2019-06-24

AVTOMOBİL VASİTƏSİLƏ BOLQARISTANA SƏFƏR EDƏCƏK VƏTƏNDAŞLAR ÜÇÜN XƏBƏRDARLIQ

Bolqarıstanın “Quru yolları Qanun”una edilmiş sonuncu dəyişikliklərdə bəzi yol hərəkəti pozuntuları zamanı həm sürücülük vəsiqələrinə cərimələrin tətbiq edilməsi, həm də nəqliyyat vasitələrinin ölkə ərazisindəki hərəkətinin məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Sözügedən qanuna əsasən, sıxlıqla təkrarlanan bəzi yol hərəkəti pozuntularına görə aşağıdakı cəza və cərimələrin tətbiq edilməsi nəzərdə tutulmuşdur:

  • Avtomobilin sürücülük vəsiqəsi olmadan və ya etibarsız sürücü sənədi ilə idarə edildiyi aşkar olunduqda, cərimə ilə yanaşı istifadə olunan nəqliyyat vasitəsinin 6 aydan 1 ilədək sürücülük hüququndan məhrum edilməsi;
  • Qanında 0,5/1000 səviyyənin üzərində spirt müəyyən olunan və ya spirt testinin aparılmasından imtina edən şəxslər üçün cərimənin tətbiq olunması və sürücülük vəsiqəsinin müəyyən müddət üçün müsadirə olunması, həmçinin istifadə olunan nəqliyyat vasitəsinin 6 aydan 1 ilədək sürücülük hüququndan məhrum edilməsi;

Eyni zamanda,  xüsusilə yük daşınması ilə məşğul olan beynəlxalq avtomobil nəqliyyatı (TİR) sürücülərinin Bolqarıstanda tətbiq edilən müvəqqəti məhdudiyyətlərə diqqət yetirmələri çox vacibdir. Belə ki, Bolqarıstanda adətən bayram tətili, yaz fəsli və ya yol təmiri zamanı 12 ton və daha çox çəkiyə malik avtomobillər üçün günün müəyyən saatlarında səyahət qadağaları tətbiq edilir. Müvəqqəti rejim barədə Bolqarıstan Respublikası Regional İnkişaf və İctimai İşlər Nazirliyinin Yol İnfrastruktur Agentliyinin veb saytında (http://www.api.bg/index.php/en) müvafiq məlumat dərc olunur. Bu vasitə ilə yollarda tətbiq olunan “12 tondan ağır vasitələrin girməsi qadağandır” yol nişanları barədə xəbərdarlıq yayımlanır və alternativ marşrutlar barədə məlumat verilərək nəzərə alınması sürücülərdən xahiş olunur.

Təsbit olunanlar halların pozulması ilə bağlı “Quru yolları Qanun”u sürücünün 300 lev  (təxminən 150 avro) məbləğində cərimə olunmasını, sürücülük vəsiqəsinin 1 ay müddətinə müsadirə olunmasını və avtomobilin 1 ay müddətinə sürücülük hüququndan məhrum edilməsini nəzərdə tutur.

Həmçinin, Bolqarıstanda 6 aydan çox qalacaq vətəndaşlarımız sürücülük vəsiqələrini Bolqarıstan sürücülük sənədi ilə əvəz etməlidir. Sözügedən prosesin həyata keçirilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

  1. Ən azı orta məktəb şəhadətnaməsi (Apostil olunmuş);
  2. İş və yaşama icazəsi (daimi və ya müvəqqəti);
  3. Tibbi arayış;
  4. Pasport;
  5. Sürücülük vəsiqəsinin əsli (bolqar dilinə tərcümə olunmaqla).

 

Qeyd: Tamamlamış bütün sənədlər müvafiq yol polisi idarəsinə (KAT) təqdim edildikdən sonra sürücülük vəsiqəsinin alınması təxminən 2 ay müddət tələb edir.

Arxiv üzrə axtarış