2018-07-04

Burqas şəhərində Azərbaycan mədəniyyəti təqdim olunub

26 iyun 2018-ci il tarixində Bolqarıstanın Burqas şəhərinin gözəl məkanlarından olan sahilyanı bulvarda yerləşən Mədəniyyət Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinin qeyd olunması çərçivəsində “Bakı – qədimlik və müasirliyin harmoniyası” adlı foto-sərgi təşkil olunmuş və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu “Əli və Nino” filmi nümayiş olunmuşdur.

Tədbirdə Burqas şəhərinin merinin müavini Yordanka Ananieva, şəhərin İcma Şurasının sədr müavini Qeorqi Drajev, Burqas vilayətinin qubernatorunun müavini Sevdalina Turmanova, Mədəniyyət Mərkəzinin rəhbəri Ludmila Kutieva, Burqas şəhərinin mədəniyyət, incəsənət və media nümayəndələri, eləcə də şəhər sakinləri iştirak etmişlər.

Tədbirin açılışında Mədəniyyət Mərkəzinin rəhbəri L.Kutieva çıxış edərək Azərbaycan mədəniyyəti gecəsinə məhz rəhbərlik etdiyi qurumun ev sahibliyi etməsindən məmnunluğunu ifadə edərək Səfirliyə təşəkkürünü bildirmişdir.

Burqas şəhərinin merinin müavini Y.Ananieva Burqasda Azərbaycan mədəniyyəti  gecəsinin təşkilini şəhərin mədəni təqvimində mühüm hadisə olduğunu, mədəni körpülərin çox güclü olduğunu və məhz bu amilin iki xalq arasında münasibətlərin daha gücləndirilməsinə imkan yaradacağına əminliyini bildirmişdir.

Burqas şəhərinin İcma Şurasının sədr müavini Qeorqi Drajev Burqas ilə Sumqayıt şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulmasından məmnunluğunu bildirərək bu kimi tədbirlərin şəhərlərimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından vacibliyini qeyd etmişdir.

Gecədə çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri N.Qurbanova cari ilin müsəlman və türk dünyasında ilk demokratik respublika olan AXC-nin 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar olduğunu, AXC-in yaranmasının Azərbaycan tarixində parlaq səhifələrdən biri olduğunu söyləmişdir. Səfir 100 il bundan öncə qadınlara səsvermə hüququ verən AXC-in müsəlman və türk dünyasında qadınlara bərabər siyasi hüquqlar verən ilk dövlət olduğunu və bu göstəriciyə görə bir çox Avropa ölkələrini geridə qoyduğunu əlavə etmişdir. Bu əlamətdar yubileyin qeyd edilməsi ilə bağlı Səfirlik tərəfindən Bolqarıstanın müxtəlif şəhərlərində silsilə tədbirlərin keçirildiyi barədə məlumat vermişdir.

Səfir həmçinin bu gün dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan ordusunun yaradılmasının 100-ci ildönümünün qeyd edildiyini xüsusilə vurğulamışdır. N.Qurbanova əlavə etmişdir ki, həmçinin 120 illik kino, 110 illik opera, 145 illik teatrı olan Azərbaycan zəngin və qədim mədəniyyətə malikdir.

Səfir gecədə nümayiş olunacaq sərgi və filmin şəhər ictimaiyyətində ölkəmizin paytaxtının qədim tarixi və zəngin mədəni irsi barədə hərtərəfli təsəvvür yaradacağına əminliyini bildirmişdir. Sözügedən sərginin Bakının gözəlliklərini əks etdirdiyini vurğulayan səfir çəkilişlərin Bolqarıstanın istedadlı rəssamı və fotoqrafı Tatyana Uzunova tərəfindən aparıldığını söyləmişdir.
Daha sonra “Əli və Nino” filmi barədə məlumat verən N.Qurbanova 120 yaşlı Azərbaycan kinematoqrafiyasının parlaq nümunələrindən olan bu filmdə məhəbbət hekayəsi fonunda Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizədən və AXC-in yaradılmasından bəhs edilyini qeyd etmişdir. Filmin həmçinin Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələri bağlı olduğunu qeyd edərək səfir ölkəmizin tarixən müxtəlif mədəniyyətlərin, dinlərin nümayəndələrinin bir arada sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı məkan olduğunu bildirmişdir.

Tədbir Bolqarıstan mətbuatında geniş işıqlandırılmışdır. Bolqarıstan Teleqraf Agentliyi, Focus Xəbər Agentliyinin internet səhifələrində, müxtəlif xəbər portallarında tədbirlə bağlı məqalələr işıqlandırılmışdır.

Arxiv üzrə axtarış