2023-07-19

No:397/23, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Medianın İnkişafı Agentliyi və Mətbuat Şurasının birgə bəyanatı

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Medianın İnkişafı Agentliyi və Mətbuat Şurasının

 

22 iyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə

 

Azərbaycan Respublikasının ərazilərinə qanunsuz səfər etmiş xarici vətəndaşların siyahısından bəzi şəxslərin adlarının çıxarılması barədə birgə bəyanatı

 

Bu il, Azərbaycan Respublikasında milli mətbuatın yaranmasının 148 illiyi qeyd olunur.

 

Milli mətbuatımızın ilk nümunəsi kimi 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist Həsən bəy Zərdabi tərəfindən azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzetindən əsasını götürən müasir Azərbaycan mətbuatı ölkəmizin bütün sahələrdə əldə etdiyi nailliyyətlərə uyğun şəkildə öz inkişaf dövrünü yaşayır.

 

Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda ölkə Konstitusiyası və “Media Qanunu” çərçivəsində ifadə və mətbuat azadlığı, jurnalistlərin informasiya toplamaq hüququ təmin olunur, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir. Azərbaycanda informasiya məkanında plüralizm prinsipi əsas götürülərək, yerli və xarici media subyektlərinin təmsilçilərinin fəaliyyətinə hər cür şərait yaradılır.

 

Jurnalistlərin tərəfsizlik və obyektivlik prinsipləri əsas götürülməklə fəaliyyətlərinin dəstəklənməsi ölkəmizin əsas prioritetlərindəndir. Medianın bu missiyanı qanunvericiliyə zidd olmayan üsullarla həyata keçirməsi olduqca vacib amillərdəndir.

 

Milli jurnalistikanın ölkəmizin xarici siyasət maraqlarına aid olan məsələlər, xüsusilə Azərbaycan-Ermənistan sülh prosesi kimi istiqamətlərdə ölkəmizin həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılmasında, region və onun hüdudlarından kənarda informasiya məkanının formaşdırılmasında, xarici mənfi ideoloji təsirlərin fonunda milli informasiya təhlükəsizliyinin təmin olunmasında danılmaz rolu vardır.

 

Bu məqsədlə, xarici jurnalistlərin Azərbaycana səfərlərinin təşkili əsas fəaliyyət sahələrindəndir. Həm Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərinin işğalı dövründə, həm də Vətən müharibəsindən sonra regiona yüzlərlə jurnalist səfər ediblər. Bununla yanaşı, bir sıra əcnəbi jurnalistlərin Azərbaycan hökumətinin icazəsi olmadan keçmiş işğal altında olan ərazilərimizə səfərlər həyata keçirdiyi, bir çox hallarda, belə səfərlərin həmin şəxslərin məlumatsızlığı nəticəsində baş verdiyi bəllidir.

 

Məlum olduğu kimi, beynəlxalq təcrübəyə uyğun olaraq, Azərbaycanın milli və beynəlxalq qanunvericiliyinin kobud şəkildə pozulması ilə nəticələnən hər hansı bir səfərdə iştirak edən şəxs Azərbaycanda arzuolunmaz şəxs kimi müvafiq olaraq Azərbaycan Respublikasının ərazilərinə qanunsuz səfər etmiş xarici vətəndaşların siyahısına daxil edilir. Bununla yanaşı, hər il onlarla şəxs bu siyahıdan adlarının çıxarılması məqsədilə Azərbaycan hökumətinə rəsmi üzrxahlıq məktubları ünvanlayır və müraciətlər məqsədəuyğun hesab ediləcəyi təqdirdə, onların adları siyahıdan çıxarılır. 

 

Bu il, məhz “Heydər Əliyev” ili çərçivəsində və Azərbaycan Respublikasında milli mətbuatın yaranmasının 148 illiyində Azərbaycan tərəfi keçmiş işğal olunmuş ərazilərə qanunsuz səfər etmiş 58 nəfər xarici media nümayəndələrinin adlarının bu siyahıdan çıxarılmasına dair qərar qəbul edib. Beləliklə, adları dərc olunan şəxslərin Azərbaycan Respublikası ərazisinə daxil olmasına qoyulan qadağa aradan qaldırılıb.

 

Milli Mətbuat və Jurnalistika Günü ilə əlaqədar bu sahədə çalışan bütün media nümayəndələrini səmimi qəlbdən təbrik edir və bu şərəfli işlərində onlara yeni-yeni uğurlar arzulayırıq!

 

Azərbaycan Respublikasının ərazilərinə qanunsuz səfər etmiş xarici vətəndaşların siyahısından adları çıxarılmış bəzi media nümayəndələri haqqında məlumatı buradan əldə etmək mümkündür.

Arxiv üzrə axtarış