2022-02-01

No:030/22, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov və Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri arasında telefon danışığı ilə bağlı məlumatı

1 fevral 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Kris Hiton-Harris ilə telefon danışığı baş tutub.

 

Telefon danışığı zamanı tərəflər Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında çoxtərəfli əməkdaşlıq münasibətlərinin uğurlu inkişafı ətrafında fikir mübadiləsi aparıblar.

 

Regional təhlükəsizlik məsələləri, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər tərəflərin müzakirə mövzusunu təşkil edib.

 

Cari ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağına istinad edən Nazirlər, bu münasibətlə birgə tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd ediblər. Tərəflər, həmçinin bu xüsusda qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

 

Telefon danışığı zamanı, Azərbaycanın ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna sədrliyi və sədrlik prioritetlərinin həyata keçirilməsi, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Arxiv üzrə axtarış