2018-12-03

Sofiyada keçirilmiş beynəlxalq xeyriyyə bazarında Azərbaycan mətbəxi və məhsulları nümayiş olunub

Azərbaycanın Bolqarıstandakı Səfirliyi Sofiyada Beynəlxalq Qadınlar Klubu tərəfindən təşkil olunmuş növbəti, sayca 24-cü xeyriyyə bazarında (Charity Bazaar) ölkəmizi təmsil etmişdir. Bazarda iştirak edən Səfirlik Azərbaycan Respublikasının Mədəniyyət və İqtisadiyyat  nazirlikləri, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Şəki və Gəncə Şəhər və Göyçay Rayon İcra hakimiyyətləri və AZNAR şirkətinin dəstəyi ilə milli mətbəximizin ləziz nümunələrini, xalqımızın mədəniyyəti, tarixi irsi, milli geyimlərini, ölkəmizin turizm potensialını nümayiş etdirmişdir.

Tədbirdə ziyarətçilərə təqdim olunmuş plov, YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş dolma və lavaş, dovğa, müxtəlif kabab nümunələri, kükü, milli şirniyyatlarımızdan şəkərbura, paxlava, Şəki halvası, Şəki bamiyəsi, sucuq və digər təamlar böyük marağa səbəb olmuşdur. Bazarda həmçinin Azərbaycan istehsalı olan şərablar, müxtəlif növ şirə və kompotlar, narşərab, mürəbbə və müxtəlif konservlər bazar ziyarətçiləri tərəfindən həvəslə alınmışdır.

Azərbaycan stendində həmçinin milli mədəniyyətimizin vacib məqamlarından olan ənənəvi çay dəstgahı təşkil olunmuşdur. Ölkəmizdə çay süfrəsinin hazırlanmasının vacib elementləri barədə iştirakçılara məlumat verilmişdir. İzləyicilər Azərbaycanın çay dəstgahı ilə yaxından tanış olmaq imkanı əldə etmişlər.

Ölkəmizə aid şəkillər məcmuəsi (açıqcalar), suvenirlər, o cümlədən maqnitlər, heykəlciklər, yerli sənətkarlıq nümunələri, Bakı və digər şəhərlərin görkəmli yerlərinin təsvirlərinin əks olunduğu müxtəlif fincan və boşqablar, tikmə nümunələri, habelə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş kəlağayılar tədbiri izləməyə gələn şəhər sakinləri və xarici qonaqlar tərəfindən rəğbətlə qarşılanmışdır.

Səfirlik həmçinin xeyriyyə bazarının əyləncə hissəsində də təmsil olunmuşdur. Belə ki, Azərbaycan diasporasından olan uşaqların ifasında Azərbaycan və bolqar dillərində Rəşid  Behbudovun “Bakı” mahnısı alqışlarla müşayiət olunmuşdur.

Tədbir çərçivəsində səfir Nərgiz Qurbanova Bolqarıstan Milli Televiziyası və Radiosuna müsahibə vermişdir. O, ölkəmizin zəngin mədəni irsi, turizm potensialı barədə məlumat vermişdir. Səfir Azərbaycan xalqının tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr etdiyini diqqətə çatdırmışdır. Ölkəmizin turizm imkanlarından danışan səfir cari ilin yanvar ayında Bakı və Sofiya arasında birbaşa hava əlaqəsinin açılmasının bolqar turistlərinə ölkəmizi daha yaxından kəşf etməyə şərait yaratdığını qeyd etmiş və dost bolqar xalqını multikultural dəyərlərə malik olan ölkəmizin rəngarəngliyi və gözəlliklərindən zövq almaq üçün Azərbaycana dəvət etmişdir.

Ölkəmizin xeyriyyə bazarında iştirakı Bolqarıstan KİV-ləri tərəfindən işıqlandırılmışdır. Bolqarıstan Teleqraf Agentliyinin internet səhifəsində Azərbaycan stendi barədə məqalələr yerləşdirilmiş, Bolqarıstan Milli Televiziyası və Radiosunda səfir Nərgiz Qurbanovanın xeyriyyə bazarı ilə bağlı müsahibələri yer almışdır.

Qeyd edək ki, builki xeyriyyə bazarında 60-dən artıq ölkə təmsil olunmuşdur.

Arxiv üzrə axtarış