmişdir. Festivala AR Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış “Bakı, Azərbaycan – ulduzların sizin üçün parladığı yer” adlı reklam çarxı təqdim edilmişdir. Sözügedən reklam çarxı festival çərçivəsində keçirilmiş müsabiqədə “Korporativ Turizm Filmi” kateqoriyası üzrə ölkənin lakonik və dinamik təqdimatına görə mükafatlandırılmışdır. Reklam çarxı “Korporativ Turizm Filmi” nominasiyası üzrə mükafata təqdim edilmiş 11 namizəddən 10 münsifdən ibarət heyət tərəfindən seçilmiş 3 qalib sırasında olmuşdur. Festivalda həmçinin təbiət və ekoturizm, idman və macəra, tarix və mədəniyyət və inanc və adət-ənənələr kateqoriyaları üzrə də mükafatçılar müəyyənləşdirilmişdir. Filmlər 3 gün ərzində festival çərçivəsində Veliko Tirnovo şəhərinin sakinləri və qonaqlarına təqdim edilmişdir.

Qeyd olunmalıdır ki, 15-ci “Mədəni Turizm” sərgisi Bolqarıstan Respublikasının Turizm və Mədəniyyət Nazirliklərinin dəstəyi və Veliko Tırnovo şəhərinin Bələdiyyəsi, Bolqarıstanın Tur Operatorları və Səyahət Agentliklərinin Assosiasiyası (ABTTA), Bolqar Otel və Restoranlar Assosiasiyası və “Tsarevgrad Tarnov” Bələdiyyə Turizm Agentliyinin birgə təşkilatçılığı ilə mədəniyyət irsi üzrə Avropa ili çərçivəsində keçirilmişdir. Sərgidə Bolqarıstan, Azərbaycan, Braziliya, Vyetnam, Fələstin Dövləti, Cənubi Afrika, Çin, Çexiya, Slovakiya, Polşa, Macarıstan və Yunanıstan daxil olmaqla tanınmış və ekzotik turizm məkanlarını nümayiş etdirən 50-ə yaxın bolqar və xarici şirkət və qurumlar iştirak etmişdir.   

Arxiv üzrə axtarış