2018-07-24

Azərbaycanlı balet ustaları Varnada keçirilən Beynəlxalq Balet Müsabiqəsində iştirak etmişlər

15-30 iyun tarixində Bolqarıstanın ən böyük dəniz kurortu Varna şəhərinin gözəl məkanlarından olan “Yay tearı”nda 28-ci Beynəlxalq Balet Müsabiqəsi təşkil olunur. Müsabiqə YUNESKO-nun himayəsi, Bolqarıstanın Mədəniyyət Nazirliyinin dəstəyi və Varna Bələdiyyəsinin “Mədəniyyət” Fondunun maliyyə dəstəyi ilə təşkil olunur. Müsabiqənin 15 iyun tarixində baş tutmuş təntənəli açılış mərasimində Bolqarıstanın Xalq Məclisinin sədri Tsveta Karayançeva şəxsən iştirak etmişdir. Müsabiqəyə 34 ölkədən 149 iştirakçı qatılmışdır.

Qeyd edək ki, maestro Emil Dimitrov tərəfindən 1964-cü ildə təsis edilən Varna Beynəlxalq Balet Müsabiqəsi dünyada ilk peşəkar beynəlxalq balet müsabiqəsidir. Hər iki ildən bir təşkil olunan müsabiqədə indiyədək 2.500-dən artıq rəqqas iştirak etmişdir.  

Tədbirin açılışında Bolqarıstanın Xalq Məclisinin sədri T.Karayançeva, mədəniyyət nazirinin müavini Rumen Dimitrov, Varna şəhərinin meri İvan Portnix çıxış etmişlər.

T.Karayançeva dünyada bu qisimdə ilk müsabiqə olan balet müsabiqəsinin Bolqarıstan tərəfindən ilk dəfə olaraq kəşf və təşkil edildiyini qeyd etmiş, tədbirin təşkilinə görə Varna Beynəlxalq Balet Müsabiqəsi Fondu, Varna Bələdiyyəsi və müsabiqənin sponsorlarına minnətdarlığını ifadə etmişdir. Bolqarıstanın incisi olan bu müsabiqənin bir sıra parlaq karyeralar üçün başlanğıc olacağına ümidini bildirmişdir.

Şəhərin meri İ.Portnix Beynəlxalq Balet Müsabiqəsinin Varna şəhərinin mənəvi həyatında xüsusi rolundan bəhs edərək bildirmişdir ki, sözügedən tədbir şəhərdə bənzərsiz mühit yaradır. O, sözügedən balet olimpiadasının gənc istedadların kəşfi, habelə balet sənətində müxtəlif tendensiyaların inkişafı üçün əhəmiyyətinin artmasından məmnunluğunu ifadə etmişdir.

Mədəniyyət nazirinin müavini R.Dimitrov müsabiqənin qısa tarixi barədə məlumat verərək onun yalnız Bolqarıstan üçün deyil, dünya üçün əhəmiyyətindən söz açmışdır.

Tədbirdə həmçinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş baletmeysteri, xalq artisti Kamilla Hüseynovanın rəhbərliyi ilə teatrın balet truppasının aparıcı solisti Ayan Eyvazova da iştirak etmişdir. Müsabiqədə A.Eyvazova P.Çaykovskinin “Yatmış gözəl” baletindən variasiyalar ifa edərək ölkəmizi layiqincə təmsil etmişdir.

Qeyd edək ki, dünya şöhrətli Azərbaycanlı xoreoqraf və balet ustası Eldar Əliyev Varna Beynəlxalq Balet Müsabiqəsində münsiflər heyətinin sədr müavinidir.

Arxiv üzrə axtarış