2021-09-02

No:313/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan xarici işlər nazirinin “RİA” agentliyinə müsahibəsinə dair şərhi

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Rusiyanın RİA xəbər agentliyinə müsahibəsində rəsmi İrəvanın bu günədək sərgilədiyi ənənəvi beynəlxalq hüquqa zidd və Azərbaycana qarşı ərazi iddialarını əks etdirən mövqeyini təkrar edib. Erməni xarici işlər naziri Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsindəki ərazilərində aqressiv separatçılığı qızışdırmaqla, bəhs etdiyi “sülh və təhlükəsizlik strategiyasının” saxtakarlıqdan başqa bir şey olmadığını və bu ölkənin hələ də təcavüz siyasətindən əl çəkmədiyini açıq şəkildə göstərir.

Ermənistanın yeni xarici işlər nazirinin diqqətinə çardırırıq ki, Azərbaycan ərazi bütövlüyünü beynəlxalq hüququn tələblərinə uyğun olaraq təmin edib və hazırda tərəflərin imzaladığı bəyanatların icrasının zamanıdır. Bu reallığı dərk etmək Ermənistan tərəfinin maraqlarındadır, çünki ölkə nəhayət yalan və xülyalara son verərək, gələcək inkişaf və tərəqqiyə köklənə bilər.

Ölkəmiz dəfələrlə beynəlxalq hüquq prinsipləri əsasında münasibətləri normallaşdırmaq tərəfdarı olduğunu bəyan edib. Ermənistan tərəfinin revanşist bəyanat və davranışları isə bu ölkənin hələ də beynəlxalq hüquq prinsiplərinə əsaslanan qonşuluq siyasətinə hazır olmadığını nümayiş etdirir.

Arxiv üzrə axtarış