2020-06-16

Bolqarıstan vasitəsilə Avropadan Azərbaycana geri dönəcək vətəndaşların nəzərinə!

Bolqarıstan Respublikası Hökumətinin qərarına əsasən ölkədə fövqəladə epidemioloji vəziyyət 15 iyul 2020-ci ilədək uzadılmışdır. Qərara əsasən üçüncü ölkə vətəndaşlarının, o cümlədən Azərbaycan vətəndaşlarının Bolqarıstan ərazisinə girişinə qoyulmuş müvəqqəti qadağa 30 iyun 2020-ci ilədək qüvvədə qalır. İstisna hal olaraq Bolqarıstanda rezidentliyi olan və ya Avropa İttifaqına üzv ölkələrdə uzun müddət yaşamaq hüququ olan üçüncü ölkə vətəndaşları (Azərbaycan da daxil olmaqla) Bolqarıstan ərazisinə daxil ola bilər. Yəni, Azərbaycan vətəndaşlarının Şengen vizasına malik olması müvəqqəti qadağa dövründə onların Bolqarıstan ərazisinə daxil olmalarını təmin etmir. Bolqarıstanın səlahiyyətli qurumları isə belə hallarla bağlı birmənalı olaraq üçüncü ölkə vətəndaşlarının ölkə ərazisində daxil olmalarına (tranzit səfərlər də daxil olmaqla) icazə vermir.

Mövzu xüsusunda xatırladırıq ki, Azərbaycan vətəndaşları Şengen bölgəsini (Macarıstandan Serbiyaya) heç bir problem olmadan tərk edə bilər, lakin onlar birdəfəlik Şengen vizasına malik olduqda geri qayıda bilməz. Eyni zamanda, Bolqarıstan Respublikası Hökumətinin sonuncu qərarına əsasən həmin şəxslər Bolqarıstan ərazisinə də daxil ola bilməz (yuxarıda qeyd olunan istisnalardan başqa). Nəticədə onlar gəldikləri digər Aİ üzv dövlətinə də geri qayıda bilməyərək sərhədlər açılanadək Serbiya ərazisində gözləməli olacaqlar.

Azərbaycan vətəndaşlarından səfərlərini planlaşdırarkən qeyd olunanları nəzərə almaları xahiş olunur!

Arxiv üzrə axtarış