2019-05-22

Azərbaycan təbii qazını Bolqarıstana nəql edəcək Yunanıstan-Bolqarıstan qaz interkonnektorun təməlqoyma mərasimi keçirilib

Cari ilin 22 may tarixində Bolqarıstanın Kirkovo kəndi yaxınlığında Azərbaycan təbii qazını  Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan qaz interkonnektorun (İGB) tikintisinə start verilmişdir. Bu münasibətlə təşkil olunmuş və Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov və Yunanıstan Baş naziri Aleksis Tsiprasın da iştirak etdikləri təməlqoyma mərasimində ölkəmiz Azərbaycan Respublikasının Baş Nazirinin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur.  

 

Azərbaycan Respublikası Baş Nazirinin Birinci müavini Yaqub Eyyubov Yunanıstan-Bolqarıstan qaz interkonnektoru layihəsinin təməlqoyma mərasimi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını və ən xoş arzularını tədbir iştirakçılarına çatdıraraq sözügedən layihənin enerji sahəsində həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığın dərinləşməsinə geniş imkanlar açacağını bildirmişdir. “Cənub Qaz Dəhlizi” və Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsilə digər mənbələrdən əlavə “Şah Dəniz 2” yatağından 1 milyard kub metr Azərbaycan qazının Bolqarıstana nəqlinin nəzərdə tutulduğunu qeyd edən Y.Eyyubov Azərbaycanın bu cür layihələri həyata keçirməklə uğurlu və etibarlı bir tərəfdaş  olduğunun və sadiq və xoşniyyətli tərəfdaşlarla iş birliyinə hazır olduğunun təsdiqlədiyini bildirmişdir. O, “Cənub Qaz Dəhlizi”nin Azərbaycan, Bolqarıstan və Yunanıstan da daxil olmaqla, bir sıra ölkələrin ümumi marağını əks etdirən əhəmiyyətli layihə olduğunu bildirmiş, bu dəhlizin Xəzərdə hasil olunan qaz üçün Avropaya ən etibarlı, təhlükəsiz, optimal və səmərəli marşrut olduğunu söyləmişdir. Azərbaycan neftinin bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin etdiyini vurğulayan Y.Eyyubov yaxın gələcəkdə Azərbaycan qazının da eyni funksiyanı daşıyacağına ümidini ifadə etmişdir. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərə də toxunan Y.Eyyubov Yunanıstan-Bolqarıstan interkonnektoru layihəsinin “Cənub Qaz Dəhlizi”nin TAP boru kəməri layihəsinin məntiqi şaxələnməsi olaraq 2020-ci ildə başa çatdırılmasının Azərbaycanla Avropa arasında həm siyasi, həm də iqtisadi münasibətlərdə, eləcə də Avropanın enerji təhlükəsizliyində tarixi rol oynayacağını tədbir iştirakçıların diqqətinə çatdırmışdır.

 

Yunanıstanın Baş naziri Aleksis Tsipras enerji təhlükəsizliyinin və diversifikasiyanın bütün region və Avropa üçün böyük əhəmiyyət daşıdığını qeyd etmişdir. Yunanıstan-Bolqarıstan qaz interkonnektoru, TAP və digər layihələr hesabına həm Yunanıstan və Bolqarıstan, həm də bütün regionun geosiyasi və iqtisadi mövqeyinin gücləndiriləcəyi bildirilmişdir. A.Tsipras Yunanıstan-Bolqarıstan qaz interkonnektoru vasitəsilə nəql olunacaq qaz həcminin 2020-ci ildə istifadəyə verilməsinin nəzərdə tutulduğu və Azərbaycan qazını Avropaya gətirəcək TAP layihəsindən təmin olunacağını söyləmişdir. Yunanıstan-Bolqarıstan interkonnektorunun Bolqarıstan-Serbiya interkonnektoru vasitəsilə Serbiyayadək və Bolqarıstan-Rumıniya interkonnektoru vasitəsilə Rumıniyayadək uzana biləcəyini söyləyən Yunanıstanın Baş naziri beləliklə sözügedən ölkələr üçün tək enerji mənbəsi deyil, həm də enerji marşrutlarının diversifikasiyasının təmin ediləcəyini vurğulamışdır.

Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov tədbirin yüksək səviyyəli iştirakçılarını salamlayaraq reallaşdırılmasına başlanıldığı Yunanıstan-Bolqarıstan qaz interkonnektoru layihəsi vasitəsilə Azərbaycandan 1 milyard kub metr qaz da daxil olmaqla illik 3-5 milyard kub metr qazın nəql olunacağını bildirmişdir. Sözügedən layihə vasitəsilə qaz təchizatının tam real diversifikasiyasının təmin ediləcəyi tədbir iştirakçıların diqqətinə çatdırılmışdır.

Tədbir zamanı Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçin video-müraciəti nümayiş etdirilmişdir. M.Şevçoviç İGB-nin təməlqoyma mərasimi ilə bağlı təbriklərini tədbir iştirakçılarına çatdıraraq layihənin reallaşdırılmasının regionun qaz təchizatı təhlükəsizliyini təkmilləşdirəcəyini və Avropanın enerji bağlılığına töhfə verəcəyini söyləmişdir.

Rəsmi hissədən sonra BR Baş Naziri Boyko Borisov, Yunanıstanın Baş Naziri Aleksis Tsipras və AR Baş Nazirinin Birinci müavini Yaqub Eyyubov İGB-nin tikintisində istifadə olunacaq 12 metr uzunluğunda borulardan biri üzərində imzalarını atmışlar. Tədbirin yüksək səviyyəli iştirakçıları həmçinin layihənin ilk qazıntısını həyata keçirdilər.  

Mərasimdə həmçinin Avropa Komissiyası və Avropa investisiya Bankının rəsmiləri, Bolqarıstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və müxtəlif ölkələrdən 150-dən çox qonaq iştirak etmişdir.

Qeyd olunmalıdır ki, Yunanıstanın Komotini şəhərindən Bolqarıstanın Stara Zagora şəhərinədək uzanacaq Yunanıstan-Bolqarıstan qaz interkonnektoru 182 km  ümumi uzunluğa (kəmərin 151 km Bolqarıstan ərazisindən, 31 km isə Yunanıstan ərazisindən keçir) malik olacaq. Kəmərin qaz nəqli həcminin ilkin mərhələdə illik 3 milyard kubmetr olacağı nəzərdə tutulur, gələcəkdə isə bu həcm illik 5 milyard kubmetrədək artırıla bilər. Interkonnektor vasitəsilə 2020-ci ildən etibarən Azərbaycanın Şah Dəniz yatağından illik 1 milyard kub metr qazın nəqli nəzərdə tutulur ki, bu da Bolqarıstanın təbii qaza olan tələbatının 30% təşkil edəcək.

 

Arxiv üzrə axtarış