2021-02-25

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar videokonfrans keçirilib

Azərbaycanın Bolqarıstandakı səfirliyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə videokonfrans keçirilib.

Konfransda Bolqarıstandakı Azərbaycan icmasının nümayəndələri, Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində “Azərbaycan multikulturalizmi” və “Azərbaycan dili” üzrə təhsil alan bolqar tələbələr, Bakı Slavyan Universitetində fəaliyyət göstərən Bolqar Dili və Mədəniyyəti Mərkəzinin nümayəndələri, eləcə də universitetin bolqar dili üzrə təhsil alan tələbələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska konfrans iştirakçılarına Xocalı faciəsi barədə bolqar və Azərbaycan dillərində məlumat verərək, bu qanlı faciənin Azərbaycan tarixində yerindən bəhs edib.

Azərbaycanın Bolqarıstandakı səfirliyinin müvəqqəti işlər vəkili Vüsalə Sadıqova Ermənistanın Azərbaycana qarşı onilliklər ərzində davam edən hərbi təcavüzü zamanı mülki əhaliyə qarşı törədilmiş ən ağır cinayətlərdən birinin və Birinci Qarabağ müharibəsinin gedişatının ən faciəvi səhifəsinin Xocalı şəhərinin işğalı ilə əlaqədar olduğu bildirib. Xocalıda 613 nəfərin, o cümlədən 63 uşaq, 106 qadın və 70 qocanın vəhşicəsinə qətlə yetirilməsi ilə nəticələnən soyqırımının insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları, eləcə də bir sıra digər beynəlxalq konvensiyaların ciddi şəkildə pozulması olduğunu deyib.

Diplomat bildirib ki, hazırda 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 23-dən çox ştatı, İslam Əməkdaşlıq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xocalıda dinc əhalinin soyqırımını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən qətnamə və qərarlar qəbul ediblər.

V.Sadıqova Azərbaycanın dinc əhalisinin məqsədyönlü şəkildə hədəfə alınması və onlara qarşı insanlıq əleyhinə cinayətlərin törədilməsinin Ermənistan tərəfindən İkinci Qarabağ müharibəsi dövründə də davam etdirildiyini vurğulayıb. Eyni zamanda, bildirib ki, Xocalı soyqırımını törətmiş cinayətkarların ədalət mühakiməsi qarşısında cəzalandırılması həm regionda davamlı sülhün təmin olunması, həm də bu kimi cinayətlərin bir daha təkrarlanmaması baxımından vacibdir.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Bolqarıstan parlamentlərarası dostluq qrupunun rəhbəri Rauf Əliyev çıxış edərək Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il fevralında Xocalı şəhərinin işğalı zamanı şəhərin darmadağın edilərək dinc əhaliyə qarşı törədilən misli görülməmiş vəhşiliklərdən bəhs edib. Bildirib ki, Ermənistan tərəfindən törədilən vəhşiliklər İkinci Qarabağ müharibəsində də davam edib. Ermənistan silahlı qüvvələrinin Gəncə, Bərdə, Tərtər şəhərlərinin dinc əhalisinə qarşı həyata keçirdiyi raket hücumları nəticəsində onlarla insanın həlak olub. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun düşmənə layiqli cavab verərək torpaqlarımızın 30 il davam edən işğalına son qoyduğunu diqqətə çatdıran deputat 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərimizin ermənilər tərəfindən yerlə-yeksan olunduğunu, mədəni, tarixi və dini irsimizin məhv edilməsini xüsusi vurğulayıb.

Azərbaycan-Bolqarıstan əlaqələrinə diqqət çəkən R.Əliyev ölkələrimiz arasında uğurla davam edən əməkdaşlıqdan da danışıb.

Daha sonra çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin Avropa ölkələri üzrə şöbəsinin müdir müavini Cahid Quliyev müxtəlif ölkələrdə Azərbaycan tarixinin qanlı səhifələrindən olan Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar silsilə anım tədbirlərinin təşkil olunduğunu bildirib. O, dinc azərbaycanlılara qarşı törədilən bu amansızlıqların dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin bu məsələdə xarici ölkələrdə diaspor nümayəndələrimizə hər zaman dəstək göstərməyə hazır olduğunu deyib.

Arxiv üzrə axtarış