2020-02-14

9 fevral 2020-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərlə bağlı Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyinin bolqar KİV-ləri üçün BƏYANATI

9 fevral 2020-ci ildə Azərbaycan Respublikasının (AR)  Milli Məclisinə (MM) növbədənkənar seçkilər keçirilmişdir. Seçkilər Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi və Azərbaycanın beynəlxalq öhdəliklərinə tam uyğun olaraq baş tutmuşdur. Seçki günü ərzində 125 dairə üzrə 5573 məntəqə fəaliyyət göstərmişdir. Seçkilərlə əlaqədar bütün fəaliyyət AR Seçki Məcəlləsinin tələbləri əsas götürülməklə Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən hazırlanıb təsdiq edilmiş Təqvim planına uyğun ardıcıl, sistemli və mütəşəkkil qaydada gerçəkləşdirilmişdir. Seçkilərin azad, demokratik, ədalətli və şəffaf keçirilməsi üçün mühüm mərhələlər olan seçicilər siyahısının dəqiqləşdirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, seçicilər də daxil olmaqla bütün seçki subyektlərinin maarifləndirilməsi, namizədlərin irəli sürülməsi və qeydə alınması, bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat imkanının yaradılması, müşahidəçilər, kütləvi informasiya vasitələri nümayəndələrinin fəaliyyəti üçün sərbəst və maneəsiz şəraitin təmin edilməsi, seçki günü səsvermənin təşkili ilə əlaqədar prosedurlara düzgün əməl olunması və Seçki Məcəlləsində nəzərdə tutulmuş bütün digər vəzifələr xüsusi dəqiqliklə yerinə yetirilmişdir. Bu proses seçkiləri izləyən çoxsaylı beynəlxalq və yerli müşahidəçilərin rəylərində də əksini tapmışdır. Yerli və beynəlxalq müşahidəçilərlə yanaşı, yerli və xarici kütləvi informasiya vasitələrinin və digər aşkarlıq institutlarının sərbəst fəaliyyəti üçün hər cür şərait mövcud olmuşdur.

Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyi Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərlə bağlı aşağıdakıları nəzərə çatdırır:

  • 28 noyabr 2019-cu ildə hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul etmişdir. Həmin qərarın Azərbaycan Respublikası Prezidenti və Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin 2 dekabr 2019-cu ildə keçirilmiş plenar iclasında YAP deputatlarının təşəbbüsü müzakirə olunmuş və qərar qəbul edilmişdir. Deputatlar parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət ünvanlamışdır. Həmin gün Azərbaycan Prezidenti “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilən parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərmişdir. 2019-cu il dekabrın 4-də Konstitusiya Məhkəməsinin Plenumunun iclası keçirilmiş və iclasın yekununda Azərbaycan Respublikası Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olması barədə qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası Prezident tərəfindən 2019-cu ilin 5 dekabr tarixində “Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncam imzalanmışdır. Sərəncama əsasən, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilmişdir. 
  • Seçkilərdə 1314 nəfər namizəd iştirak etmişdir. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisi, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürənlər, 11 nəfəri isə təşəbbüs qruplarının namizədləri olmuşlar. Namizədlərin 21% (299 nəfər) qadınlar, 79% isə kişilər təşkil etmişdir;
  • Seçki günü – fevralın 9-da saat 8:00-da bütün ölkə üzrə səsvermə başlanmış və 19:00-da başa çatmışdır. Bu zaman seçicilər seçki məntəqələrinə gedərək sərbəst şəkildə öz iradələrini ifadə etmişlər. Gün ərzində 5 dəfə - saat 10.00, 12.00, 15.00, 17.00, 19.00-da seçicilərin fəallığı barədə məlumatlar MSK tərəfindən ictimaiyyətə təqdim olunmuşdur. 
  • Səsvermə hüququna malik 5 212 902 nəfər seçicidən 2 547 982 nəfəri və ya 81% seçici öz hüququndan istifadə etmişdir;
  • 883  beynəlxalq müşahidəçi (Bolqarıstan Respublikası da daxil olmaqla), habelə çoxsaylı siyasi partiyaları, qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını, qeydə alınmış namizədləri təmsil edən və fərdi qaydada seçkilərin müşahidəsinə qoşulan 77 790 yerli müşahidəçi akkreditasiyadan keçmişdir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil etmişdir. Seçki bolqarıstanlı müşahidəçilər, o cümlədən müxtəlif siyasi partiyaları təmsil edən Bolqarıstan Respublikası 44-cü Xalq Məclisinin üzvləri tərəfindən izlənilmişdir. Yerli müşahidəçilərdən 35 152 nəfəri siyasi partiyaların təmsilçiləri olmuşdur;
  • "Exit-poll” keçirmək məqsədilə MSK-ya müraciət edən 3 təşkilatın hamısı qeydə alınmışdır;
  • Şəffaflığın təmin olunması üçün əlavə vasitə kimi, bütün ölkə coğrafiyasını əhatə etməklə 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılmışdır. Bu, dünyanın istənilən yerində olan internet istifadəçilərinə müşahidəçi statusuna yiyələnmədən və hətta Azərbaycana gəlmədən, MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan hər kəs üçün açıq platformada seçki günü birbaşa onlayn rejimdə səsvermə, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsi proseslərini əvvəldən axıradək fasiləsiz izləməyə, geniş və hərtərəfli müşahidə etməyə imkan vermişdir;
  • Seçkilərin nəticələri ilə bağlı 125 seçki dairəsi üzrə bütün seçki məntəqələrindən protokollar MSK-ya daxil olmuş və bu barədə qurumun rəsmi saytında məlumat yerləşdirilmişdir;
  • Ermənistanın hərbi təcavüzü nəticəsində ölkə ərazisindəki 125 seçki dairəsindən 7-nin ərazisi tamamilə, 3 seçki dairəsi ərazisinin isə bir hissəsi işğal altındadır. Bununla yanaşı digər 4 seçki dairəsi ərazisində də məcburi köçkün məntəqələri mövcud olmuşdur. Doğma torpaqlarından zorla didərgin salınmış məcburi köçkün vətəndaşlarımızın seçkilərdə öz konstitusiya hüquqlarından istifadə edə bilmələri üçün 523 seçki məntəqəsi yaradılmış və respublika ərazisində fəaliyyət göstərən digər seçki məntəqələri kimi bu məntəqələr də seçki gününə tam hazır vəziyyətə gətirilmişdir. Bu, həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının 29 yanvar 2020-ci il tarixli aralıq hesabatında əks olunmuşdur. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması Xankəndi və Şuşa seçki dairələri üzrə rəqabətli seçkilərdə iştirak etmiş və beləliklə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin seçilmiş nümayəndələrini təşkil etmişlər;
  • İndiyədək ölkəmizdə keçirilmiş seçki və referendumlarda Ermənistanın təcavüzü nəticəsində öz doğma yurdlarından didərgin salınan Azərbaycan vətəndaşlarının seçki hüquqlarının təmin olunmuş və milli mənsubiyyətinə görə vətəndaşlar arasında heç bir fərq qoyulmamışdır. Bu xüsusda, AR Mərkəzi Seçki Komissiyası bəyan etmişdir ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni əsilli Azərbaycan vətəndaşları da digər vətəndaşlarımız kimi bu seçkilərdə öz səsvermə hüquqlarından azad və sərbəst şəkildə istifadə edə bilər;
  • Namizədlərin sənədlərinin yoxlanılması prosesi bütün maraqlı şəxslər üçün şəffaf şəkildə aparılaraq ictimaiyyətə tam açıq olmuşdur. Belə ki, namizədlərin səlahiyyətli nümayəndələri, beynəlxalq müşahidə missiyalarının təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri istənilən an proseslə tanışlıq imkanına malik olmuşlar. Seçkilərin təşkili beynəlxalq müşahidə missiyalarının təmsilçiləri tərəfindən yüksək qiymətləndirilmişdir;
  • MSK-nın internet səhifəsində (msk.gov.az, www.cec.gov.az, www.infocenter.gov.az, secki-2020.az) seçkilərlə bağlı bütün məlumatlar yerləşdirilmiş və seçki prosesi boyunca istifadəçilər internet səhifəsinə daxil olaraq arzu etdikləri müxtəlif məlumatları əldə etmək imkanı olmuşdur.

 

Arxiv üzrə axtarış