2018-05-16

Sofiyada “Azərbaycanın arxeoloji irsi” mövzusunda sərgi təşkil olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat  İnstitutunun direktoru İsa Həbibbəylinin rəhbərliyi ilə nümayəndə heyəti Bolqarıstanda səfərdə olmuşdur. Səfər çərçivəsində Bolqarıstan Elmlər Akademiyasının (BEA) Eksperimental morfologiya, patologiya və antropologiya (Muzey ilə birgə), Ədəbiyyat və Milli Arxeologiya (Muzey ilə birgə) institutlarında görüşlər keçirilmiş, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat  İnstitutu ilə BEA-nın Ədəbiyyat İnstitutu və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə BEA-nın Milli Arxeologiya İnstitutu (Muzey ilə birgə) arasında müvafiq olaraq əməkdaşlıq haqqında sazişlər imzalanmış və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.

Eyni zamanda AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova BEA-nın Milli Arxeologiya İnstitutunda (Muzey ilə birgə) “Azərbaycanda arxeoloji tədqiqatlar” mövzusunda məruzə ilə çıxış etmiş, ölkəmizdə aparılan arxeoloji qazıntılar, aşkar olunmuş zəngin maddi-mədəniyyət nümunələri, bu sahədə əldə edilən nailiyyətlər və İnstitutun həyata keçirdiyi layihələr barədə tədbir iştirakçılarına ətraflı məlumat vermiş və bolqar mütəxəssislərin suallarını cavablandırmışdır.

Səfər çərçivəsində həmçinin Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycanın Bolqarıstandakı Səfirliyi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və BEA-nın Milli Arxeologiya İnstitutunun (Muzey ilə birgə) birgə təşkilatçılığı ilə “Azərbaycanın arxeoloji irsi” adlı foto-sərgi baş tutmuşdur.

Sərginin açılışında AMEA-ın vitse-prezidenti İsa Həbibbəyli, AMEA-nın İctimai elmlər bölməsinin akademik-katibi Nərgiz Axundova, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova, BEA-nın vitse-prezidenti Vasil Nikolov, BEA-nın Milli Arxeologiya İnstitutunun (Muzey ilə birgə) direktoru Ludmil Vaqalinski, BR Xarici İşlər Nazirliyi, eləcə də Bolqarıstanın digər dövlət və özəl qurumlarının nümayəndələri, bu ölkənin aparıcı QHT və KİV nümayəndələri, Bolqarıstanda akkreditə olunan diplomatik missiyaların rəhbərləri, Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri iştirak etmişlər.

Gecənin açılışında çıxış edən səfir N.Qurbanova cari ilin müsəlman və türk dünyasında ilk demokratik parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünün qeyd olunduğu, bu əlamətdar hadisənin qeyd olunması kontekstində bolqar tərəfdaşlarla silsilə tədbirlərin keçirildiyi və hazırki sərginin bunun bariz nümunəsi olduğunu diqqətə çatdırmışdır.

Sözügedən sərginin Azərbaycanda aparılan arxeoloji qazıntılar, eləcə də bu sahədə əldə edilmiş son nailiyyətlərə nəzər salmağa, həmçinin ölkəmizin qədim tarixi və zəngin mədəni irsini nümayiş etdirməyə imkan verdiyini əlavə etmişdir.

Səfir davam etmişdir ki, Azərbaycan qədim insan məskənlərinin yerləşdiyi ərazilərdən olmuşdur və ölkəmizin müxtəlif ərazilərində, o cümlədən Dağlıq Qarabağda Azığ və Tağlar, Qazaxda Damcılı və Daş Salahlı, Naxçıvanda Qazma mağaralarında aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan abidələr, qayaüstü rəsmlər, müxtəlif sənətkarlıq nümunələri, eləcə də saysız artefaktlar bunu isbatlayır. N.Qurbanova məşhur Azığ mağarasının yerləşdiyi Dağlıq Qarabağ ərazisinin hazırda Ermənistan tərəfindən işğal olunduğu, işğalın maddi və insan tələfatı ilə yanaşı, ölkəmizin mədəni və tarixi irsinə vurduğu faciəvi nəticələr barədə danışmış, beynəlxalq hüquqa əsasən silahlı münaqişələr zamanı mədəni mülkiyyət və tarixi irsə qarşı yönəldilən aktların müharibə cinayəti olduğu barədə məlumat vermişdir.

Sərginin ölkəmizin tarixi və mədəni irsini təşviq etməyə yönləndiyini vurğulayan səfir həmçinin onun Bolqarıstandan olan mütəxəssislər üçün ölkəmizin bu sahədə elmi-tədqiqat əməkdaşlığı ilə bağlı təklif edə biləcəyi imkanları kəşf etməyə sövq etmək məqsədi daşıdığını və paytaxtlarımız arasında birbaşa hava əlaqəsinin hər iki ölkənin mütəxəssislərinin bir araya gəlməsini daha da asanlaşdırdığını söyləmişdir.

BEA-nın Milli Milli Arxeologiya İnstitutunun (Muzey ilə birgə) direktoru L.Vaqalinski rəhbərlik etdiyi qurumun belə bir sərgiyə ev sahibliyi etməsindən məmnunluğunu ifadə etmiş, sərginin Azərbaycan tarixini daha yaxından öyrənməyə şərait yaratdığını qeyd etmişdir. İki qurum arasında imzalanmış əməkdaşlıq haqqında sazişi yüksək qiymətləndirən direktor bununla institutlar arasında əməkdaşlığın hüquqi bazasının əsasının qoyulduğunu və bu xüsusda gələcək sıx əməkdaşlıqla bağlı ümidini bildirmişdir.

BEA-nın vitse-prezidenti V.Nikolov iki ölkənin elmlər akademiyaları arasında əməkdaşlığın yüksələn xətt üzrə davam etdiyini vurğulamış və ötən il AMEA-nın prezidenti akademik A.Əlizadənin rəhbərliyi ilə nümayəndə heyətinin Bolqarıstana səfərini xatırlamışdır. O, müvafiq institutlar arasında imzalanmış sənədlərin digər institutlar  üçün örnək olacağını ümid etdiyini qeyd etmişdir.

AMEA-nın vitse-prezidenti İ.Həbibbəyli Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrdən bəhs edərək Azərbaycan elminin, mədəniyyətinin Bolqarıstanda təbliğinin mühüm əhəmiyyət kəsb etdiyini söyləmişdir. Son dövrlər akademiyalar arasında əməkdaşlığın daha da möhkəmləndiyini qeyd edən vitse-prezident bu istiqamətdə fəaliyyətin bundan sonra da davam etdiriləcəyini ümidini bildirmişdir. İ.Həbibbəyli Bolqarıstana səfərinin çox məhsuldar olduğunu, arxeologiya institutları arasında sazişlə yanaşı, özünün rəhbərlik etdiyi Ədəbiyyat İnstitutu ilə BEA-nın Ədəbiyyat İnstitutu arasında Anlaşma Memorandumunun imzalanması barədə məlumat vermişdir.

Səfər zamanı AMEA-nın vitse-prezidenti İ.Həbibbəyli və AMEA-nın İctimai elmlər bölməsinin akademik-katibi N.Axundova Bolqarıstanın nüfuzlu radiolarından olan “Focus” radiosuna müsahibə vermişlər. Müsahiblər dinləyicilərə Azərbaycanda elm sahəsində baş verən yeniliklər, xüsusilə arxeologiya sahəsində əldə edilən nailiyyətlər barədə geniş məlumat vermişlər.

Arxiv üzrə axtarış